Muəllif:

İçəridən və çöldən görünən İsmayıllı

İsmayıllıda baş verən olaylar gündəm mövzusu olaraq qalır. Bu rayondakı iğtişaş təxminən ötən il Qubada baş verənləri xatırladırdı. Yenə icra hakiminin evinə basqın oldu, mülklər və bahalı maşınlar yandırıldı. Demək, hər iki narazılığın oxşar cəhətləri var ki, insanlar etirazlarını bu şəkildə bildirirlər. Bunun səbəbləri haqqında düşünməyə dəyər.
Birincisi, bölgədə yaşayan insanlar yaşadıqları rayonların idarəedilməsinə cəlb olunmayıblar. İnsanların idarəetməyə cəlbi isə onların bələdiyyələrdə iştirakından keçir. Azərbaycanda mövcud bələdiyyələr isə əslində icra hakimiyyətlərinin əlavəsinə çevriliblər, büdcələri də kasaddır. Bələdiyyə sədrlərinin işi ancaq torpaq alğı-satqısından ibarətdir. Demokratik və idarəetmənin güclü olduğu ölkələrdə bələdiyyələr potensialını fəaliyyəti ilə ortaya qoyur. Avropa ölkələri və qonşu Türkiyə buna əyani sübutdur. Biz də bu sistemə keçməliyik. Ancaq bu sistemin Azərbaycanda işlək formaya gətirilməsi üçün bələdiyyələr haqqında qanunda ciddi dəyişikliklərə ehtiyac var. Başqa sözlə, bələdiyyələrin funksiyaları artırılmalıdır. Bələdiyyələrə keçirilən seçkilər də demokratik və şəffaf olmalıdır ki, bütün təbəqələrin təmsilçiləri bölgələrinin idarə edilməsində kifayət qədər rol ala bilsinlər.
İkincisi, bölgələrdə torpaq alğı-satğısı da yerli insanları qıcıqlandırır. Əlbəttə, hər bir Azərbaycan vətəndaşı istənilən yerdə torpaq və ev ala bilər. Ancaq bu alqı-satqı zamanı yerli xüsusiyyətlər də nəzərə alınmalı, ədalət prinsipi pozulmamalıdır. Quba hadisələri zamanı yerli əhalini qıcıqlandıran səbəblərdən biri də bəzi varlı adamların evlərinin kəndə gedən su arxlarının qarşısını almalarıydı. Qubanın məşhur Qəçrəş kəndinə gedən yolda yolboyu 2 metrlik hasarlar çəkilib. Yerli və kasıb insanları bu hündür hasarlar da qıcıqlandırır. İsmayıllı olayları zamanı da ən böyük narahatlıq bu kimi hallarla bağlı idi. Yəni varlı insanlar İsmayıllı rayonu ərazisində hektarlarla torpaq sahələri alır, böyük hasarlar çəkir və sonra da bəziləri yandırılan «Çıraq» otelinin sahibləri kimi pulları ilə ətrafdakıları qıcıqlandırırlar.
Quba və İsmayıllı olaylarında xarici iz axtarmaqdan uzağam. Ancaq hazırda Azərbaycanın iki qonşusu — Rusiya və İranla münasibətlərinin gərgin olduğunu da nəzərə almalıyıq. Hər iki dövlətin siyasi və hərbi dairələri Azərbaycanı zəiflətmək üçün fürsət axtarır. Moskva və Tehranın Azərbaycanda baş verən son toqquşmalarda birbaşa rolları olmasa da, hər ikisinin iğtişaşların davamlı şəkil almasında ciddi maraqları ola bilər. Qərb mediası İsmayıllı olayları haqqında xeyli informasiya və məqalə yayınlasa da, Vaşinqton və Brüssel iğtişaşlar barədə xüsusi açıqlama ilə çıxış etməyi lazım bilmədilər. Əlbəttə, Vaşinqton və Brüssel baş verənlərdən narahatdır, onlar Azərbaycanın qonşu Rusiya və İranla münasibətlərinin gərginləşməsini də narahatlıqla izləyir və özləri üçün müvafiq nəticələr çıxarırlar. Bu mənada Vaşinqton və Brüssel Azərbaycanda baş verən və ya baş verə biləcək iğtişaşlardan Moskva və Tehranın necə istifadə edə biləcəyi imkanlarını da götür-qoy edirlər. Fikrimcə, məhz bu amilə görə Qərb İsmayıllı olaylarına birmənalı qiymət verərək, Azərbaycan hakimiyyətini tənqid edən açıqlama ilə çıxış etməkdən çəkinir.
Buna baxmayaraq, ABŞ-ın Azərbaycandakı səfirliyi və Avropa Birliyinin Bakı nümayəndəliyi rəhbərlikləri üçün İsmayıllı hadisələri haqqında ya geniş hesabat hazırlayıblar, ya da sənəd üzərində hələ işləyirlər. Məhz həmin sənədlərdə ABŞ və Avropa Birliyinin İsmayıllı olayları haqqında nə düşündükləri və bu olaylarla bağlı hansı qənaətə gəldiklərini müəyyənləşdirmək olar. Azərbaycan ictimaiyyəti bəlkə bir müddət sonra həmin sənədlərdə konkret nələrin yazıldığını öyrənmək imkanı qazanacaq. Hələliksə biz yalnız ABŞ səfiri Riçard Morninqstarın Binə və İsmayıllı olayları ilə bağlı quru açıqlaması ilə kifayətlənməliyik. Maraqlıdır ki, keçənilki Quba olayları ilə bağlı ABŞ səfirinin hər hansı bir açıqlaması olmamışdı. Morninqstarın budəfəki açıqlamasında ifadələr xüsusi diqqətlə seçilib. Görünür, açıqlamanı yazarkən onun məqsədi heç kimi incik salmamaq, ancaq durumdan narahat olduğu mesajını da Bakıya çatdırmaqdan ibarət olub.
Qərb Azərbaycanda sabitlikdə maraqlıdır, ərəb dalğasının ölkəmizdə təkrarlanmasını istəmir. Ancaq Qərbdə onu da anlayırlar ki, Azərbaycanda dərin siyasi və iqtisadi islahatlar həyata keçirilmədən mümkün təlatümlərdən qurtulmaq da çətin olacaq. Təlatüm, iğtişaş və Allah eləməsin, qanlı qarşıdurma isə Rusiya və İrandakı dairələrin xeyrinədir. Təsadüfi deyil ki, İsmayıllı olaylarından dərhal sonra İvanovka kəndinin rus əhalisinin «narazı məktubları» Rusiya mətbuatında geniş dərc olunmağa başlandı.
Heç şübhəsiz «Azərbaycanda ruslar narazıdır» kartını işə salmağa çalışanlar var. İstisna etmirəm ki, yaxın gələcəkdə ləzgilərin adından da sui-istifadə edənlər tapılsın. İran isə cənub rayonlarımızı əvvəlkitək diqqət mərkəzində saxlayır. Ona görə də Azərbaycanda köklü dəyişikliklər istəyərkən, Kremlin və Tehranın hansı kartlardan istifadə edə biləcəyini də unutmamalıyıq. Bu kartların işə düşməməsinin məsuliyyəti isə birinci növbədə Azərbaycan hakimiyyətinin üzərinə düşür. Azərbaycanda dərin siyasi və iqtisadi islahatlar həm də ona görə lazımdır ki, qonşu ölkələr məmləkətimizi poliqona çevirmək istəklərində uğur qazanmasınlar.

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 294