İlham Əliyev: Bu rüb pensiyalar, əmək haqları artacaq
Bu ilin ilk altı ayı çox müsbət keçib, göstəricilər çox müsbətdir. Bu altı ayda Azərbaycan dinamik inkişaf edib, qarşıda duran bütün vəzifələr icra olunub. Bu göstəricilər deməyə əsas verir ki, bu müsbət dinamika ilin sonuna qədər qorunacaqdır. Ən əsas iqtisadi göstəricilərimiz yüksək səviyyədədir. İyulun 18-də Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş nitqində daha başqa mövzulara toxunub.
Prezident hesab edir ki, Azərbaycanda iqtisadi artım bu il də dünya miqyasında nümunə ola bilər.
İlham Əliyev bildirib ki, hər bir ölkə üçün xarici investisiyalar önəmli rol oynayır: «Baxmayaraq ki, özümüzün də indi kifayət qədər böyük maddi imkanlarımız var, yenə də xarici investorların Azərbaycana olan inamı və xarici investisiyaların qoyuluşu ölkənin ümumi inkişafını əks etdirir. Əlbəttə ki, beynəlxalq maliyyə qurumlarına da ciddi siqnal göndərir ki, Azərbaycanda iqtisadi sahədə çox müsbət vəziyyət yaranmışdır. Eyni zamanda, son illər ərzində daxili investisiyalar xarici investisiyaları üstələyir. Bu da bizim məqsədimiz idi. Bir neçə il bundan əvvəl qarşıya bu məqsəd qoyulmuşdu və biz buna çatmışıq.
Düzdür, daxili investisiyalar daha çox dövlət xərcləri hesabına formalaşır. Ancaq özəl sektor da tədricən öz investisiya imkanlarını artırır. Şübhə etmirəm ki, vaxt gələcək Azərbaycan iqtisadiyyatına yatırılan daxili investisiyaların böyük hissəsi özəl qurumlar tərəfindən qoyulacaqdır”.
Dövlət başçısı hesab edir ki, 12,6 milyard dollar səviyyəsində qoyulan sərmayə çox gözəl göstəricidir: «Əgər biz bu tempi saxlaya bilsək, ilin sonuna qədər sərmayələrin səviyyəsi təqribən 25 milyard dollara çatacaqdır. İlin əvvəlində mən qarşıya vəzifə qoymuşdum ki, bu il Azərbaycana qoyulacaq sərmayə keçən ildən az olmamalıdır. Keçən il 20 milyard dollardan çox vəsait qoyulmuşdur. Ancaq biz artıq görürük ki, keçən ildən daha da çox sərmayə qoyulacaqdır”.
Prezident çıxışında xatırladıb ki, valyuta ehtiyatlarımız 48 milyard dollardan çoxdu və bini çox gözəl göstərici adlandırıb.
Azərbaycanda manatın məzənnəsinin sabit olduğunu deyən dövlət başçısı bildirib ki, bunun ilk növbədə, çox böyük sosial mənası vardır: «Çünki insanların əmanətləri dövlət tərəfindən qorunur. Bu məsələyə gəldikdə deyə bilərəm ki, bu altı ayda əhalinin pul gəlirləri 7 faizdən çox artmışdır. İnflyasiya isə cəmi 2 faiz olmuşdur. Bu da hesab edirəm ki, çox gözəl göstəricidir».
Sosial məsələlərə gəldikdə, İlham Əliyev bildirib ki, bu altı ayda maaşlar artıb: «Bu gün Azərbaycanda orta əməkhaqqı 520 dollar səviyyəsindədir. Orta pensiya 200 dollar səviyyəsindədir. Gələn illərdə bu rəqəmlər artacaqdır. Bu rübdə vətəndaşların pensiyaları da, əməkhaqları da artırılacaqdır.
Prezident bildirib ki, regional inkişaf üzrə ikinci dövlət proqramı bu il başa çatır: «Bu proqram artıqlaması ilə yerinə yetirilibdir. Eyni zamanda, «Bakının və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı» Dövlət Proqramı icra edilir. Bu proqram nəticəsində Bakıətrafı qəsəbələrdə çox böyük işlər görülür, işlər davam etdirilir. Proqram bu ilin sonuna qədər başa çatmalıdır.
İlham Əliyev bildirib ki, növbəti aylarda biz regionlarda kənd yollarının tikintisinə daha da böyük diqqət göstəriləcək, çünki yol olmasa heç bir inkişafdan, ölkəmizin çoxşaxəli inkişafından, turizmin inkişafından söhbət gedə bilməz.
Dövlət başçısı vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu nəzərdə tutulmuş vaxtda istismara veriləcəkdir. Bu layihənin iqtisadi baxımdan çox böyük əhəmiyyəti vardır. Azərbaycan bundan sonra artıq tranzit ölkəyə çevriləcəkdir. Biz öz tranzit imkanlarımızı onsuz da artırırıq. Bu gün artıq bizim tranzit imkanlarımız daha da genişdir. Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi nəticəsində bu imkanlar daha da genişlənəcəkdir. Bizim coğrafi vəziyyətimiz çox əlverişlidir. Ancaq müasir infrastruktur olmadan bu coğrafi vəziyyət o qədər də böyük əhəmiyyətə malik olmur.
Prezident çıxışında daha sonra deyib: «Sosial məsələlərin həllinə gəldikdə, bu barədə mən giriş sözümdə qeyd etdim. Gələn aylarda maaşların, pensiyaların artırılması nəzərdə tutulur. Digər sosial tədbirlər görüləcəkdir. Bakıda və bölgələrdə sosial infrastrukturun tikintisi davam etdirilir. Hesab edirəm ki, bu sahədə nailiyyətlər böyükdür.