Həmsədrlər Bakıya gəldilər: Prezident onları qəbul edib
Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Jak For (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin Azərbaycana səfəri başlayıb. Vasitəçilərin dekabrın 15-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyi gözlənilir. Danışıqlar yekunlaşdıqdan sonra həmsədrlərin İrəvana səfər edəcəkləri planlaşdırılıb.
Görüşlərdə həmsədrlər tərəflərlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin müzakirəsini davam etdirəcəklər. Prezidentlər İlham Əliyev və Serj Sarkisyan arasında noyabrın 19-da Vyanada baş tutmuş görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təmasların intensivləşdirilməsi barədə razılığa gəliblər.
Bundan başqa, dekabrın 4-də Kiyevdə ATƏT Xarici İşlər Nazirləri Şurasının 20-ci iclası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş baş tutub. Görüşün yekunlarına dair nazirlər gələn ilin yanvarın sonunda növbəti görüşün keçirilməsi barədə razılığa gəliblər.
İlham Əliyev dekabrın 15-də Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Jak For ( Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər müzakirə ediliyi bildirilir.