Ilhamə Quliyeva Nazpəri Dostəliyevadan 700 min istəyir
71 yaşına adlamış İlhamə Quliyeva çəkişmə içində olduğu Nazpəri Dostəliyevaya qarşı iddiası əsasında Nəsimi rayon Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti verib. İlhamə Quliyevanın vəkili Şəfiqə Nağıyevanın APA-ya dediyinə görə, Quliyevanın şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsində məhkəmə prosesi oktyabrın 4-ə təyin edilib. Vəkil bildirib ki, Quliyeva Nəsimi rayon Məhkəməsinin Dostəliyevanın 50 min manat cərimə olunması barədə qərarı ilə razılaşmayaraq qarşı tərəfin maddi zərərə görə 200 min, mənəvi zərərə görə isə 500 min manat ödəməsini istəyir.
Nazpəri Dostəliyevanın vəkili Yunus Vəliyev isə Quliyevanın Apellyasiya Məhkəməsinə şikayət etməsi haqqında məlumatlarının olmadığını deyib: “Mən sabah məhkəməyə təqdim olunmuş sənədlərlə tanış olub, məlumat verə bilərəm. Nazpəri xanım Nəsimi rayon Məhkəməsinin çıxardığı qərarla razılaşmayıb Apellyasiya Məhkəməsinə müraciət edib”.
Nəsimi rayon Məhkəməsi İlhamə Quliyevanın «şərəf və ləyaqətə, işgüzar nüfuza zərər vurulması» iddiası üzrə Nazpəri Dostəliyevanın 50 min manat cərimə olunması barədə qərar çıxarıb.

