Heykəlləri uçuraq?
Altmış ilə yaxındır dünyada olmayan Səməd Vurğun son günlər qəfildən gəlib gündəmi zəbt etdi. Sanki canlıymış kimi, bizim günlərin insanıymış kimi. Ondan hələ də əl çəkmədikləri ilə üzləşmişdi. Və deyəsən, hələ bir müddət — özü də lal-dinməz dayanaraq gündəmdə qalası olacaq. Məsələ bu dəfə ciddidir və ictimai münasibət tələb edir — böyük bir insan ölümündən altmış il sonra layiq olmadığı bir kobudluqla təhqir olunub.
Sovet dönəminin indi dünyada olmayan tanınmışları arasında təkcə Səməd Vurğun zaman-zaman bu qədər mübahisə, müzakirə mövzusu olur. Bu — tənqiddən çox, kinli hücumlar və onların boşa çıxması barədə çox oxumuşuq. Vaxt olub həmkarları onun qanına da susayıblar. Bu da alınmayıb. Ədəbiyyata gəldiyi gündən ta ölən günə qədər belə olub. Hər dəfə də yel qayadan heç nə apara bilməyib. Sonra ara bir az səngiyib. Bir də 90-cı illərdən sonra təkrar başladılar. Bu dəfə də bir şey çıxmadı. Şeirimizin azmanı ilə yenə də bacara bilmədilər. Səsləndirilən mülahizələr havadan asılı qaldı. Bu da təsadüfi deyil — filoloji meyarlara görə Böyük Şair adı onun ədəbi taleyinə yazılıb, zamanında xalqının qəlbinə girməyi bacarıb və onu oradan çıxarmaq kiməsə asan görünməsin.
Bu dəfə isə başqa — daha ciddi səbəb vardı. Sovet dönəmində ən üzdə olan, sayılıb-seçilən bir neçə azərbaycanlıdan biri olmuş bu kişiyə, haqq dünyasında olan bir kişiyə — bizim yalançı dünyanın uğursuz bir «siyasətçi»si mediada küçə söyüşü ünvanlayıb… Reaksiyalardan gördüyümüz kimi, özünə hörmət edən hər kəs bu əməldən hiddətlənib. Biz də onun öz üslubunda xalq dili ilə «özünsən» deyə və qorxmadan sözümüzün üstündə dura bilərdik. Lakin bunu etmirik. Onda biz söyüş işlədənin səviyyəsinə enmiş olarıq.
Bizi sarsıdan və düşündürən məsələnin başqa tərəfidir. Müxalif düşərgənin mətbuata yol tapmaqda ən zirək personalarından birinin, hətta «müxalifətin ağsaqqalı» olmaq (özlüyündə maraqlı statusdur), hakimiyyətin ən yüksək eşelonunda yer tutmaq iddiasını öz tərəfindən ortalığa sürüşdürmüş birinin bu qədər bəsit düşüncə sahibi olduğunun üzə çıxması idi bizi sarsıdan. Bu söyüşün səsləndiyi müsahibəni mətbuat səhifəsinə çıxaran jurnalist bu baxımdan təşəkkürə layiqdir. Heç olmasa ona görə ki, bizi — seçiciləri və media mənsublarını ayıltdı. Bəlli olur ki, bu adam jurnalistə müsahibə verəndə üyüdüb tökür, fağır jurnalist gedib redaksiyada oturub bu sicilləməni yazıya köçürür, müsahibə subyekti isə «işini» bildiyindən əvvəlcədən şərt qoyur ki, çapa getməmiş gətirərsən baxım… Bu prosesdə «tormozun tutmadığı yerlər» bir-bir çıxarılır — və ütülü bir «mətn» alınır. Aldadılmış oxucu da bu ütülü mətni oxuyub «siyasətçi»nin intellektual səviyyəsinə heyran qalır. Daha demir ki, bu yazının gerçək müəllifi elə həmin fağır jurnalist özü imiş.
Nə isə, qarşımızdakı «fəal siyasətçi»lərdən birinin bu son söz-söhbətlərin fonunda intellektual səviyyəsinə bələd olduq. Söyüşünə məhəl qoymayaq, görək nə deyir bu ixtisasca «sanitar həkim» — sonradan «siyasətçi» — «tarixçi» — «filosof» — təzəlikcə isə «ədəbiyyatşünas»?
Səməd Vurğun Qacar və Nadir kimi böyük şəxsiyyətləri aşağılayıb… Cavab: Səməd Vurğunda bu tipik Şərq despotlarına mənfi münasibət olub və bu, normaldır. Onlar saysız qanlar axıtmış, insan qırğınlarına bais olmuş qəddar hökmdarlar idi. Nadir şah isə oğlunun gözünü çıxartdırmışdı. Despotların siyasəti və «böyüklüyü» bu idi. Özü də Səməd Vurğun onları «xalq düşmənləri» çıxarmayıb. Bu — onların zəmanəsindən 150-200 il sonranın siyasi leksikonuna aiddir. Zamanı qarışdırmayaq.
