III Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkası açıldı
Bu gün Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə III Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkasının açılışı olub. Nazir Əbülfəs Qarayev bildirib ki, sərgi çərçivəsində 100-ə qədər təqdimatın keçirilməsi nəzərdə tutulur. Sərgidə 25 ölkədən 125 nəşriyyat evi öz məhsulunu təqdim edir: «Bu sərgi Azərbaycanda kitab işinə beynəlxalq marağın nəticəsidir. Belə tədbirlərin sayının artırılması vacibdir. Azərbaycanda bir həftə müddətində kitab bayramı qeyd ediləcək. Sentyabrın 25-də Opera və Balet teatrında Milli Kitabxanıann 90 illik yubileyi qeyd olunacaq».
Ə.Qarayev bildirib ki, bundan sonra bu sərgi iki ildən bir keçiriləcək. Nazir bildirib ki, builki sərgidə nəşriyyat evlərinin fəal iştirak etməsi çox sevindiricidir: «Ümumiyyətlə, Azərbaycan il ərzində altı-yeddi beynəlxalq kitab sərgisində iştirak edir və həmişə böyük uğurlarla ölkəmizə qayıdırıq. Bu kitab bayramı münasibətilə hər kəsi təbrik edirəm. İnanıram k, Azərbaycan kitabı həmişə yaşayacaq».