İlk Azərbaycan-Macarıstan birgə poçt markası təqdim edildi
Azərbaycanın Macarıstan Səfirliyində ilk Azərbaycan-Macarıstan birgə poçt markasının təqdimat mərasimi keçirilmişdir. Macar dizaynerləri tərəfindən hazırlanan, Macarıstan Poçtu və Azərmarkanın birgə istehsalı olan markada iki xalqın qədim incəsənətindəki oxşar motiv və ornamentlər öz əksini tapmışdır. Təqdimat mərasimində səfirimiz Vilayət Quliyev və Macar Poçtunun idarə rəisi Gabor Peteffi çıxış etmişlər. Birgə marka Azərbaycan və macar xalqlarının mədəni və mənəvi birliyini əks etdirən rəmzi addım kimi dəyərləndirilmişdir. Macarıstandakı Azərbaycan səfirliyinin təşəbbüsü ilə hazırlanan, hər iki ölkədə eyni vaxtda böyük tirajla istehsala buraxılan markanın təkcə iki ölkədə deyil, bütün Avropa miqyasında filatelistlərin böyük marağına səbəb olacağı vurğulanmışdır. Daha sonra səfir Vilayət Quliyev və Macar Poçtunun rəsmisi Gabor Peteffi üzərinə birgə Azərbaycan-macar markası yapışdırılmış ilk poçt zərflərinə ştempel vurmuşlar. Təqdimat mərasimində Azərbaycan səfirliyinin və Macar Poçtunun əməkdaşları, filatelistlər, mətbuat nümayəndələri, macar ictimaiyyətinin və Azərbaycan diasporunun təmsilçiləri, Azərbaycan Rabitə və İnformasiya Nazirliyinin Budapeştdə ezamiyyətdə olan əməkdaşları iştirak etmişlər. Birgə markanın böyüdülmüş və çərçivəyə salınmış ilk nüsxələri Azərbaycan-Macarıstan parlamentlərarası dostluq qrupunun azərbaycanlı və macar üzvlərinə təqdim olunmuşdur.