Muəllif:

İbrahimbəyov, yoxsa başqa namizəd?

Prezident seçkilərinə az qalmasına baxmayaraq bu məsələ hələ də aydın deyildir. Milli Şuranın (MŞ) sədri və vahid namizədi Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı ilə bağlı problem həllini tapmaması onun namizədliyinin irəli sürülməsini mümkünsüz edir. Belə olan halda Milli Şura seçki prosesindən kənarda qalmış kimi görünür. Bəs Milli Şura vahid namizədini nə vaxta qədər gözləyə bilər? Seçki ilə bağlı alternativ variantlar mövcuddurmu?

MŞ üzvü, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya açıqlamasında bildirib ki, Müsavat prosesləri nəzərə alaraq, partiya olaraq seçkilərə hazırlıq aparır: “Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınsa, biz bütün prosesi onun təbliğat-təşviqat kampaniyasının təşkilinə yönəldəcəyik. Əks halda, seçkidə partiya olaraq iştirak edəcəyik”.

MŞ üzvü, AXCP sədrinin müavini Gözəl Bayramlı APA-ya bildirib ki, R. İbrahimbəyovun namizədliyinə əngəl yaranarsa, Milli Şuranın başqa namizəd müəyyənləşdirməsi istisna deyil: “Rüstəm İbrahimbəyov ikili vətəndaşlıq məsələsini həll edib, tezliklə Bakıya qayıdacağını deyib. Bu baş verməsə, vəziyyətdən asılı olaraq, başqa namizəd məsələsi də müzakirə oluna bilər. Mən bu variantı istisna etmirəm”.

MŞ üzvü, Açıq Cəmiyyət Partiyasının lideri Sülhəddin Əkbər APA-ya deyib ki, hazırda Milli Şuranın seçki qərargahının formalaşdırılması istiqamətində iş gedir: “Lakin Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxarılması məsələsi bizdən asılı deyil. Rüstəm İbrahimbəyov da Tiflisdə açıq şəkildə bəyan etdi ki, hələlik hər hansı maneə yoxdur, amma qərarın nə vaxt veriləcəyi də bəlli deyil. Yəni, bu məsələdə qeyri-müəyyənlik var”.

S. Əkbər R. İbrahimbəyovun Bakıya nə vaxt qayıtması ilə bağlı Milli Şuranın üzvləri arasında ilkin razılaşmanın əldə edildiyini də vurğulayıb: “Lakin bu qərar əvvəlcədən açıqlanmır. Rüstəm İbrahimbəyovun vətəndaşlıq məsələsi ilə bağlı qərar olan kimi, biz də bunu açıqlayacağıq”.

MŞ üzvü, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan isə APA-ya açıqlamasında Milli Şuranın prezident seçkilərinə yalnız Rüstəm İbrahimbəyovla getməli olduğunu vurğulayıb.

MŞ üzvü, KXCP sədri Mirmahmud Mirəlioğlu APA-ya bildirib ki, Milli Şura bu prosesi gözləməlidir: “Yalnız Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxarılması məsələsi tələb olunan vaxtda baş tutmayacağı təqdirdə digər təkliflər müzakirəyə çıxarıla bilər. Ümid edirəm ki, seçki prosesinə gecikməyəcəyik”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 186