İğdırda Ermənistanla sərhəddə mitinq: Qarabağı azad edəcəyik!
Həpimiz Mehmetcigiz! Həpimiz Qarabağlıyız! Bu şüarlar altında Ermənilərin bəlli iddialarına qarşı son dərəcə həssas olan yaşıl İğdırda — əhalisinin əksəriyyətini əslən Azərbaycan Türkləri olan bu vilayətin Ermənistanla həmsərhəd Alican köyündə mitinq keçirilib. Bu münasibətlə Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Dünya Azərbaycanlıları Konqresinin (DAK) heyətləri burada olublar. Mitinqin təşkilatçıları
BDM, DAK və Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİM-DER) kimi qurumlardır. Mitinqdən öncə İğdırdakı monumental Soyqırım Abidəsi ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub.
Əlican sərhəd-keçid məntəqəsi önündə qondarma “erməni soyqırımı”na etiraz mitinqində çox sayda sadə vətəndaş, eləcə də İğdırda və Qarsda fəaliyyət göstərən QHT və diaspor təşkilatlarının təmsilçiləri iştirak ediblər. Mitinqdə “erməni soyqırımı”nın ermənilərin uydurması olduğu bəyan edilərək, 1915-1918-ci illərdə ermənilərin türklərə qarşı törətdiyi soyqırıma diqqət çəkilib.
Mitinqdə çıxış edən BDM sədri İsmayıl Ağayev bunun Əlican sərhəd-keçid məntəqəsində keçirdikləri ikinci etiraz mitinqi olduğunu vurğulayıb: “Bu ermənilərə dəfələrlə demişik, yenə də deyirik — Qarabağla, İrəvan bizimdir, əl çəkin bu saxta torpaq iddialarınızdan. İrəvanın sahibi olaraq illərlə bu torpaqları sizə kirayə vermişik. Ancaq artıq bu zaman bitib. Qarabağı azad edəcəyik və növbəti hədəfimiz İrəvan olacaqdır”.
Daha sonra çıxış edən ASİM-DER başqanı Göksəl Gülbəy 1915-1918-ci illərdə ermənilərin türklərə qarşı törətdikləri soyqırıma diqqət çəkərək, erməni diasporunun 24 apreldə yalançı “erməni soyqırımı”nı dünyaya sırımağa, özəlliklə Avropa və ABŞ siyasətçilərini sıxışdırıb bunu qəbul etdirməyə çalışmasına etiraz olaraq bu mitinqi keçirdiklərini bildirib: “1915-1918-ci illərdə bu bölgələrdə və 1992-ci ildə Xocalıda ermənilər tərəfindən törədilən soyqırımı görməməzliyə vuran dünya birliyinə səslənirəm. Ermənilərin türk millətinə qarşı törətdikləri soyqırımlara, vəhşiliyə qarşı səssiz qalmayın, türk millətinə qarşı edilən bu haqsızlığa göz yummayın artıq”.
Mitinqdə akademik Vəli Əliyev, DAK icra aparatının rəhbəri Samir Adıgözəlli, BDM Rusiya nümayəndəliyinin rəhbəri Ələmdar Nəbiyev, BDM Qadınlar Şurasının rəhbəri Yaqut Qarabağlı da çıxış ediblər.
Sonda “erməni soyqırımı”na etiraz olaraq Ermənistan prezidenti Serj Sarkisyanın maketi yandırılıb.