Hüquq professoru məhkəmədə deməyə söz tapmayıb
M
BDU hüquq fakültəsinin sabiq dekan müavini, hüquq elmləri doktoru, professor Məhəmməd İmanlının cinayət işi üzrə məhkəmə baxışı başlayıb. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlanması barədə qərar qəbul edilib. Dövlət ittihamçısı ittiham aktını elan edəndən sonra təqsirləndirilən şəxsə çıxış üçün söz verilib. Məhəmməd İmanlı çıxışa hazır olmadığını deyib. Proses fevralın 5-dək təxirə salınıb.
Məhəmməd İmanlı külli miqdarda rüşvət alan zaman cinayət başında saxlanılıb. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin “Cinayət hüququ və kriminalogiya” kafedrasının müəllimi, hüquq elmləri doktoru, professor əvəzi İmanlı Məhəmməd Nağı oğlunun qanunsuz hərəkətləri barədə Bakı şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin «161-Qaynar xətt» əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.
Müəyyən edilib ki, Məhəmməd İmanlı ikinci ali təhsil almaq üçün ona müraciət etmiş Bakı şəhər sakinindən BDU-nun Beynəlxalq iqtisadi əlaqələr fakültəsinə tələbə kimi qəbul edilməsinə görə 40.000 (qırx min) manat pul tələb edərək, 05 may 2012-ci il tarixdə yaşadığı Bakı şəhəri, Zabrat qəsəbəsi, A.S.Puşkin küçəsi 6 №-li evdə qeyd olunan külli miqdarda pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
M.İmanlının yaşadığı evə baxış keçirilərkən sonuncu Bakı şəhər sakinindən rüşvət kimi aldığı 40.000 (qırx min) manat pulu təqdim edib, həmçinin yaşadığı evdən müxtəlif əsginaslarla ümumilikdə 79.300 (yetmiş doqquz min üç yüz) ABŞ dolları, 61.260 (altmış bir min iki yüz altmış) manat, 13.020 (on üç min iyirmi) avro və vətəndaşın adına olan əvvəlki təhsil müəssisəsini bitirməsinə dair diplomun surəti, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər sənəd və əşyalar aşkar edilərək götürülüb.
Həmin fakta görə Məhəmməd İmanlı barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. M.İmanlı təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Xatırladaq ki, M.İmanlı 1993-cü ildən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Cinayət hüququ və kriminalogiya” kafedrasında müəllim, baş müəllim, dosent, həmçinin 2004-2011-ci illərdə Hüquq fakültəsində dekanın 1-ci müavini vəzifələrində işləyib.