Muəllif:

Hicran Nəsirova: «Sənətə qiymət verilməyəndə…»

Əməkdar artist Hicran Nəsirovanın aktrisa kimi ilk iş yeri İncəsənət Universitetinin nəzdindəki Tədris Teatrı olub. O vaxtdan bəri həyatını incəsənətlə bağlayan aktrisa davranışı, ətrafına münasibəti ilə seçildi. Aktrisanın həyatı keşməkeşli oldu. Amma o, bunları şükranlıqla, təmkinlə qarşıladı. Və müəyyən fasilədən sonra yenidən sənətinə qovuşdu. Onunla söhbəti lap ilk sənət illərindən başladıq:
— O zamanlar Tədris Teatrında aktyor ştatı var idi, mən də təyinatla həmin aktyor ştatına qəbul olunub, İncəsənət Universitetində səhnə danışığı fənnindən dərs deməyə başladım. Bu teatrda Vaqif İbrahimoğlunun rəhbərliyi ilə indiki Yuğ Teatrının təməli qoyulurdu. Bu teatrın bünövrəsini qoyan aktyorlardan biri də mən olmuşam. Mən universitetdə Adil İskəndərov, Elmira Şabanova, Ədalət Ziyadxanov kimi sənətkarlardan dərs almışdım, Tədris Teatrında isə Vaqif İbrahimoğlu kimi böyük sənətkarın məktəbini keçdim. O vaxt bu teatrda «Cəfər Cabbarlı yaylağa gedir» əsərinin tamaşasında tibb bacısı, Ekzüperinin «Balaca şahzadə» əsərində balaca şahzadə, «Dədə Qorqud» eposunun «Dəli Domrul» boyunda Xatun, Səməd Vurğunun «Komsomol poeması»nın tamaşasında Humay kimi rollar oynadım. Təsəvvür edin ki, aşıq musiqisi altında Cəlalın ölüm səhnəsində mahnı oxuyurdum. Çox gözəl bir səhnə alınmışdı.
Bu teatrdakı fəaliyyətim çox məhsuldar olub. Tədris Teatrı söküldükdən sonra Akademik Milli Dram Teatrının kiçik səhnəsində həmin kollektiv fəaliyyətini davam etdirməyə başladı. Bu teatrda Məhəmmədhüseyn Şəhriyarın «Heydərbabaya salam» poeması əsasında eyniadlı tamaşa qoyuldu. Mən o tamaşada 3 qadın obrazını oynayırdım — nişanlısı, xanımı və anasını.
— Vaqif müəllimi necə xatırlayırsınız?
— Orada bina köhnə idi, olurdu ki, qapı yaxşı açılmırdı və s. Bir dəfə məşqdən qabaq paltarımı dəyişmək üçün otağa girdim, qapını çəkdim, qapı bağlandı, qaldım içəridə (gülür). Vaqif müəllim çox tələbkar olduğundan səsimi də çıxara bilmirdim. Bir də Vaqif müəllimin səsini eşidirəm ki, Hicran hanı? Hicran hanı? Gəldilər, amma qapını aça bilmədilər, usta gələnə kimi yuxarıda şüşənin biri yox idi, oradan taxtaların üstünə çıxıb, qorxa-qorxa aşağı enib, otaqdan çıxdım (gülür).
Adətən, tamaşa təhvil verilməmişdən 1 həftə öncə paltarlarımız hazır olur. Amma «Dədə Qorqud» tamaşasında paltarlarımızın tikilişi bəzi səbəblərdən gecikdirildi və tamaşanın başlamasına 1 saat qalmış geyimlər bizə çatdırıldı. Mən də məşqləri idman geyimində etdiyimdən paltarı üzərimdə yoxlamaq istədim. Çünki tamaşada bəzi akrobatik hərəkətlərim var idi. Mən paltarımı geyinib o hərəkəti yoxlamaq istəyəndə yıxıldım, başım zərblə yerə dəydi. Beynim tərpəndi, halım çox pisləşdi. Mənə görə baxış tamaşası təxirə salınmasın deyə təkidlə oynayacağımı bildirdim. Dedim, əgər replikanı səhv desəm, siz mənə fikir verməyin. Amma özümü toparlayıb elə oynamışdım ki, 1 dənə sözü də qaçırmamışdım. Tamaşadan sonra evə nə zülmlə getdiyimi bir Allah bilir.
