Hökumətə məxsus qızıl ehtiyatının həcmi 791 kq-a çatıb
«Son illər ərzində Azərbaycanın mədən sənayesinin inkişafı nəticəsində ölkənin mineral ehtiyatlarının işlənməsindən əldə edilən strateji valyuta ehtiyatları artmaqdadır. Azərbaycan Mərkəzi Bankında saxlancda olan hökumətə məxsus qızılın miqdarı 25 414,9 troya unsiyasına (790,5 kq) çatdırılıb».
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.
Nazir sığorta bazarından da danışıb. Onun sözlərinə görə, 2012-ci ildə sığorta müqavilələri üzrə toplanmış sığorta haqlarının həcmi 342,5 mln. təşkil edib ki, bu da 2003-cü ilin göstəricisindən 6 dəfə çoxdur: «Beləliklə, adambaşına düşən sığorta haqlarının orta məbləği 37 manata çatıb ki, bu da 2003-cü ilin göstəricisindən 5,3 dəfə çox olub».
S.Şərifov bildirib ki, 2012-ci ilin sonunda sığortaçıların ümumi kapitalı 294,0 mln. manata çatıb ki, bu da 2003-cü ilin müvafiq göstəricisindən 16 dəfə çoxdur: «2012-ci il ərzində həyatı, sağlamlığı və əmək qabiliyyəti sığortalanmış şəxslərin sayı 1,719 mln. nəfər təşkil edib ki, bu da 2011-ci ilin göstəricisindən 254 min nəfər və ya 17% çox olub. Ötən il könüllü və icbari qaydada sığortalanmış avtomobillərin sayı 1 mln.-dan artıq olub. Daşınmaz əmlakın sığortası üzrə ötən il 233 845 yaşayış evi, mənzil və qeyri yaşayış sahəsi sığortalanıb».
Maliyyə naziri vurğulayıb ki, 2012-ci ildə sığorta şirkətləri tərəfindən ümumilikdə 93,9 mln. manat məbləğində sığorta ödənişi verilib və bu, 2003-cü ilin analoji göstəricisini 6,3 dəfə üstələyir.