Hökumət taxılın alış qiymətini artırmaq istəyir
Bu il Dövlət Taxıl Fonduna tədarük olunan taxılın alış qiymətinin artırılması barədə müraciət olunacaq. Çünki ötən il fermerlər məhsulun aşağı qiymətə alınmasını əsas gətirərək ziyanla üzləşdiklərini bildiriblər. KTN onların əkinə marağını artırmaq üçün belə bir addım atacaq. Eyni zamanda ölkədə istehsal olunan yüksək keyfiyyətli buğda sortlarının alınması vacib hesab olunur.
Bu məsələ KTN-nin bu il ölkədə taxıl istehsalını stimullaşdırmaq və fermerlərin becərdiyi məhsulun satışını daha rahat və etibarlı təmin etmək üçün hazırladığı təkliflər arasında yer alıb. Sənəddə bölgələrdə fermerlərin istehsal etdiyi taxılın əlverişli şərtlərlə və qiymətlərlə alınması vacib sayılır.
Dövlət Taxıl Fondu fermerlərdən yüksək keyfiyyətli buğdanın alınacağını bildirir. Ölkədə becərilən taxılın bir hissəsi keyfiyyətsiz olduğundan fond onu qəbul etmir, bu isə fermerlərin narazılığına səbəb olur. Fond yüksək keyfiyyətli buğda almağa üstünlük verir. Bununla bağlı keyfiyyət göstəriciləri də məlumdur. Şərtlərə görə, dənin naturası, alaq otları qarışığı, dən qarışığı, nəmliliyi, yapışqanlılığı və keyfiyyəti, şüşəvariliyi müəyyən edilib. Eləcə də sürmə ilə, anbar ziyanvericiləri ilə yoluxan bitkilər də qəbuledilməz sayılır. Sonuncu şərtə görə isə bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən, ekoloji cəhətdən əlverişsiz təsərrüfatlarda becərilən məhsul da Dövlət Taxıl Fonduna qəbul edilmir. Reallıq bundan ibarətdir ki, bir çox təsərrüfatların məhsulu həmin şərtlərə uyğun gəlmir. KTN isə bu problemin həlli üçün yenidən səmərəli və tərəfləri qane edən mexanizm hazırlanmasını təklif edir.
Dövlət Taxıl Fondunun rəisi Zülfüqar Məmmədov APA-ya bildirib ki, 2012-ci ildə yerli fermerlərdən taxıl tədarük edə bilməyiblər: “Taxıl biçini başlayan gündən KİV-də bununla bağlı elan vermişdik. Hətta fermerlərə kömək məqsədilə qiyməti bir qədər yüksək götürmüşdük. Lakin Dövlət Taxıl Fonduna ərzaqlıq buğda təklifi olmadı”.
Qeyd edək ki, 2012-ci ildə 2 milyon 800 min ton taxıl istehsal olunub. Onun 1 milyon 800 min tonu buğda idi. KTN idarə rəisi Sabir Vəliyev hesab edir ki, Dövlət Taxıl Fondu yerli sahibkarlara çox gözəl qiymət təklif edib. Əvvəlcə taxılın 1 tonu üçün qiymət 220-250 manat idi, sonra 1 tonuna 300 manat təklif olundu:”Bu, yaxşı təklifdir. Bazarda da 1 ton buğdanın qiyməti 250-300 manatdır. Fermerlərin fonda məhsul verməməsinin səbəbi, ola bilsin, taxılın daşınma problemləri ilə bağlıdır. Yaxud da fond taxılın keyfiyyətini laboratoriya şəraitində yoxladığından, ola bilər, məhsul şərtlərə uyğun gəlməyib”.