Guya «Vaqif» pyesində tarixi faktlar təhrif olunub. Xatırladaq ki, bu pyes üzə çıxandan bəri onda tarixilik aspektində qurtdalanan adamlar çox olub, müəllifin qısa cavabı isə beləydi: mən tarixi əsər yazmamışam, mən bədii əsər yazmışam…
Nadirlə Qacarın «Azərbaycan üçün çox işlər görməsinə» gəldikdə… Adamı gülmək tutur. Onlar sapı bizdən olan baltalar idi, türk idilər, lakin İran şahları idilər, ev dilləri də, dövlət dilləri də fars dili idi. Şuşada saray sui-qəsdçiləri xəncəri Qacarın köksünə soxanda son qışqırtısı — özü də farsca — bu olub: «Xanəxərab, İran ra viran kərdi». Demir ki, (məni öldürməklə) Azərbaycanı viran etdiniz. Qacar Tiflisi odlara qaladı, dinc insanlara divan tutdu. Onu sevməyinizlə, Sərdar Cəlaloğlu, daha Gürcüstana gedə bilməzsiniz, özünə və keçmişinə hörmət edən gürcülər sənə, yumşaq desək, salam verməz, haqlı olaraq bir stəkan suyu da qıymazlar. Və yeri gəlmişkən, Qacarı Şuşa qalasında rusların zəhərləyib öldürdüyü nəsə yeni bir kriminal versiyadır, Sərdar Cəlaloğlu bunu hardan oxuyub, bilə bilmədik. Tarixçiliyimizdə son dərəcə maraqlı «yenilikdir».
Qacarın bu yürüşü İbrahim xan və İrakli başda olmaqla məlum «separatçıları» cəzalandırmaq üçün başladığı barədə mülahizəsi isə fars düşüncə mərkəzlərinin bizə tanış olan kiflənmiş tezisidir. Qoy Cəlaloğlu bu tezisi bizə sırımağa çalışmasın. Keçməyəcək.
Bəlli oldu ki, Cəlaloğlu keçmiş zamanın insanlarına onların yaşadığı zamanın gözü ilə baxmağı bacarmır. Bu günün gözü ilə baxıb, onlara qarşı bu günün tələblərini irəli sürür. Qəribə deyilmi? Bəli, Səməd Vurğunun zamanın ideoloji tələbindən doğmuş əsərləri var. Lap elə «26-lar», «Rəhbərə salam» və s. bir silsilə başqası. Bu kimi şeylər sovet dönəminin bütün ədiblərində var. Lap elə istiqlal şairimiz Əhməd Cavad — «Oktyabr»ı tərənnüm etməli olmuşdu. Hüseyn Cavid də, Mikayıl Müşfiq də rejimi, qəddar tiran Stalini tərifləyən nələrsə yazmalı olmuşdular. Hamı nəsə yazmalı idi — ideoloji tələb belə idi. Bunu etməyən xoşluqla gedib başını cəllad kötüyünün üstünə qoymalı idi. Lakin o dönəmin sənət adamlarının hamısının çox dəyərli, aktuallığını qoruyub saxlayan, əbədi qalan ədəbi irsi də var. Zamanın sınağından çıxmış bu irs onların da, bizim də bəsimizdir.
Səməd Vurğun milli şeir dilimizin gəlişməsində ayrıca bir mərhələdir, onun gözəl lirik şeirləri, «Vaqif» kimi insaniyyətin tiranlığa qarşı qoyulduğu mükəmməl bir pyesi, sanballı poemaları və s. var. Cibində kommunist bileti gəzdirsə də (Cəlaloğlu da, yəqin ki, komsomolçu olub), əqidəcə milli təmayülçü, fəal antifaşist, sülh uğrunda mübariz kimi xatirəsi qəlbimizdə əzizdir.
Heykəllərin uçurulması təklifinə gəldikdə, əgər Səməd Vurğunun heykəli məlum poemaya görə uçurulacaqsa, Sərdar Cəlaloğlunun məntiqinə görə — Rəsul Rzanın heykəli «Lenin» poemasına, Mikayıl Müşfiqin heykəli «Stalin» poemasına, Üzeyir Hacıbəyovun heykəli «Kolxoz» mahnısına, Ordubadinin heykəli «Döyüşən şəhər»ə, Hüseyn Cavidin heykəli «Azər» poemasına, Sergey Yeseninin «26-lar» balladasına, Hüseyn Arifin heykəli hansısa bir şeirinə görə və s. yıxılmalıdır. Heydər Əliyevin heykəlləri Şaumyanın Bakıda 100 illiyini keçirdiyinə və MK-nın birinci katibi olaraq adının «Şaumyan» kitabına müəllif olaraq yazılmasına, Nərimanovun heykəli isə 26-ların sür-sümüklərinin Bakıda dəfnində hökumət komissiyasının sədri olduğuna görə… Bir sözlə, Sərdar Cəlaloğlunun təklifinə görə, ölkədə bir heykəl qalmamalıdır.
Müxalifət düşərgəsində bu «ağsaqqal siyasətçi» ilə niyə məsafə saxladıqları bizə indi çatır.
[email protected]
Aynanın yeni köşə rubrikasından.