Hərbi hissədə şıdırğı narkotik alveri gedirmiş
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq hərbi qulluqçuları Araz Mamedov, Elşən Xantuyev, Nurlan İsmayılov və mülki vətəndaş Arif Babayevin cinayət işi üzrə məhkəmə başa çatıb.
İttihama görə, Araz Mamedov narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxslə satış məqsədi ilə qanunsuz əldə edib və saxlayıb. Araz Mamedov 16 mart 2012-ci il tarixdə hərbi hissəyə gələrkən onunla birlikdə müddətdən artıq xidmət edən hərbi qulluqçu Elşən Xantuyevin Nurlan İsmayılov ilə söhbət etdiyini görüb. O, həmin müddətdən artıq xidmət edən hərbi qulluqçulara yaxınlaşıb. Nurlan İsmayılov getdikdən sonra Elşən Xantuyev həmin şəxs vasitəsilə satmaq üçün narkotik vasitə əldə edəcəyi barədə sövdələşmələrini bildirib.
Bundan sonra, Araz Mamedov narkotik vasitəni birlikdə əldə etmələrini Elşən Xantuyevə təklif edib və onlar bu barədə razılığa gəliblər. Nurlan İsmayılov Elşən Xantuyevlə razılığa gəldikdən sonra 16 mart 2012-ci il tarixdə Balakən rayonunun Gərəkli kəndində yaşayan həmkəndlisi Arif Bayramova zəng edərək narkotik vasitə alacağını bildirib. Arif Bayramov ona istədiyi miqdarda narkotik vasitəni hazırlayacağını vəd edib.
Arif Bayramovla əldə edilmiş razılaşmadan sonra Nurlan İsmayılov martın 17-də Elşən Xantuyevə zəng edərək Gərəkli kəndinə gəlib alacağı narkotik vasitəni götürməsini bildirib. Bu məlumatı alan Elşən Xantuyev birlikdə narkotik vasitə almaq barədə razılığa gəldikləri Araz Mamedova onun əvəzinə nəzarət-buraxılış məntəqəsi naryadına çıxmağı təklif edib və razılığa gəldikdən sonra özü martın 18-də alacaqları narkotik vasitəni əldə etmək üçün Nicat Qazaqovun taksi kimi istifadə etdiyi VAZ 2106 markalı avtomobili ilə Balakən rayonuna gəlib. Nurlan İsmayılovla görüşərək həmin avtomobillə birlikdə Araz Bayramovun Gərəkli kəndində yaşadığı evin yaxınlığına gediblər. Elşən Xantuyev əldə etdiyi narkotik vasitənin əvəzində ödəməli olduğu 300 manat pulu mart-aprel aylarında narkotik vasitəni hissə-hissə başqalarına satıb əldə edəcəkləri puldan ödəyəcəyi barədə Nurlan İsmayılovla razılığa gəlib.
Arif Bayramov istintaqa məlum olmayan mənbədən əldə edərək bacısı Zəminə Abdullayevanın yaşadığı evin həyətindəki daxmada “Rekord” markalı televizorun içərisində gizlətdiyi narkotik vasitə — qurudulmuş marixuananı Nurlan İsmayılova verib.
Sonra Nurlan İsmayılov gəldikləri avtomobilə minərək narkotik vasitənin yığıldığı torbanı qabaq oturacaqda oturmuş Elşən Xantuyevə verib. Elşən Xantuyev qabaqcadan aralarında olmuş razılığa əsasən Nurlan İsmayılovun martın 18-də həmkəndlisi Arif Bayramovdan onun iştirakı ilə aldığı təxminən 60-80 qram narkotik vasitəni həmin gün Balakən rayonunun Gərəkli kəndində əldə etdikdən sonra xidmət yerinə qayıdıb.
Elşən Xantuyev xidmət yerinə qayıtdıqdan sonra qurudulmuş marixuananı satış məqsədilə əldə etməkdə ortağı Araz Mamedova bu barədə məlumat verib və gətirdiyi narkotik vasitənin bir qismini 5 ədəd kibrit qutusuna doldurmaqla satış üçün hazır vəziyyətə gətirib.
Elşən Xantuyev martın 21-də qısa müddətli məzuniyyətə getməsi ilə bağlı aldıqları narkotik vasitəni saxlaması üçün Araz Mamedova verib. Onlar Elşən Xantuyev məzuniyyətdən qayıtdıqdan sonra hərəsinin öz payını götürəcəyi və Araz Mamedovun öhdəsinə düşən 150 manat pulu ödəyəcəyi barədə razılığa gəliblər. Araz Mamedov ümumi təmiz çəkisi 48,36 qram olan, bir hissəsi 5 (beş) ədəd kibrit qutusuna yerləşdirilmiş narkotik vasitə — çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı sonradan aralarında bölüb satmaq məqsədi ilə saxlamaq üçün qəbul etdikdən sonra narkotik vasitənin torbada qalan hissəsini də 14 ədəd kibrit qutularına dolduraraq satışa tam hazır vəziyyətə gətirib. Martın 24-də Araz Mamedov park növbətçisi olduğundan hərbi hissə komandanlığı tərəfindən park növbətçisinin otağına baxış keçirilərək onun idman çantasında gizlətdiyi 48,36 qram narkotik vasitə 19 ədəd kibrit qutusundan aşkar olunaraq götürülüb.
Bu cinayət işinə Tərtər Hərbi Məhkəməsində baxılırdı. Hakim Qabil sadıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 5 il müddətinə azadlıqdan məhrum ediliblər.