Hərbi hadisələr (iyul)
15 iyul. Bolqarıstanda «Qara Dəniz Rotasiya Qüvvələri-2013» taktiki təlimlərinə start verilib. Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq Planına əsasən, səhra şəraitində keçiriləcək taktiki təlimlər avqustun 8-dək davam edəcək. Təlimlər Bolqarıstanın Novo Selo bölgəsində keçirilir. APA-nın əldə etdiyi məlumata görə, təlimdə Azərbaycan Silahlı Qüvvələrinin tam təchizatlı 200 nəfərlik qüvvəsinin iştirakı planlaşdırılır.
12 iyul. Müdafiə naziri Səfər Əbiyev Oman Sultanlığı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Əhməd bin Harit əl-Nabhanini qəbul edib.
12-28 iyul. Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimləri keçirilir. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahından verilən məlumata görə, təlimlər Bakı və Naxçıvanda icra olunur. «Təlimin məqsədi Türkiyə və Azərbaycan Quru Qoşunları bölmələri arasında dostluq, əməkdaşlıq və birgə fəaliyyəti inkişaf etdirmək, qarşılıqlı məlumat və təcrübəni paylaşmaqdır», — deyə Baş Qərargahın məlumatında bildirilib. Təlimin Bakıda icra ediləcək hissəsinə Türkiyədən bir piyada bölüyü, Naxçıvanda keçiriləcək hissəsinə isə bir motoatıcı taqım qatılıb.
12 iyul. ANAMA direktoru Nazim İsmayılov bildirib ki, Ceyrançöl layihəsinin ikinci fazasına 2014-cü ilin iyun ayında başlayacaq. İki il davam edəcək bu mərhələ üçün artıq Azərbaycan hökuməti və NATO razılıq verib: «Bundan sonra isə üçüncü faza başlanacaq. Ümumilikdə iki və üçüncü mərhələlər 5-6 il çəkəcək, nəticədə Azərbaycanın Ağstafa rayonunda, Gürcüstanla sərhəddə 60 milyon kvadratmetr ərazi mina və PHS-lərdən təmizlənəcək». N. İsmayılovun sözlərinə görə, iyun ayında Ceyrançöldə əməliyyatlar zamanı 1500-ə yaxın sursat və mina tapılıb. N. İsmayılov paralel olaraq ANAMA-nın xüsusi əməliyyat qrupunun Bakı ətrafında Sitalçay poliqonunda, Güzdəkdə və palçıq vulkanlar ərazisində işlədiyini bildirib.
12 iyul. Türkiyə prezidenti Abdulla Gül «Türkiyə və Azərbaycan hökuməti arasında təlimlərin icrasına və Ev Sahibi Ölkənin dəstəyinə dair Anlaşma Memorandumu»nu təsdiq edib. Sənəd iki ölkə arasında hərbi təlimlərin keçirilməsi, təlimlərə ev sahibliyi edən ölkə və şəxsi heyət göndərən ölkənin vəzifələrini, tərəflərin üzərinə düşən öhdəlikləri əhatə edir. Memorandumu bu il iyunun 4-də Azərbaycan tərəfdən müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov, Türkiyə tərəfdən isə Quru Qoşunlarının təlim şöbəsinin müdiri, polkovnik Cumhur Erentürk imzalayıb.
11 iyul. Müdafiə naziri Səfər Əbiyev Türkiyə Müdafiə Sənayesi Müşavirliyinin nümayəndə heyətini qəbul edib. Görüş zamanı hərbi-texniki əməkdaşlığın prioritetləri barədə müzakirələr aparılıb. Türkiyə nümayəndə heyəti iyulun 12-də Müdafiə Sənayesi Nazirliyində, iyulun 15-də Dövlət Sərhəd Xidmətində, iyulun 16-da isə Daxili Qoşunlarda olub.
