Muəllif:

Ermənistanın «süründürməçilik taktikasının» perspektivi yoxdur

Aprelin 12-də Bakıda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) məzunlarının I Ümumdünya Forumunda prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak etmişlər. Prezident Əliyev forumun açılış mərasimində nitq söyləmiş və nitqində siyasi məsələlərə də toxunmuşdur.

«Bu auditoriyada Azərbaycanın xarici siyasət təşəbbüsləri ilə əlaqədar bəzi məsələlərə toxunmamaq, yəqin ki, düzgün olmazdı. Biz çox fəal xarici siyasət yeridirik, bu siyasət artıq çoxdan bizim regionun çərçivələrindən kənara çıxmışdır. Tərəfdaşlarımız bizim regional miqyasda irəli sürdüyümüz təşəbbüsləri, əsasən, dəstəkləyirlər. Bu təşəbbüslər ilk növbədə, iqtisadi inkişaf məsələləri, inteqrasiya prosesləri, energetika ilə bağlıdır. Biz həm də qlobal beynəlxalq problemlərlə əlaqədar çox fəal müstəqil xarici siyasət kursu həyata keçiririk.
Azərbaycanın Qoşulmama Hərəkatına daxil olması, zənnimcə, son dövrün mühüm hadisələrindən biridir. Hesab edirəm ki, bu əlamətdar hadisə Azərbaycanın xarici siyasət səylərinin müasir vektorunu əks etdirir və zənnimcə, qlobal miqyasda çox aktiv xarici siyasi fəaliyyətin daha bir elementidir. Qoşulmama Hərəkatının bizim iştirak etdiyimiz birinci sammitində bu hərəkatın üzvləri tərəfindən bizə, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi ilə bağlı göstərilən dəstək seçimimizin düzgün olmasını bir daha sübut edir», deyə İlham Əliyev söyləyib.
Prezident vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi bölgənin və Azərbaycanın təhlükəsizliyinə əsas təhdiddir.
«Bu münaqişənin nizamlanmaması regiondakı bütün ölkələrə mənfi təsir göstərir. Beynəlxalq miqyasda qəbul edilmiş hüquq normaları var, həmin normalar bu münaqişənin nizamlanması yollarını diktə edir: Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, işğal altında olan bütün ərazilər — Dağlıq Qarabağ və onun ətrafındakı ərazilər beynəlxalq hüquqa görə həmin ərazilərin sahibinə qaytarılmalıdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya birliyi tərəfindən tanınmışdır və qeyd-şərtsiz bərpa edilməlidir.
Biz danışıqlar prosesinə əlavə impuls verməyə çalışırıq. Təəssüf ki, qarşı tərəf süründürməçilik taktikası yeridir, bu, perspektivsizdir. Bu gün Azərbaycanla rəqabət aparmaq və ya düşmənçilik etmək artıq əvvəllər olduğundan daha çətindir, gələcəkdə isə bu, sadəcə mümkün olmayacaqdır. Buna görə də münaqişənin beynəlxalq hüquq prinsipləri, Helsinki Yekun Aktı, beynəlxalq təşkilatların qərarları və qətnamələri əsasında tezliklə tənzimlənməsi bütün əlaqədar tərəflərin mənafeyinə uyğundur. Belə sənədlər arasında, əlbəttə, ilk növbədə, erməni işğalçı qüvvələrinin bizim ərazidən dərhal və danışıqsız çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini qeyd etmək istərdim. 20 il bundan əvvəl qəbul edilmiş bu qətnamələr, təəssüf ki, yerinə yetirilmir və burada biz ikili standartların daha bir təzahürü, daha bir elementi ilə üzləşirik. Biz hamımız, necə deyərlər, keçmiş və indiki beynəlxalq hüquq mütəxəssisləri kimi dünyada nələr baş verdiyini çox gözəl bilirik. Onu da gözəl bilirik ki, bəzi hallarda Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saat ərzində icra olunur. Bizimlə bağlı halda isə artıq 20 ildir ki, bu qətnamələr kağız üzərində qalır. Bu, Təhlükəsizlik Şurasının və bütövlükdə BMT-nin nüfuzunu artırmır. Hesab edirəm ki, münaqişənin tezliklə tənzimlənməsi bu gərəksiz ikimənalılığı və təəssüf ki, müasir beynəlxalq fəaliyyətdə hələ yetərincə çox olan ikili standartlar elementlərini də aradan qaldırar.

MDBMİ Məzunlarının Azərbaycan Assosiasiyasının bu forumun Bakıda keçirilməsi təşəbbüsü dünyanın hər yerində bu institutun məzunları arasında böyük maraq doğurmuşdur. «Birlikdə gələcəyə doğru» devizi altında təşkil olunmuş forumda Rusiya, Ukrayna, Macarıstan, Çexiya, Bolqarıstan, Moldova, Polşa, Slovakiya, Kuba, Koreya Respublikası, İsrail, Qazaxıstan, Qırğızıstan, Çin, Vyetnam və s. ölkələrdən rəsmi şəxslər, nüfuzlu beynəlxalq təşkilatların, maliyyə və biznes nümayəndələri iştirak etmişlər. Ümumiyyətlə, forum 500-dən çox nümayəndəni, həmçinin Azərbaycanda, eləcə də xaricdə yaşayıb çalışan azərbaycanlı məzunları bir araya toplamışdır.

İlham Əliyev o illəri xatırlayaraq deyib:

«Mənim həyatımın 15 ili Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu ilə bağlıdır. Orada oxumuşam, sonra aspiranturaya daxil olmuşam, işləmişəm. Bu, unudulmaz illərdir. Yəqin ki, hər kəs üçün ən yaxşı illər gənclik, formalaşma illəridir. Mübaliğəsiz, tam səmimi deyə bilərəm ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda qazandığım bilik və təcrübə bu gün mənə işimdə kömək edir».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 126