Hərbi xidmətə çağırışın yuxarı yaş həddi 40 yaş ola bilər
Hərbi xidmətə çağırışın yuxarı yaş həddi artırıla bilər. Milli Məclisdə hərbi qanunvericilikdə dəyişikliklər edilməsi üçün bir qrup deputat tərəfindən edilən təkliflər arasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklər layihəsi də təklif olunur.
Dəyişikliyə əsasən, qanunun 18-ci maddəsinin 2-ci bəndi bu variantda təklif olunur: “Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 40 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar”.
Xatırladaq ki, hazırkı varianta görə bu rəqəm 35 yaşdır.
Dəyişikliklər hərbi çağırış sisteminin NATO sisteminə uyğunlaşdırılması məqsədi daşıyır. NATO ölkələrində yuxarı yaş həddi bir sıra ölkələrdə 45 yaşdır.

