İkiüzlü Qəzetçilik
İstanbul
«Türkiyəyə qəzetlər, sanki, cəhənnəmdə nəşr edilib göndərilir» («Dublyorun Dilemması»)
M.Menteş
Media ən böhranlı dövrünü yaşayır. Qəzetlər satılmır, satılanlar oxunmur, oxunanlara da etibar edilmir. Çoxları bunu internetin sürətlə yayılması, mobil texnologiyaların inkişafı ilə izah edirlər. Vəziyyət artıq sadəcə qəzet patronlarını deyil, siyasətçiləri də narahat edir. Almaniyadakı Sosial-Demokrat partiyasından media eksperti Hans Yoaxim Verner (H.J. Werner) qəzet tirajlarının düşmə səbəblərini araşdırır. Bavariya əyalətində son 10 il ərzində qəzet tirajlarının 0.5 milyon azaldığını yazan Verner, bunun səbəbini ənənəvi «kağız mediasının» internet mediası ilə rəqabətə dayanmamasında görür.
Ekspert tirajların düşməsinin demokratiyaya mənfi təsir etdiyi düşüncəsindədir. O, bəzi Avropa ölkələrində hökümətlərin mediayaya dəstək üçün alternativ yollar axtardığını söyləyir və misal kimi Belçika, Danimarka, İngiltərə, Norveç kimi ölkələrin qəzetlərdən Əlavə Dəyər Vergisi almadığını xatırladır. Gələcəyin regional mediada olduğunu iddia edir, onun inkişafının siyasi iqtidarların özəl dəstək fondları yaratmasında görür.
Vernerin bu fikirləri Türkiyədə geniş müzakirələrə səbəb olub. Köşə yazarları, media mütəxəssisləri, ictimai xadimlər alman örnəyini eninə-uzununa müzakirə edirlər. Lakin, alman və türk mediaları arasında prinsipial bir fərq var. Belə ki, əgər Qərb qəzetləri ancaq texnoloji yeniliklərlə mübarizə apararaq çağımıza ayaq uydurmağa çalışırsa, türk qəzetləri qarşısındakı ən böyük əngəlin siyasi iqtidarlar və onların informasiya vasitələrinə nəzarət istəyidir.
Plyuralizmin boğulduğu, çoxsəsliliyin yox edildiyi, anti-demokratik üsuli-idarənin hegemon olduğu ölkələrdə hökümətlər işlərinə gəlməyəndə asanlıqla qəzetlərin biləyini bükürlər. Maraqlıdır ki, Türkiyədəki iqtidar sahibləri güclərini ənənəvi media — «kağız qəzetlər»ə göstərir, internet mediasına isə toxunmurlar. Səbəbi isə çox sadədir — onlar hələ də interneti ciddiyə almır, internet mediasının imkanlarını görmürlər.
Yaranmış bu acınacaqlı vəziyyət yeni bir deyimin yaranmasına səbəb olub — «İküzlü qəzetçilik». Nədir bu iyrənc tendensiya? Artıq internet versiyası olan qəzet yoxdur. Reklamverənlər üstünlüyü internet versiyalarına verəcəklər deyə, qəzet patronları bir-birləri ilə yarışa girmişlər — dizayn, operativlik və professionallıq baxımından daha modern sayt yaratmaq. Məsələn, «Radikal», «Habertürk», «Zaman» kimi qəzetlər dünyadakı örnəklərindən geri qalmayan reytinqli elektron versiyalarını hazırlayıblar. Bu qəzetlərin siyasi xətləri, ideoloji baxışları «kağız qəzetdə» necədirsə, internet saytlarda da eynidir və doğrusu da elə belə olmasıdır.
Di gəl ki, bəzi qəzetlər kağız nüsxədə bir məshəbə qulluq edirlər, yəni iqtidara, elektron variantda isə radikal fikirlər yürüdüb, yüksək ideyalardan dəm vururlar. Nə də olsa «yuxarılar» qəzeti dədə-baba qaydası ilə oxuyurlar, internetə onsuz da baxmayacaqlar. Buna biz tərəfdə «Evdə xoruz, çöldə fərə» deyirlər. Bu «çöldə fərə» qəzetçilər də «ikiüzlü qəzetçilik» anlayışının yaranmasına səbəb olublar.
Aşağıdakı statistik rəqəmlər tiraj və demokratiya arasındakı bağı bütün dəhşəti ilə ortaya qoyur:
Ədalət və İnkişaf partiyası 2002-nin sonunda iqtidara gəldiyində Türkiyədə qəzetlərin günlük satışı 3 milyon 660 min idi. O zaman iqtidar partiyasına açıq dəstək verən 5 qəzet var idi («Zaman», «Türkiyə», «Yeni Şafak», «Vakit», «Yeni Asya») və bu qəzetlərin günlük satışı cəmi 555 min idi. Yəni, satılan qəzetlərin sadəcə 15 faizi iqtidarı dəstəkləyirdi.
Aradan 11 il keçir, ortaya çıxan tablo vahiməlidir:
01.09.13 tarixində qəzetlərin günlük satışı 4 milyon 970 min 754-ə bərabərdir. Bu arada iqtidarı dəstəkləyən qəzetlərə yeniləri əlavə olunub («Sabah», «Star», «Takvim», «Taraf», «Yeni Akit», «Bu gün») və hakimiyyətin arxasında artıq dağ kimi 11 qəzet dayanır. Onların günlük satışı 2 milyon 125 mini (!!!) keçir. Bu da satılan bütün qəzetlərin 42 (!!!) faizi deməkdir.
Futbol və maqazin qəzetlərini bir kənara qoysaq, bu gün satılan 2 qəzetdən 1-nin iqtidarın ruporu olduğunu görürük. Yerdə qalanların da bir qismi ayaqda qala bilmək üçün hakimiyyətə gizli dəstək göstərir. Amma, iştah damaq altında olduğundan göz doymur ki, doymur. Məqsədləri fərqli fikri, fərqli düşüncəni tamamən yox edib, tək tip qəzetçilik modelinə keçməkdir.
Tək tip insan, tək tip qəzet. Zənnimcə, «ikiüzlü qəzetçiliyin» ömrü Türkiyədə uzun olmayacaq. Çünki, yaxında hamısı «üzsüz» olacaq…
[email protected]