Hərbi parada — öz silah və texnikamızla!
26 İyun — Silahlı Qüvvələr günü münasibətilə Bakıda hərbi parada hazırlıq işləri davam etdirilir.Azadlıq meydanında iyunun 6-dan tribunanın və qonaqların yer alacağı səhnənin hazırlanır. Silahlı Qüvvələrinin 95 illiyinə həsr olunan parad müstəqillik dövründə Silahlı Qüvvələrin dördüncü hərbi paradı olacaq. İlk hərbi parad 1992-ci il oktyabrın 9-da, ikinci hərbi parad 2008-ci, üçüncü hərbi parad isə 2011-ci il iyunun 26-da keçirilib.
Hərbi paradda iştirak edəcək şəxsi heyətin hazırlıqları da davam etdirilir. Gələn həftədən isə Bakı səmasında Azərbaycan hərbi aviasiyasının təyyarə və helikopterlərinin təlim uçuşları planlaşdırılır.
Paradda ən müasir silah və texnikalar nümayiş etdiriləcək
Əvvəlki iki paradda olduğu kimi, bu dəfə də Silahlı Qüvvələrin nailiyyətlərinin, son illərdə sahib olduğu ən müasir silah və hərbi texnikaların nümayişi nəzərdə tutulur. APA-nın öz hərbi mənbələrindən əldə etdiyi məlumata görə, paradda əvvəlki illərdə keçid edən hərbi texnika – modernləşdirilmiş T-72 tankları, BMP-2 və BMP-3 tipli piyadaların döyüş maşınları, modernləşdirilmiş BTR və BRDM-lər, BTR-80, «Cobra», ZPT, «Storm» tipli zirehli maşınlar, Azərbaycan Ordusunun inventarına yeni daxil olmuş döyüş tankları, hava hücumundan müdafiə sistemləri ilə yanaşı Azərbaycan Ordusunun inventarına yeni daxil olmuş müxtəlif markalı döyüş maşınları, yüksək manevrli nəqliyyat vasitələri, yeni HHM sistemi, reaktiv atəş sistemləri, həmçinin İsraildən alınmış yeni pilotsuz uçuş aparatlarının, yeni döyüş və nəqliyyat helikopterlərinin nümayişi planlaşdırılır. Paradda ilk dəfə olaraq hərbi aviasiyanın yeni Mi-17 və Mi-35M tipli helikopterləri iştirak edəcək.
Keçiddə ən çox şəxsi heyətlə MN təmsil olunacaq. Müdafiə Nazirliyinə məxsus hərbi təhsil müəssisələri ilə yanaşı, Hərbi Dəniz Qüvvələri dəniz piyadaları, eləcə də ordu birləşmələrinin şəxsi heyətləri ayrıca kolon halında keçib gedəcək. Paradda şəxsi heyətin sayına görə ikinci yerdə Dövlət Sərhəd Xidməti olacaq. Daxili Qoşunlar, Mülki Müdafiə Qoşunları, Milli Qvardiya isə 100 nəfərlə təmsil olunacaq.
Paradın əsas prioritetlərindən biri də dənizlə bağlı olacaq. Hərbi Dəniz Qüvvələrinin gəmiləri ilk dəfə olaraq müasir gəmi əleyhinə raket kompleksləri və artilleriya silahları ilə silahlandırılmış şəkildə Bakı buxtasında yer alacaq. Bundan başqa, Bakı buxtasında DSX Sahil Mühafizəsi və FHN gəmiləri də parada dənizdən dəstək verəcək.
Yerli istehsal diqqət mərkəzində olacaq
Bu ilki paradda yerli hərbi sənayenin məhsullarına xüsusi diqqət yönələcək. Nəqliyyat vasitələri üzərində Azərbaycan müəssisələrində istehsal edilmiş 12,7, 14,5 və 7,62 mm çaplı snayper tüfəngləri, minaatanlar, 107 mm çaplı reaktiv atəş sistemi tribuna önündən keçid edəcək.
Müdafiə Sənayesi Nazirliyinin «Paramount Group» şirkəti ilə birgə istehsal etdiyi «Matador» və «Marauder» tipli minaya qarşı qorumalı nəqliyyat vasitələri hərbi texnikalar bölümündə yer alacaq. Bununla yanaşı, yerli istehsal olan pulemyotlarla silahlandırılmış «Gürzə» adlı patrul maşını, habelə, BRDM maşınının bazasında hazırlanmış kəşfiyyat-diversiya döyüş maşını da paradda ilk dəfə keçəcək.

