“Human Rights Watch-ın ünvanına tənqidlər ciddi deyil”
Human Rights Watch təşkilatının Avropa və Asiya üzrə direktoru Reyçel Denber HRW-ni qeyri-obyektivlikdə ittiham edən rəsmi Bakının tənqidini rədd edib.
Belə ki, Azərbaycan hökuməti təşkilatın son hesabatı ilə bağlı narazılığını bildirib. Hesabatda prezident seçkiləri ərəfəsində vətəndaş cəmiyyətinin hakimiyyət tərəfindən susdurulmasından danışılır.
Rəsmi Bakının təmsilçiləri HRW-ni Azərbaycanın düşmənləri və erməni lobbisi ilə əməkdaşlıqda ittiham ediblər.
“Bütün bu ittihamları eşitmək və Azərbaycan hakimiyyətinin tənqidi bu qədər primitiv və səthi qiymətləndirməsini anlamaq qəribədir. Nə üçün insan hüquqlarının yaxşılaşdırılması ilə bağlı çağırışlar düşmənləri dəstəkləmək kimi qiymətləndirilməlidir?”, — o, Turan-ın müxbri ilə söhbətində bildirib.
“Fundamental hüquqların – ifadə, toplaşma, birləşmə azadlıqlarının pozulmasına dair hesabatımız 18 ay ərzində hazırlanıb. Təzyiq prosesi bir il əvvəl başlayb və seçki ərəfəsində güclənib”, — o vurğulayıb.
“Hakimiyyət insan hüquqları ilə bağlı vəziyyəti necə yaxşılaşdırmalıdır” sualının cavabında Denber deyib ki, ilk addım uydurma ittihamlarla həbs edilən və hesabatda adları göstərilən fəalların azadlığa buraxılması olmalıdır. Bununla da hakimiyyət sübut edəcək ki, jurnalistlərə və vətəndaş cəmiyyəti fəallarına qarşı təhdidləri araşdırmağa hazır olması barədə bəyanatları ciddidir, sadəcə söz deyil.