İcazəsiz mitinqlərdə iştiraka görə ilk cərimələr kəsildi
Dünən Bakının Nəsimi və Səbail rayon məhkəmələri yanvarın 12-də paytaxtın mərkəzində icazəsiz aksiyalarda iştiraka görə gənc fəallara böyük cərimələr çıxarıb. Belə ki, məhkəmələr 16 fəalı 300 manatdan 600 manatadək cərimə edib. Gənclər arasında Xalq Cəbhəsi, Müsavat partiyalarının, “Nida”, “Azad gənclik” hərəkatlarının və s. üzvləri var. Bu fəalların hüquqlarının müdafiəsini əlaqələndirən Hüquqi Maarifləndirmə Cəmiyyətinin rəhbəri İntiqam Əliyev məhkəmələrin qərarlarını tənqidə məruz qoyub.
“Beynəlxalq hüquqda deyilir ki, bir şəxs icazəsiz etiraz aksiyasında iştirak edibsə, lakin zorakılığa yol verməyibsə, onun saxlanılması, cərimə olunması toplaşmaq azadlığının pozulması deməkdir. Buna görə saxlama, polisə aparma, məhkəməyə çıxarma və yüksək məbləğdə cərimə Azərbaycan hakimiyyətinin insan hüquqlarına riayət etməməsinin göstəricisidir”, deyə İntiqam Əliyev Turan-ın müxbirinə bildirib.
Digər tərəfdən, cəzalandırılan şəxslərin aylıq əmək haqlarından xeyli çox olan belə böyük cərimələrin tətbiqi hakimiyyətin yeni taktikasıdır. “Həbslər lazımi effekt vermir, fəallar bundan qorxmur. Bundan başqa, həbslər rezonans doğurur. Hakimiyyət hesab edir ki, cərimə daha təsirli tədbir ola bilər”, deyə Əliyev bildirib.
Gənclər cərimə ödəməkdən imtina edərsə, onları nə gözləyir? Bu suala cavabda Əliyev deyib ki, nəzəri cəhətdən onlara qarşı cinayət işi açıla bilər. Lakin fəallar cərimələri ödəmək istəsələr də, buna imkanları çatmaz. Cərimələr orta həyat səviyyəsinə adekvat deyil və apellyasiya şikayətlərində bu göstəriləcək, deyə Əliyev qeyd edib.
“Gənclər özləri cərimə ödəməkdən imtina ediblər və düşünmürəm ki, hakimiyyət buna görə onları həbsə atacaq. Digər tərəfdən, zərurət yarandığı halda cəmiyyət cərimələrin ödənilməsini öz üzərinə götürəcək və bu hakimiyyətə xalqın həm məhkəmələrlə, həm də hakimiyyətlə razı olmadığını və onları lənətlədiyini göstərən mesaj olacaq. Gənclər dinc etiraz aksiyasında zorakılıq tətbiq etdiyi üçün polisə qarşı əks iddialar hazırlayırlar. Hər bir proses öz-özlüyündə etiraz aksiyasına çevriləcək”, deyə Əliyev qeyd edib.
Xatırladaq ki, qanunsuz mitinqlərdə iştiraka görə cərimələrin dəfələrlə artırılması haqqında düzəlişlər ötən ilin payızında qəbul edilib və 1 yanvar 2013-cü ildə qüvvəyə minib. Cərimə olunanlardan biri “Azad gənclik” hərəkatının sədri Ülvi Həsənli Turan-a bildirib ki, cəriməni ödəmək niyyətində deyil və apellyasiya şikayəti verəcək.
Digər cərimə olunan şəxs – ACP gənclər təşkilatının sədri Əbülfəz Qurbanlı “hakimiyyəti biabır etmək və insanların mitinqlərdə iştirakdan qorxmaması üçün 5-10 qəpikdən pul yığaraq, cərimələri ödəmək olar”, deyə istehza edib.