Human Rights Watch: Anar Məmmədlinin həbsi həyəcan siqnalıdır
Seçkilərin monitorinqi sahəsində görkəmli ekspertin həbsi onu göstərir ki, hakimiyyət seçkilərin saxtalaşdırılmasını araşdıran hər kəsin ağzını yummaq niyyətindədir. Human Rights Watch hüquq-müdafiə təşkilatı belə hesab edir. “Anar Məmmədlinin həbsi hökumətin öz tənqidçilərini susmağa məcbur etmək cəhdini əks etdirir. Hakimiyyət dərhal Anar Məmmədlini azad etməli və ona qarşı bütün siyasi motivli ittihamları aradan qaldırmalıdır”, — HRW-nin Qafqaz üzrə nümayəndəsi Giorgi Qoqiya bildirib.
Anar Məmmədlinin rəhbərliyi ilə Seçkilərin Monitorinqi Mərkəzi sübut edib ki, 9 oktyabr prezident seçkiləri saxtalaşdırılıb və azad, ədalətli olmayıb. ATƏT missiyası da analoji rəy verib.
Qoqiya Anar Məmmədlinin seçkilərin nəticələrinə təsir etmək məqsədilə “vəzifə səlahiyyətini aşmaqda” ittiham edilməsini “görünməmiş və biabırçı qisas cəhdi” adlandırıb. Həbsdən sonra Anar Məmmədlinin vəkil ilə görüşündən imtina edilib və əvəzində hakimiyyət ona öz vəkilini təqdim etməyə cəhd göstərib. Onun həbsdə saxlanmasına səbəb kimi prokurorluq Anar Məmmədlinin xaricə qaça biləcəyinin mümkünlüyünü göstərib.
“Anar Məmmədlinin saxlanması üçün qanuni əsaslar olmadığından o, həbsdən azad edilməlidir”, — bəyanatda deyilir.
“Anar Məmmədlinin həbsi hakimiyyəti tənqid edən bütün fəallar üçün həyəcan siqnalıdır”, — Qoqiya vurğulayıb. Azərbaycanın beynəlxalq
tərəfdaşları A.Məmmədlinin dərhal azad edilməsi və ona qarşı siyasi motivli ittihamların götürülməsi üçün ölkə hakimiyyətinə təzyiq göstərməlidir (Turan).