Muəllif:

İctimai yerlərdə pulsuz internetə qoşulmaq imkanı: bizdə bu varmı?

İnkişaf etmiş ölkələrdə bu adi haldır — ictimai yerlərdə rahatlıqla telefonları, noutbukları vasitəsilə pulsuz simsiz internet şəbəkəsi — WI-FI vasitəsilə internetə qoşula bilirlər. Bizdə isə ictimai WI-FI şəbəkəsi yaxşı inkişaf etməyib. Bəzi müəssisələrdə, restoranlarda, kafelərdə, hotellərdə bu sistem bir az inkişaf edib, yəni pulsuz WI-FI var. Amma insanların çox toplaşdığı ictimai yerlərdə — bulvarda, şəhərin hansısa hissəsində, parklarda pulsuz internetə girmək mümkün deyil. İnkişaf etməkdə olan ölkələrində bu baxımdan problem yoxdur.

Internet Forumunun prezidenti Osman Gündüzün fikrincə, Bakı və digər iri şəhərlərdə simsiz internet şəbəkəsinə qoşulmaq üçün kifayət qədər imkan var:

«Son zamanlar internet sahəsində inkişaf getdi, amma, təəssüflər olsun ki, ictimai yerlərdə pulsuz internetə qoşulma imkanı yaradılmadı. Hesab edirəm ki, dövlət tərəfindən bu işə dəstək verilməlidir. Müəyyən bir nöqtəyə internet gətirilib çıxarılmalıdır ki, o nöqtədən ətrafa yayılsın və insanlar istifadə edə bilsin. Bu, infrastruktur tədbirlərinin görülməsini tələb edir. İnformasiya və Texnologiyalar Nazirliyi tərəfindən layihə həyata keçirilə və dövlət tərəfindən ictimai yerlərdə internetə giriş nöqtələri yaradıla bilər. Həmin ərazilərdə də pulsuz WI-FI sisteminin olduğunu bildirən lövhələr qoyulmalıdır».

Gündüz turistləri cəlb etmək baxımından da ictimai yerlərdə pulsuz internetə qoşulma imkanları yaradılmasının vacib sayır: «Elə bir dövrdə yaşayırıq ki, internet hər an lazım ola bilər. Məsələn, kimdənsə e-mail gözləyirsiniz, yaxud internetdəki hansısa xidmətdən təcili istifadə etməlisiniz. Mobil telefonlardan internetə daxil olmaq kifayət qədər baha olduğundan hər kəs üçün bu, yetərincə əlçatan deyil. Buna görə də ictimai internet nöqtələri yaradılması vacibdir».
Bulvar İdarəsinin texniki şöbəsinin müdiri Fərid Ağayev isə mətbuata açıqlamasında bildirib ki, bulvar ərazisində 16 yerdə wi-fi antena quraşdırıblar: «Bu antenalardan birini saat qülləsinin yanında, digərlərini isə kafelərin üzərində quraşdırmışıq. Bu antenalar 150-200 metrlikdə tutur».
Bundan hamının xəbər tutması üçün pulsuz Wi-fi-ın olduğunu bildirən lövhələrə ehtiyac olduğunu dedikdə, F.Ağayev bildirdi ki, kafelərin üstündə bu barədə məlumat var. O, əlavə etdi ki, bulvar ərazisində onların quraşdırdığı qurğular vasitəsilə yay mövsümündə gün ərzində bəzən 130, çox olanda 800 adam tərəfindən internetə giriş olub.
Şöbə müdiri onu da qeyd etdi ki, bulvarda hər kəsin istifadə edə biləcəyi pulsuz Wi-fi ilə yalnız 7 sayta girmək mümkündür. Facebook da bu saytların içərisindədir. Pulsuz Wi-fi ilə elektron ünvanını da yoxlamaq mümkün deyil. F.Ağayevin sözlərinə görə, bulvarda 2 manata satılan talon alıb 2 saat 20 dəqiqə internetdən istifadə edə, istədiyin sayta daxil ola bilərsən.
F.Ağayev gələn ilin yazına qədər sözügedən sistemdə ciddi dəyişikliklər edəcəklərini bildirdi: «Tamam başqa sistemlə işləyən wi-fi haqqında fikirləşirik və artıq işə başlamışıq. Düşünürük ki, pulsuz WI-FI şəbəkələrinin sayını 10-15 dəfə çoxaldacağıq, həmçinin istənilən sayta girmək mümkün olacaq».
Qeyd edək ki, Hava Limanında hər kəs üçün İnternetə giriş pulsuzdur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 433