Muəllif:

Humay Qədimova: Əslində heç özüm də bilmirəm niyə məhz tar?!

Musiqiçi Humay Qədimovanın peşə seçimi bir vaxt fərqli olub. Tar və udda ifa edən xanımların az olduğunu nəzərə alsaq, onun bu seçimi alqışa layiqdir. Bu alətləri özünə ram edə bilmişdir. Deyir:

— Əslində, kökü olan milli alətimiz tarın daşıyıçıyam. O ki qaldı ud alətinə, özüm öyrənmişəm. Bilirsiniz, ud alətinin Azərbaycanda məktəbi yoxdur. Uddan daha çox ərəblər və türklər istifadə edirlər. Bizdə isə yalnız ansamblda, arxa planda bas alətlərinin ifası üçün istifadə edilir. Düşündüm ki, ud alətində solo ifa edim. Bilmirəm, bəlkə cavanlıqdan irəli gəldi, bəlkə də ilk işimiz olduğuna görə, dinləyicilərə maraqlı olması üçün belə bir seçim etdik. Ancaq milliliyi unutmadıq. Burda udla yanaşı, kamança və zərb alətimiz də səsləndi. Ud elə alətdir ki, sərhəd tanımır. Məncə, bu alətdə istənilən musiqini ifa etmək olar. Ud milli alət sayılmır. Şərqdə də, Qərbdə də bu alətdən istifadə olunur.

— Maraqlıdır, muğamları tarda yüksək səviyyədə ifa bacarığınız olduğu halda niyə məhz estrada musiqilərinə klip çəkdirirsiniz?

— O musiqilərə müraciət etməyim sırf öz istəyimlə bağlıdır. Sadəcə,ürəyimə yatdığı üçün və eyni zamanda dinləyicilərin marağını nəzərə alıb bu addımı atmışıq. Bu mahnılarda özümü gördüyüm üçün ilk olaraq da onlara klip çəkdirdim. Tarzən Hacı Məmmədovun unudulan bir çox rəqs musiqilərini müasir şəkildə ifa edəcəm. Sözsüz ki, çərçivədən kənara çıxmamaq şərti ilə.

— “Nigaranam” mahnısını bir çoxları ifa edib. Siz də bu musiqiyə müraciət edərək, estrada mahnısını tarda ifa etdiniz. Buna münasibət necə oldu?

— Bəli, haqlısınız, bir çox vokal ifaçıları bu mahnını oxuyublar. Bu pop janrında olduğu üçün fikirləşdik ki, tarda ifa etmək mümkün olmaz. Ancaq Asif Kərimovla müzakirələrimizdən sonra qəti qərara gəlib, bu işi gördük. Müsbət fikirlər eşitdik. Rejissor Rüfət Nəzərli bu mahnıya klip çəkdi.

— Xaricdə konsert vermək, hansısa işlər görmək nəinki milli musiqi, hətta estrada ifaçıları üçün də asan deyil. Bunun üçün mütləq şəkildə dayaq olmalıdır. Maraqlıdır, bu cür işlərə imza atmaqda sizə kimlər dayaq oldu?

— Əlbəttə, manelər olur. Orda yaşayan və çalışan ifaçılar da bunu dəfələrlə deyiblər. Ancaq biz bütün bu işləri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə etdik…

— Həm yerli, həm türk sənətçilərini müşayiət edən musiqiçi olaraq onlar arasında nə kimi fərqlər görürsünüz?

— Mənə elə gəlir ki, türk sənətçiləri bizimkilərdən daha məsuliyyətlidirlər. Bilmirəm, bəlkə də, bizimkilər istedadlarına güvənib işə bir o qədər də məsuliyyətlə yanaşmırlar.

— Tarla bağlı stereotipləri qırdınız – indiyədək tarda ifa kişilərə məxsus idi. İndi gənc bir xanımı da, əlində tar efirdə görməyə başlamışıq. Çətin deyil?

— Ümumiyyətlə, tar çox çətin alətdir. Bir gün tarı əlinə almasan, özün bilirsən. İkinci gün əlinə almayanda ətrafındakı musiqiçilər bilir. Üçüncü gün əlinə almayanda hamı bilir. Bu, elə bir alətdir ki, onunla hər gün mütəmadi şəkildə məşğul olmaq lazımdır. Hacı Məmmədovun qonşuları deyirmiş ki, “Hacı müəllimin qapısının kandarından keçəndə tarının səsini eşitmiriksə, bilirik ki, o, evdə yoxdur”. Hacı müəllimin özü deyirdi ki, “tarzən sutkanın 24 saatının 25 saatı bu alətlə məşğul olmalıdır”. O baxımdan, bu alət xanımlar üçün daha çətindir. Ailə ilə sənəti birlikdə çatdırmaq müşkül işdir. Amma subay olduğuma görə, hələ rahatçılıq var.

— Bu qədər çətinliklər olduğu halda bəs niyə məhz tar?

— Əslində heç özüm də bilmirəm niyə məhz tar?! Deyə bilmərəm ki, kiminsə ifasını eşitdim, ondan sonra məndə tara maraq oyandı. Ancaq qardaşım tar ifaçısı olub. Eyni vaxtda musiqi məktəbinə getmişik. O tar, mən fortepiano sinfinə. Fortepianodan istədiklərimi ala bilmirdim sanki. Çünki o alətdə muğam ifa etmək olmur. Amma tarda mümkündür. Ümumiyyətlə, nədənsə mən uşaqlıqdan daha çox kişilərin məşğul olduğu işlərə can atmışam. Qız incəliyindən bir qədər uzaq olmuşam. Asəf Zeynallı adına Musiqi Kollecində bütün qrupda qız tarzən bir mən idim. Milli Konservatoriyada isə ikinci-üçüncü kursda oxuduğum vaxt qız tələbə qəbul olundu.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 662