Muəllif:

Hüseyn Tarverdili — Vardan Kosyan: 3:0

Kiyevdə yeniyetmə boksçular arasında keçirilən dünya birinciliyi davam edir. Boks Federasiyası bildirir ki, yarışın ikinci günündə Azərbaycanın 5 üzvü rinqə çıxıb.
80 kq çəki dərəcəsində mübarizə aparan Şükran Mehdiyev türk Məhəmməd Aydınla dueldən qalib ayrılıb – 3:0 (29:28, 29:28, 29:28). Mehdiyev 1/8 finalda litvalı Amoldas Taraskeviçusla qarşılaşacaq.

Elcan Qafarlı da (48 kq) dünya birinciliyində ilk döyüşünü qələbə ilə başa vurub. Boksçumuz Filippin nümayəndəsi Hipolito Banalı mübarizədən kənarlaşdırıb — 3:0. Həmyerlimiz 1/8 finalda avstraliyalı Ceyms Biazli ilə üz-üzə gələcək.

Ümid Rüstəmov da (50 kq) komanda yoldaşlarının uğurunu davam etdirib. Millimizin üzvü Varinder Sinqh üzərində inamlı qələbə qazanıb. Hər 3 hakim Rüstəmovun qələbəsini qeydə alıb – 30:27, 29:28, 30:27. Azərbaycan boksçusu 1/8 finalda macarıstanlı David Kovaçla görüşəcək.

Rövşən Musayev də yarışa qələbə ilə başlayanlar arasındadır. 66 kq çəki dərəcəsindəki təmsilçimiz yeni zelandiyalı Rayan Skeiflə döyüşdə heç bir çətinlik çəkməyib – 30:26, 30:26, 30:27. Musayev 1/8 finalda İrlandiya idmançısı Levis Audli ilə münasibətlərini aydınlaşdıracaq.

Hüseyn Tarverdilinin (70 kq) dünya birinciliyindəki ilk görüşü isə daha əlamətdar olub. O, Ermənistan boksçusu Vardan Kosyan üzərində inamlı qələbə qazanıb – 3:0 (30:27, 30:27, 29:28). Boksçumuzu 1/8 finalda Bosniya və Hersoqovina nümayəndəsi Sandro Poletan gözləyir.

Yarışın ikinci günündə milli komandamızın üzvlərindən yalnız Pərviz Quliyev (57 kq) mübarizəni dayandırıb. Həmyerlimizin özbəkistanlı Boburmirzo Tolibovla döyüşü bərabər keçsə də, hakimlər qələbəni rəqib idmançıya veriblər – 1:2.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 285