Həsən Ruhani: Inflyasiya 42%-ə çatıb
Güney qonşumuz və ölkəmizin önəmli ticarət tərəfdaşlarından olan İran 42% səviyyəsində bir inflyasiya ilə qarşı-qarşıyadır. Bunu İranın yeni prezidenti Həsən Ruhani ölkə parlamentində millət vəkillərilə qapalı keçirilmiş qeyri-rəsmi görüşündə bildirib və əlavə edib ki, deputatlar bu gerçəkliyi yaxşı bilirlər: “Ona görə də mənim bu problemi açıqlamağıma və ölkənin hazırda hansı vəziyyətdə olduğunu deməyimə ehtiyac yoxdur”.
H. Ruhani vurğulayıb ki, İran-İraq müharibəsindən bəri ilk dəfə ölkənin iqtisadi inkişaf indeksi ard-arda mənfi olur: “Eyni zamanda İran bölgədə və dünyada inflyasiyanın səviyyəsinin yüksək həddə olduğu ölkələrdəndir”.
Qeyd edək ki, İranın Mərkəzi Bankı ölkədə bu ilin iyun ayında inflyasiyanın səviyyəsinin 35,9%-ə yüksəldiyini açıqlayıb. Xəbərdə bildirilir ki, bu da iyunda qiymətlərin 2% artdığını göstərir. Bank bu ilin may ayında ölkədə inflyasiyanın səviyyəsinin 34% olduğunu bildirib. İran Statistika İdarəsi isə may və iyun aylarında ölkədə inflyasiyanın səviyyəsinin 31% və 32,6% olduğunu açıqlayıb.
Belə çıxır ki, durum farslar demiş, daha «bədtər»dir