Hökumət qazı əhaliyə kommersiya qiyməti ilə satır…
Elektrik enerjisi və mavi qazın əhaliyə satış qiyməti maya dəyərlərindən xeyli yüksəkdir. Müstəqil qurumların hesablamalarına görə, 1000 kubmetr təbii qazın orta maya dəyəri təqribən 68 manatdır. Əhaliyə isə hər kubmetri 100 manata satılır. Azərbaycan əhaliyə satılan mavi qazın qiymətinə görə MDB ölkələri arasında ilk yerlərdən birini tutur. Bizdə təbii qazın qiyməti hətta Rusiyadan da yüksəkdir.
Belə çıxır ki, kommunal xidmət haqları əhali gəlirlərinə nisbətən yüksəkdir. Bunlardan ən bahası elektrikin qiymətidir ki, bu da orta əməkhaqqının təxminən 10-15 faizini təşkil edir. Qazın qiyməti elektrikə nisbətən ucuz olsa da, onun əhaliyə satıldığından xeyli ucuz başa gəlməsi qiymətin aşağı salınmasını gündəmə gətirir. Ekspertlər isə əhaliyə maya dəyərindən 5 dəfə artıq satılan qazın qiymətinin ucuzlaşdırılması üçün hər cür imkanların olduğunu deyirlər.
Belə ki, qazın qiymətinin azı 20 faiz azaldılması, 1000 kubmetrə görə 80 manata salınması mümkündür. Qiymətin aşağı salınması nəticəsində ödənişlərdə yaranacaq azalma ötürülmə zamanı itirilən qazın azalması və qeydiyyatsız ünvanların aşkar edilməsindən dolayı qazanılacaq təbii qaz hesabına kompensasiya edilə bilər. Söhbət hüquqi şəxslərə yox, əhaliyə satılan təbii qazın qiymətindən gedir. Bunun üçün yetərli imkanlar var.
İqtisadçı Nazim Məmmədov xatırladır ki, kommunal xidmətlərin maya dəyərinə uyğunlaşdırılması haqda ölkə prezidentinin fərmanı var. Belə ki, 2010-cu ildə imzalanan fərmanla Nazirlər Kabinetinə bunu reallaşdırmaq üçün göstəriş verilib. Lakin heç bir təklif irəli sürülmədi və fərman yerinə yetirilmədi: ”Müqaviləyə uyğun olaraq biz neft konsorsiumundan səmt qazını pulsuz alırıq. Eyni zamanda, bizim öz qaz istehsalımız da var. Biz bu qazı əhaliyə kommersiya qiyməti ilə satmamalıyıq”.
İqtisadçı deyir ki, əksər ölkələrdə olduğu kimi, bizdə də belə məhsulların əhaliyə maya dəyərindən 30 faizdən yuxarı satışına maneə qoyulmalıdır: “Ölkə daxilində bu, digər kommunal xidmətlərə də aid olmalıdır. Bu halda həm rentabelli işləmək mümkün olur, həm da maya dəyəri şişirdilmir”.
Məmmədovun fikrincə, ARDNŞ-in istehsal etdiyi qazın maya dəyəri yüksək göstərilir: “Təbii şəraiti bizə uyğun ölkələrdə təbii qazın çıxarılmasının maya dəyəri 1000 kubmetrə görə 10-30 dollar arasında olur. Çox təəssüf ki, Neft Şirkəti bu və ya digər səbəbdən istehsal etdiyi qazın maya dəyərini yüksək götürür. Bu yüksək maya dəyərini satınalmalarla və qaz istehsalı üçün digər əlavə xərclərlə izah edirlər. Bir neçə dəfə belə fikirlər səsələndirilib ki, guya qazın 1000 kubmetrinin maya dəyəri 60-80 manat arasındadır. Bu həqiqəti əks etdirmir. Azərbaycanda maya dəyərin süni artırılması, müxtəlif xərclərə görə qiymətlərin şişirdilməsinə tez-tez rast gəlinir.
Azərbaycan təbii qaza olan tələbatını bütövlükdə yerli istehsal hesabına təmin edir. Ötən il Azərbaycanda 27 milyard kubmetr qaz hasil olunub. Bu, ölkənin qaza olan tələbatından təxminən 2 dəfə çoxdur.”
Onu da qeyd edək ki, yaxın illərdə “Şahdəniz” yatağının 2-ci fazasının, “Ümid”, “Babək” və “Abşeron” yataqlarında tapılan yeni ehtiyatların istismarı nəticəsində təbii qaz istehsalının dəfələrlə artacağı gözlənilir.
Proqnozlara görə, 2015-ci ildə “Şahdəniz-2” istifadəyə veriləcək və ölkənin qaz hasilatı 45 milyard kubmetrə çatacaq. Azərbaycan 2-ci onilliyin sonuna qədər təbii qaz hasilatını ildə 80 mlrd kubmetrə çatdırmaq niyyətindədir.
Rəsmi məlumatlara görə, Azərbaycanın proqnoz təbii qaz ehtiyatları 3,5 trln. kubmetr təşkil edir.