Bilirsiniz, mən fanat olmuşam və həkimlərin mənə 1 ay tərpənmədən uzanmağı tövsiyə etmələrinə baxmayaraq, o baş ağrısı ilə 1 ay ərzində 2 tamaşa oynamışam.
— Dəyməzmiş, yoxsa?
— Yəqin ki, dəyməzmiş. Bəlkə də məndən çox canını qurban verən olmayıb. Amma nə olsun ki? Qan təzyiqi, uzun müddət baş ağrısı tapdım. Hər bir hadisə insanın həyatında, sağlamlığında iz buraxır, heç nə elə-belə keçmir. Məsələn, film çəkilişinə hazırlıqda atdan yıxılıb belimi sındırdım, uzun illər keçməsinə baxmayaraq, indi də o ağrı mənə əziyyət verir.
— Hicran xanım, bugünkü seriallara münasibətiniz necədir?
— Sözün düzü, vaxt olanda baxıram. Bəzilərinin ssenarisi maraqlı olsa da, əksəriyyəti «xaltura»dır. Silsilə seriallar çəkilsə də, sənət baxımından mən bir şey görmürəm. Əvvəllər «xaltura» idi, indi isə «ekspromt» deyilir. Çünki hər şey maddiyyata bağlanır. Yəqin ki, dövrün tələbi budur. Dünya televiziya kanallarında da bu vəziyyəti izləyirik.
— Bunu bilə-bilə özünüz də çəkilirsiniz?
— Bəli, özüm də çəkilirəm. Çəkildiklərim də elə o vəziyyətdədir. Çünki imkan yoxdur ki, sənət baxımından nəsə edəsən. Əvvəllər biz çəkiləndə aylarla məşq edirdik, bilirdik ki, nə oynayırıq. İndiki seriallarda bu yoxdur. Gəlirsən, bir vərəq verirlər ki, bunu oynamalısan. Buna sənət demək olmaz axı. Axşam yazıb, səhər çəkirlər. Soruşsan, heç rejissor da bilməyəcək ki, bu rolun axırı hara gedir (gülür). Çoxusuna çəkilmədim, sonra gördüm ki, onsuz da hamı çəkilir. Tamaşaçılar da deyirlər ki, görünmürsüz… Axırda məcbur olursan ki, görünəsən. İndi belə lazımdır. Həm də sözün düzü, çəkilirik ki, maddi durumumuz yaxşılaşsın, az da olsa, düzəlsin. Onsuz da başqa ölkələrdə olduğu kimi qazanmırıq. Əziyyət elə bizə qalır.
— İndi də gözəlsiniz, əvvəllər amma nərmənazik, cazibədar bir qız olmusunuz.
— Bütün qadınlar istəyirlər ki, gənclik təravətini qoruyub saxlasınlar, həmişə formada olsunlar. Mən də 1996-cı ilə qədər forma saxlayırdım. Xəstəliyimlə əlaqədar sonradan kökəldim. Daha doğrusu, mənə elə iynələr vuruldu ki… Yəni çəkimin artması yeməkdən, idmandan asılı deyildi. Nəhayət ki, bu son illərdə çətinliklə də olsa, çəkim azalmağa başladı.
— Adil İskəndərov heç bir tələbəsinə icazə vermirdi ki, efirə çıxsın. Amma bildiyimə görə, sizə bu məhdudiyyəti qoymayıb…
— Bəli, elə idi. Lakin məni görəndən sonra dedi ki, «qızı, sən çıx» (gülür). Televiziya tamaşalarına tez-tez çəkilirdim. Elə olurdu ki, hər həftə efirdə idim. Sonra dedim ki, bu qədər olmaz axı… Qoy bir az insanlar darıxsınlar. Televiziyada Cəfər Cabbarlının «Gülər» hekayəsi səhnələşdirilmişdi, mən Güləri oynamışdım. O vaxt demişdilər ki, eşitmişik aktyorlar sözsüz oynaya bilərlər, bunu Hicran bizə sübut etdi. Çünki Gülərin sözsüz səhnələri çox idi.
