Muəllif:

«I» əməliyyatının dərsləri

Rusiyanın Konstitusiya Məhkəməsi icazəsiz mitinq cəzalarının ağırlaşdırılmasıyla bağlı qanunu yumşaldılması üçün Dumaya geri göndərdi.
Məhkəmə minimal həddi 300 (vəzifəli şəxslər üçün 1500) dollar olan pul cəzasının məbləğinin azaldılmasına, mitinq iştirakçısının məcburi əməyə cəlb edilməsi tədbirinin ləğv edilməsinə (mitinq iştirakçısı kimsənin sağlamlığına və ya əmlakına ziyan vurmayıbsa) qərar verdi. Bundan əlavə, Konstitusiya Məhkəməsi mitinq təşkilatçılarının iştirakçıların əməllərinə görə məsuliyyət daşımasını nəzərdə tutan maddənin də ölkənin əsas qanununa zidd olduğunu bəyan etdi. Bildirdi ki, mitinqdəki qarşıdurma zamanı əmlaka ziyan dəyibsə belə, bu ziyanla bağlı təzminat ödəmək məsuliyyəti aksiya iştirakçısının deyil, dövlətin üzərinə qoyulmalıdır.
Rusiya Konstitusiya Məhkəməsinin bu qərarı hüququn aliliyi, söz azadlığı və insan haqları kimi demokratiyanın əsas prinsiplərinin mövcud olduğu ölkələr üçün adi qərardır, normadır. Amma söz azadlığı və insan haqları reytinqlərinin mənfi qəhrəmanları sırasında yer alan və məhkəmə hakimiyyəti karikaturadan ibarət olan Rusiya kimi ölkələr üçün ciddi xəbər dəyəri olan hadisədir. Rusiyanın daha bəsit «kopiyası» olan Azərbaycan üçünsə ikiqat ciddi xəbərdir. Birincisi, Azərbaycan kimi ölkələrə avtoritar idarəçilik nümunəsi olan Rusiyada belə bir hadisənin baş verməsi baxımından, ikincisi, eyni mürtəce maddələr ehtiva edən qanunun Dumadan sonra Azərbaycan Milli Məclisində də qəbul edilməsi baxımından…
Rusiyada mitinq cərimələrinin artırılmasıyla bağlı qanunun ilk «qurbanlarından» olan «Solidarnost» hərəkatının fəalı Vsevolod Çernozub bu qərarı şərh edərkən deyib ki, Konstitusiya Məhkəməsi heç bir şey olmamış kimi davranmağın mümkünsüzlüyünü anladığı üçün belə qərar verib. Haqqında 15 min rubl cərimə qərarı çıxarılan və qərardan Avropa Məhkəməsinə şikayət verən Çernozubun fikrincə, Konstitusiya Məhkəməsi qanunda cəza normalarının kobud şəkildə şişirdildiyini və Avropa Məhkəməsinin bu qərarları ləğv edəcəyini bildiyi üçün bəri başdan özünü sığortalayıb…
Azərbaycan Konstitusiya Məhkəməsi necə, heç olmasa bu motivlə belə bir qərar verə bilərmi? Ritorik halıyla belə çox sadəlövh sualdı, qəbul edirəm.
«Böyük qardaşından» fərqli olaraq Azərbaycan hakimiyyəti müxalifətə və bütövlükdə xalqa münasibətdə imitasyon güzəşti belə təhlükəli hesab edir. Buna görə də etiraz aksiyalarının iştirakçılarına kəsilən cərimələri ödətmək üçün sonuna qədər dirənir — bir gəncin köhnə telefonunu, o birinin atasının evindəki xalçanı, bir başqasının televizorunu müsadirə edir, bir gəncin yaxınlarındansa kəsilən cərimənin 4 qatı qədər pul tələb edir. Məqsəd «kimsəyə aman olmayacaq» mesajını təkrarlamaqdır.
Amma hakimiyyət özünün məğlubedilməzliyi mifini qorumağa çalışırkən başqa mifləri dağıdır. Məsələn, müxalifətçilərin 1992-93-cü illərdə ölkəni çapıb-taladıqlarına, illər uzunudur qrant «yediklərinə» və böyük sərvət sahibi olduqlarına diar Az.TV-nin «obıvatel» şüuruna yeritməyə çalışdığı mifləri.
Jurnalistika fakültəsinin tələbəsi olan bir gənclə bir neçə il əvvəlki dialoqumuzu xatırlayıram. Şəhərin mərkəzində İsa Qəmbərin böyük bir mülkünün olmasından, oğullarının universitetə «Prado»larla gəlməsindən, pula-pul deməməsindən bəhs edən bu gəncə həqiqətin belə olmadığını izah etməyə çalışmış, amma onu inandıra bilməmişdik. Gələcəyin jurnalisti olacaq bu gənc hətta o arada macal tapıb bizi tərəfkeşlikdə ittiham da eləmişdi.
Hakimiyyət böyük vaxt və əmək sərf elədiyi bir işi bircə gündə öz əliylə puça çıxartdı: mitinqə qatıldığı üçün cərimələdiyi gənclərdən birinə — «Nida» hərəkatının İdarə Heyətinin üzvü Turqut Qəmbərə həmin cəriməni ödətmək üçün məhkəmə icraçılarını onun atası İsa Qəmbərin evinə göndərdi və tezliklə internetdə yayılan şəkillərlə bütün ölkə əhalisinə əyani şəkildə göstərmiş oldu ki, «varlı-hallı müxalifətçilər» təbliğatı, yumşaq desək, həqiqətə uyğun deyilmiş. İsa Qəmbər özü, onun oğulları, onların dostları və tərəfdarları illərlə çalışsalar, bu qədər effektiv piar olmazdı. Bu situasiyadakı əks-təsir faktoru o qədər güclüdü ki, hakimiyyət «cərimə əməliyyatı»nda çox ciddi fiaskoya uğradı desək, qətiyyən şişirtmiş olmarıq.
Ankara

Aynanın yeni köşə rubrikasından.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 212