Muəllif:

Hörmətli dəlilər, bizə ağıllı demək olar?

Dəlixanadan dəlilər qaçdığını duydum. Bəs ötən müddət ərzində bunlar orda necə müalicə alıblar? Demək ki, bu boyda adamdan lazımınca müalicə alan olmayıb. Alsa idilər, az da olsa ağıllanardılar. Belə olan halda isə normal bir cəmiyyətə qovuşacaqlarına ümid edib qaçmazdılar ordan. Ola da bilər ki, onlara oxumağa heç qəzet filan da verməyiblər və onların da dəlixana divarlarından kənarda baş verənlərdən xəbərləri olmayıb və qaçıblar. Yoxsa qaçmazdılar. İndi isə, hər halda cəmiyyətin onlar barədə nə düşündüklərini maraq edir, onların haqqında hansı tədbiri görəcəklərini bilmək üçün qəzet oxumağa çalışarlar. Odur ki, burdan onlara müraciət etməyi düşündüm.
Hörmətli dəlilər (hər halda sizə belə müraciət edirlər), dəlixanadan qaçmısız, lap da yaxşı etmisiz, bu qərarınıza bir söz deyə bilmirəm. Ancaq hara qaçdığınızın fərqindəsinizmi, deyə maraq etdim. Təbii ki, ağıllı insanlara da rast gələcəksiz “bayırdakı” həyatınızda. Ancaq əmin olun ki, onlar da dəli olmaq ərəfəsindədirlər. Qaçmağınızdan belə anladım ki, “bayırda” olanlardan məlumatsızsınız. Onda mən yazım, siz oxuyun. Sonra özünüz müəyyən edin, geri, dəlixanaya qayıdacaqsız, yoxsa yox. Bu başdan deyirəm ki, geri qayıtmayacağınız halda sizi bizlərin içindən tapıb geri qaytarmaq (fərqləndirmək) o qədər də asan olmayacaq. İndi isə müqayisəni aparın, çalışacam qısa yazım.
Çox hörmətli dəlilər, biz 1988–ci ildən ermənilərlə müharibə vəziyyətindəyik. Onlar torpaqlarımızın 20 %-ni işğal ediblər. Bizlər torpaqlarımızı geri qaytarmaq haqqında belə düşünmürük. “Şuşa,” “Xankəndi” və s. bu kimi adlarda restoranlar açıb yığışmışıq oralara. Yox, demədim ki, Qarabağı unutmuşuq. Qeyd etdim axı, adına restoranlar açıb həmən restoranlarda Qarabağın sağlığına badə qaldırır, növbəti badələrimizi Qarabağda qaldırmamızı arzu edir, tostlar deyirik. Kür suyunu isə İsa Bulağının ləzzəti ilə içirik. İndi bizə ağıllı demək olarmı?
Sual edərsiz ki, yaxşı bəs Qarabağı kim alıb sizə verəcək ki, növbəti badəni orda qaldıracağınıza ümid edirsiz? Sizə ərz edim ki, belə bir təşkilat var — ATƏT, onun da bir Minsk qrupu. Neçə illərdir gəlib Bakıda, İravanda (resmi adı Yeravandır, bu cür yazmaqla özümüzə təskinlik veririk) kabab yemək, sonradan da yedikləri kababın ləzzəti barədə öz tviterlərində yazmaqdadırlar. Bilirəm, düşünürsüz ki, buna bax, dəlidir nədir bu, biz hələ dəlixanaya düşməmişdən, neçə illər öncədən həmən təşkilat bu işlə məşğuldur, siz hələ də onlara inanırsız? Düşünrsüz ki, bu Minsk Qrupunun üzvləri heç də Azərbaycana dost olan ölkələr deyil axı. Hətta Qarabağı alıb ermənilərə verən Rusiya da ordadır, hətta Fransanın ermənilərin dostu olduğunu biz dəliliyimizlə bilirik, hətta biz dəli halımızla Amerikada Qarabağın nümayəndəliyinin, ermənilər tərəfindən açılmış, olduğunu da bilirik. Siz isə hələ də ATƏT-ə inanırsız. Sizə ağıllı deyənə mən nə deyim. Hörmətli dəlilər, mən də elə onu deyirəm, bizə ağıllı demək olar?
Hörmətli dəlilər, ölkəmizdə əmək haqqı, təqaüd təxminən 150 – 200 manatdır və biz həyatımızdan çox razıyıq. Küçələrə baxırsan, hasarın bir tərəfi bərq vurur, digər tərəfininə gəlincə…, ora heç görsənmir də. Nazirlərimiz 1000-2000 manat arası əmək haqqı ilə villalar tikdirir, bahalı avtomobillər və s. alırlar. İndi deyəcəksiz ki, dəlisən, nəsən, bu necə mümkün ola bilər? Dediyin əmək haqqı ilə bunları etməyin mümkünlüyünə heç gic də inanmaz, o ki, qala dəli. Deyəcəksiz ki, dəlixanadan qaçdığımızı bilib də bizi gic yerinə qoyma. Əgər özünüz buna inanmısınızsa, sizə ağıllı deyənə biz nə deyək? Elə mənim də dediyim odur…
Hörmətli dəlilər, uzatmayım, qısa yazım. Kəndlərimiz boşdur, gənclərimiz dünyanın müxtəlif ölkələrində çörək pulu peşindədirlər. Yerdə qalan gənclər yığışıb paytaxta. Kənd yerlərində artıq nə qədər desən bağlı qapılara rast gələ bilərsən. İndi də deyəcəksiz ki, bunun başı xarabdır, neft ölkəsinin insanları da bu gündə olar? Bəs mən nə deyirəm?
Hörmətli dəlilər… Yaxşı, çox uzatdım deyəsən. Ancaq elə düşünməyin ki, deyəcəklərim elə bunlar ola bilər. Yox, sadəcə sizi dəli etmək isəmirəm. Bilmirəm, bəlkə bunları oxuyandan sonra, sizi nisbətən ağıllandıran mühitə qayıtmaq barədə düşündünüz. Baxın, özünüz yaxşı düşünün. Sonra deməyin ki, bizə deyən olmadı. Qərar sizindir. Əgər bizi ağıllı bildinizsə, onda sizi bizim aramızda tez tapacaqlar, odur ki, könüllü qayıdın gəldiyiniz yerə. Yox, bu yazıdan sonra başqa cür düşünməyə başladınızsa yenə də qayıdın öz yerinizə. Burda qalmağınızın bir anlamını görürsünüzsə, qayıtmayın. Onsuz da sizi bizim aramızdan seçib geri qaytara bilməyəcəklər. Necə ki, tapa bilmirlər də…

[email protected]

P.S. Mən də burdan — Niderlanddan qayıtmaq istəyirəm. Bunu dostlara deyəndə isə, dostlarım mənə “dəli” deyirlər. Bu günlərdə eşitdim ki, Rusiyadakı bir dostumuz geri qayıtmağı düşünür. Mən də ona: “dəlisən?” — dedim. Necə deyərlər, dəli dəliyə dəli deməsə…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 463