— Həyatınızda ən çox nəyə heyfsilənmisiniz?
— Həyatda hamıya şans verilir, kimsə bu şansı tutur, kimsə tuta bilmir. Mənə də belə şanslar verilib, amma istifadə etməmişəm.
— Bilmək olar, nə şanslar idi?
— Dəvətlərim çox olub, amma müəyyən səbəblər üzündən gedə bilməmişəm. Bir dəfə Türkiyədən məni çəkilişə dəvət etdilər, teatrda isə o zaman «Kral Lir» tamaşasının son məşqləri idi. Heç cür qoyub gedə bilməzdim. Bir neçə ildən sonra da dəvət aldım, amma o gün atam rəhmətə getmişdi. Moskvadan və Riqanın İncəsənət Universitetindən məni aspiranturaya dəvət etmişdilər. Şərait elə gətirdi ki, gedə bilmədim. Və buna heyfsilənirəm.
— Həyatda da belə olub, yoxsa?
— Mən özümdən çox başqasını düşünürəm. İndiyə kimi heç kəsi incitmək istəməmişəm. Demişəm ki, eybi yox, bunu mən sonra edərəm. Ona görə də sənətdə bir az geri qalmışam. Elə işlədiyim teatrda az incidilməmişəm. Dəfələrlə baş roldan çıxmışam. Başqası olsaydı… Mən teatra baş rollarla gəlmişəm. İndi xarakterik rollar oynayıram.
Əfsuslar olsun ki, qiymət veriləndə baş roldan başqa, 2-ci dərəcəli rollar yaddan çıxır. Amma nəzərə alan yoxdur ki, baş rolun ətrafında 2-ci, 3-cü dərəcəli rollar olmasa, baş rol da öz təsirini itirər. Bəzən isə elə olur ki, 2-ci dərəcəli rollar baş roldan yaxşı oynanır. Kim kimin kölgəsindədir — tamaşa zalından çox gözəl görünür. Ona görə də qiymət rolun çəkisinə görə yox, keyfiyyətinə görə verilməlidir. Mənim oynadığım rollar indiyə kimi yadda qalıb. Eləsi də var ki, az müddətdən sonra oynadığı yaddan çıxır.
Cəfər Cabbarlının «Aydın» əsərinin tamaşasında Böyükxanım rolunu mərhum sənətkarımız Mikayıl Mirzə mənə həvalə etmişdi. Çox gözəl aktyor kollektivi ilə çalışırdım. Tamaşa böyük müvəffəqiyyət qazandı. Xalq artisti Zəroş Həmzəyeva tamaşadan sonra gec olmasına baxmayaraq mənə zəng etdi və xoş sözlər deyib, tamaşadan böyük zövq aldığını bildirdi.
Bu gün teatrın repertuarında olan 3 tamaşada oynayıram. Bizim tamaşadan qazandığımız bir gül dəstəsidir, bir də tamaşaçı alqışı. Tamaşaçı alqışından böyük xoşbəxtlik ola bilməz.
— Fikirləşirsinizmi ki, müəyyən müddətdən sonra səhnədən gedəsiniz?
— Bundan sonra? (gülür) Gec deyil, nə vaxt istəsəm, gedə bilərəm. Amma səhnə elə bir şeydir ki, oradan qopmaq çox çətindir. İnsan bir dəfə öz ömrünü yaşaya bilmir, biz isə nə qədər rol oynayırıqsa, o qədər insan ömrü yaşayırıq. Ona görə də aktyorların çoxu xəstədir, çoxu vaxtından tez dünyasını dəyişir. Maddiyyat o yana qalsın, mənəvi qiymət də verilməyəndə sənə ikiqat zərbə olur.
— Özünüzə teatrda, kinoda nə kimi rol arzulayırsınız?
— Əvvəllər çox arzulamışam. Arzulayırdım və inanırdım. Bir də görürsən ki, təsdiq olunursan, amma səni çəkmirlər. Cavanlığımda arzuladıqlarımı indi axı arzulaya bilmərəm. Hər dövrün öz rolu var. Amma indiki dövr üçün də bir-iki rol var ki, istəyərəm onları oynayım. Əvvəllər çox demişəm, görmüşəm ki, tamaşa götürülüb, başqası oynayıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 1008