«İbrahim Musayev işi»: Ekstradisiya qərarından RF Ali Məhkəməsinə apellyasiya şikayəti verildi
Naxçıvan MTN-nin sabiq əməkdaşı İbrahim Musayevin vəkili Dmitri Suxomlinov hüquqlarını müdafiə etdiyi şəxsin Azərbaycana ekstradisiyasına dair Yaroslavl vilayət məhkəməsinin qərarından Rusiya Ali Məhkəməsinə şikayət edib. Kavkazskiy uzel saytına istinadən, məhkəmə İbrahim Musayevin Azərbaycana təhvil verilməsinə dair Rusiya Baş Prokurorluğunun qərarını qüvvədə saxlamış olub. Vəkil bildirib ki, məhkəmə qərarı elan olunduqdan dərhal sonra qüvvəyə minir: “Prinsipcə, artıq ekstradisiyanı tələb edən dövlətin konvoyları Musayevi Azərbaycana apara bilər. Lakin İbrahim Musayev məhkəmədə iştirak etməyib, onun harada olduğunu bilmirəm. Musayevin ekstradisiyasına dair Ali Məhkəməyə apellyasiya şikayəti vermişəm”.
İ. Musayev İran lehinə casusluqda ittiham olunmuş, sonradan Naxçıvan MTN həbsxanasında dünyasını dəyişmiş Turac Zeynalovun həyat yoldaşını qətlə yetirmək barədə tapşırıq aldığını, lakin bu tapşırığı yerinə yetirilməkdən imtina etdiyini bildirib. MTN-nin fəaliyyəti ilə bağlı mətbuatda qorxulu ifşalar açıqlayıb. Naxçıvan MTN bu ağır ittihamlara cavab vermir, susur, yalnız bəyanat yayaraq, İ. Musayevlə heç bir əlaqəsi olmadığını qeyd edərək onu dələduz və fərarı adlandırıb. Naxçıvan MTN-nin açıqlamasında T. Zeynalovun xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir. 2012-ci ilin sentyabrında İ. Musayev həyat yoldaşı ilə Rusiyaya gələrək, bu ölkədə qaçqın statusunu almağa cəhd göstərib. Lakin Rusiya müvafiq orqanları onun Azərbaycan tərəfindən axtarışa verildiyi əsas gətirərək, müraciəti rədd ediblər.