İLAHİ EKSPERİMENT
Arzusuz, ümidsiz, gələcəyi düşünmədən yaşamaq həm yorucudur, həm darıxdırıcı. Həyata həddən artıq ciddi: istehsasız, bəzən sarkazmsız, daha yaxşısı isə özünəistehsasız yanaşmaq da olmaz, çünki başqalarının, hətta padşahın və prezidentin çatışmazlıqları — elə sənin öz əyər-əksiklərindir.
Məndə belə bir təsəvvür var ki, Uca Tanrı bizim Avrasiya bölgəsini özünə sınaq yeri seçib: eksperiment aparır, istəyir, bilsin, seçim hüququ və imkanı verdiyi adamlar Onun insan haqqında təsəvvürlərinə nə dərəcədə uyğun gəlirlər. Hətta onu da yoxlayır ki, görsün, etnos öz dövlətini yaratmağa hazırdırmı? Hələ ki cavablar qanqaraldıcıdır.
Ətrafda baş verənlərdə hamının günahı var. İlk növbədə o zamankı ağıldan naqis Mərkəzin. Nə o vaxt, SSRİ dönəmində, nə indi, Rusiya şəraitində, bu Mərkəzin düşünülmüş, ölçülüb-biçilmiş, sivil, insani, ədalətli, sözün qısası, normal daxili və xarici siyasəti olmayıb və yoxdur. O cümlədən milli siyasəti. Buna görə də bütün Avrasiya məkanında dağılma və çökmə prosesləri davam etməkdədir.
Paradoks ondadır ki, sovet rəhbərləri, əsrlərlə qurulan bir dövləti qanmazlıqları üzündən üç günün içində dağıtmaq bir yana, təkəbbürlü avantüristlərin hiylələrinə də uydular, «torpaqların girov saxlanılması» kimi tarixdə görünməmiş eybəcər nümunə yaratmış Qarabağ münaqişəsinə bənzər münaqişələr törətdilər!
Azərbaycana gəlincə, içimdəki sevinc, fərəh hissim təəcübümə qarışır: mənə bəzən elə gəlir ki, bizim dövlətimizin qorunması üçün beynəlxalq ictimaiyyət özümüzdən daha çox narahatlıq keçirir.
Ən asanı odur ki, başqalarının mənəvi düşgünlüyə yuvarlandığını düşünəsən, biz isə, guya, təmizik və hamını ittiham edə bilərik. Bir dəfə demişəm ki, hər kəs onu kəsib-doğrayanları yaxşı xatırlayır, özünün kəsib-doğradıqlarını isə çoxları unudur. Mənəvi təmizliyə özümüzdən başlamalıyıq, bunun üçünsə, heç olmasa, tövbə etməliyik. Şeytani hisslər bu gün hər yerdə İlahi hissləri üstələyir.
Mənim bir-birinə çox bənzəyən iki vətənimdə, Rusiyada və Azərbaycanda ikiüzlülüyün, saxtakarlığın, öz xalqının taleyinə etinasızlığın, zəhrimara qalmış bu «kim kimi aldadar» prinsipinin, hardan gəldi mümkün qədər çox çırpışdırmaq həvəsinin, hədsiz təkəbbürün çiçəklənməsindən həyəcan və narahatlıq keçirirəm. Hətta klassiklərə hörmətimiz də formal xarakter alıb, əks təqdirdə onların ruhunu öz nadanlığımızla incitməzdik — elə həmin Fizulinin və Sabirin yubileylərini qəsdən belə tələskənliklə «əldən çıxartmazdıq». O ki qaldı, Mirzə Fətəli Axundova Moskvada heykəl qoyulmasına, «Fətəli fəthi»nin qəhrəmanının bəxtinin gətirdiyinə çox sevinirəm, amma bunun da tam təsadüf olduğunu demək istəyirəm, çünki həmin tragikomik əhvalata yaxşı bələdəm.
Nə olursa-olsun, dünyanı optimistcəsinə qavramaq qabiliyyətini itirmək olmaz. Sivilizasiya — daim öz-özünü təmizləyən Okeandır. Amma bununla belə, heç olmasa fərdi səviyyədə, ləyaqətimizi və şəxsi məsuliyyət hissimizi itirməməliyik, hər yerdə, kim necə bacarırsa, Xeyir və Ədalətin özünə yol tapmasına kömək etməliyik.
Aynanın yeni köşə rubrikasından.