Muəllif:

ICAO: Xocalı aeroportuna icazəsiz uçuşlar yolverilməzdir

Beynəlxalq Mülki Aviasiya Təşkilatı ermənilərin qanını qaraldıb. Qurum bəyan edib ki, Azərbaycan ərazisi olan Xocalı aeroportuna icazəsiz uçuşların yerinə yetirilməsi yolverilməzdir. 24 sentyabr-04 oktyabrda Monrealda Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Assambleyasının 38-ci sessiyası barədə Mülki Aviasiya Administrasiyasının rəsmi saytına istinadən, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının (DMAA) direktoru Fuad Quliyevin rəhbərlik etdiyi heyətə Kanada səfirimiz F. Şəfiyev, DMAA Xarici əlaqələr şöbəsi müdirinin müavini S. Bağırov və Azərbaycan Respublikasının Kanadadakı Səfirliyinin müşaviri E. Həbibzadə daxil idi.
Sessiyada əsas diqqət mülki aviasiyanın təhlükəsiz və iqtisadi cəhətdən səmərəli fəaliyyəti məsələlərinə yönəlib. ICAO-nun 2010-2013-cü illər ərzindəki fəaliyyətinə dair hesabatlar dinlənilib. Ölkəmizin maraqlarından çıxış edən heyətimiz Avropa Birliyinin Avropa Mülki Aviasiya Konfransı (ECAC), Dövlətlərarası Aviasiya Komitəsi (DAK) və Türkiyə ilə birlikdə təqdim etdiyi bir sıra sənədləri dəstəkləyib. Gündəmdəki məsələlərdən biri dövlətlərin növbəti üç il müddətinə ICAO Şurasına seçilməsi idi. Əvvəlki sessiyada olduğu kimi, bu dəfə də elektron səsvermə sistemi tətbiq edildi.
Azərbaycan heyəti plenar iclaslarda iştirakla yanaşı, bir sıra görüşlər keçirib.
Oktyabrın 1-də Azərbaycan heyəti ICAO Baş katibi Raymon Bencamin tərəfindən qəbul edilib. Azərbaycan tərəfinin xahişi ilə təşkil olunmuş görüşdə Azərbaycanın aviasiya hakimiyyəti ilə ICAO arasında inkişaf edən münasibətlər müzakirə edilib. Azərbaycan Respublikasının işğal olunmuş ərazisindəki Xocalı aeroportuna uçuşların yerinə yetirilməsi məsələsinə də toxunulub. ICAO Baş katibi ərazi bütövlüyü Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən tanınan və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı dörd qətnaməsi ilə təsdiq edilən Azərbaycan Respublikasının ərazisi üzərindən icazəsiz uçuşların yerinə yetirilməsinin yolverilməz olduğunu təsbit edib. Görüşdə ICAO-nun Avropa və Şimali Atlantika Bürosunun (Paris) direktoru Luis Fonseka de Almeyda iştirak edirdi.
Bu məsələ Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Baş direktoru Toni Taylerlə dostluq şəraitində keçən görüşdə də gündəmə çıxarıldı. Xocalı aerportuna uçuşların təşkilinin qarşısının alınmasına yönəlmiş Azərbaycan tərəfinin səylərinin dinc xarakter daşıdığını qeyd edən IATA rəhbərliyi ICAO-nun mövqeyini dəstəklədiyini və işğal altında olan ərazi ilə müntəzəm hava əlaqəsinin qurulması cəhdlərinə mənfi münasibətini təsdiq etdi. AB-ni ICAO nümayəndəliyi tərəfindən təşkil olunmuş görüşdə Vahid Aviasiya Məkanı haqqında Sazişin (ECAA Agreement) razılaşdırılmasının davam etdirilməsi və daha sonra imzalanmasının mümkünlüyü məsələsi müzakirəyə çıxarıldı. Azərbaycan heyəti indiki dövrdə Azərbaycan aviasiya müəssisələrinin sazişin tələbləri çərçivəsində fəaliyyətə hazır olmaması və Azərbaycan Respublikasının aviasiya sektoruna irimiqyaslı dövlət investisiyalarının yönəldiyi bir vaxtda sazişin imzalanmasının mənfi nəticələri barərə qarşı tərəfə məlumat verdi.
Azərbaycan heyəti «Black Sea Caspian Rotation Group» çərçivəsində qeyri-rəsmi görüşlər keçirib. Türkiyə namizədinin ICAO-nun Aeronaviqasiya Komissiyasına irəli sürülməsi ilə əlaqədar Türkiyə heyəti Azərbaycan, Türkiyə, Gürcüstan və Ukrayna heyətlərinin görüşünü keçirmək təklifi ilə çıxış edib. Məhsuldar müzakirələrin gedişində Türkiyə namizədinin dəstəklənməsi ilə bağlı praktik məsələlər və Rotasiya qrupunun bu istiqamətdə görəcəyi tədbirlər müəyyən olunub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 199