10 iyul. Ermənistana MİLAN tank əleyhinə raket komplekslərinin satılması ilə bağlı Azərbaycan tərəfi Almaniya və Fransaya etiraz bildirib. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Adıçəkilən ölkələrin Azərbaycandakı səfirliklərindən məsələnin aydınlaşdırılması və münaqişə tərəflərinə silah satışına embarqo tətbiq edən hər iki dövlətdən bu komplekslərin Ermənistana hansı yolla daxil olmasına aydınlıq gətirilməsi tələb olunub. Qeyd edək ki, ermənilərə məxsus «Razm.info» hərbi saytında Ermənistan Ordusunun MILAN tank əleyhinə idarə olunan raket kompleksi əldə etdiyinə dair fotoşəkil yayımlanıb.
10 iyul. Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının məzunlarının ikinci buraxılışı olub. DSX rəisi, general-leytenant Elçin Quliyev bildirib ki, bu il Azərbaycanın sərhəd mühafizəsində 6 yeni hərbi hissə xidməti döyüş fəaliyyətinə başlayacaq.
9 iyul. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan hərbçiləri NATO ilə Sülh Naminə Tərəfdaşlıq proqramı və fərdi əməkdaşlıq planları çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edirlər. Silahlı Qüvvələrin nümayəndələri Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən iyulun 9-dan 19-dək Southofen şəhərində Almaniyanın NBC Silahlarından Müdafiə Siyasəti üzrə baş zabitlər üçün çoxmillətli tanışlıq kursu, iyulun 16-dan 19-dək Bonn şəhərində Qüvvə Planlaşdırılması üzrə ekspert danışıqlarına, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən iyulun 13-dən avqustun 6-dək İstanbulda Açıq Dəniz Təliminə qatılıblar. İyulun 15-dən 19-dək Bakıda Əməliyyat İmkanları Konsepsiyası taborunun 2-ci səviyyəli özünü-qiymətləndirmə təliminin yekun planlaşdırma konfransı keçirilib.
4 iyul. Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Bakıda səfərdə olan Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Hayri Kıvrıkoğlunun rəhbərlik etdiyi heyəti qəbul edib. Müzakirələr zamanı ikitərəfli əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib. Sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində mövcud əməkdaşlığın genişləndirilməsinin zəruriliyi qeyd olunub.
3 iyul. Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının Quru Qoşunları komandanı, ordu generalı Hayrı Kıvrıkoğlu ilə müdafiə naziri, generalpolkovnik Səfər Əbiyevin görüşü olub. Görüşdə ölkələr arasında hərbi əməkdaşlığın perspektivləri, təlim və tədris prosesinin uzlaşdırılması istiqamətində faydalı fikir mübadiləsi aparılıb. Azərbaycanın müdafiə nazirinin əmrinə əsasən, Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsinə verdiyi böyük töhfələrə görə, ordu generalı Hayrı Kıvrıkoğlu «Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə» və Azərbaycan Silahlı Qüvvələrinin «95 illik yubiley» medalları ilə təltif olunub.
3 iyul. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, iyun ayı ərzində Azərbaycanda 2 893 259 kvadrat metr ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Əməliyyatlar nəticəsində 1293 PHS və 8 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. ANAMA tərəfindən indiyədək ümumilikdə 229231517 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 683616 ədəd olub.
2 iyul. Müdafiə naziri Səfər Əbiyev ABŞ müdafiə katibinin köməkçisinin müavini, xanım Evelin Farkasla görüşüb. Görüşdə Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq proqramına əsasən hərbi əlaqələrin və müdafiə sahəsində münasibətlərin dərinləşdirilməsi istiqamətində faydalı fikir mübadiləsi aparılıb.
2 iyul. Bakıda Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında birinci Dünya Futbol kubokunun təntənəli açılış mərasimi keçirilib. Açılış mərasiminə 16 dövlətin futbol komandası qatılıb.
1 iyul. Müdafiə Nazirliyindən verilən məlumata görə, 2013-cü ilin 6 ayında Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmi 6 milyon 929 min 971 manat artıb. İyul ayının 1-i tarixinə Fondun Azərbaycan valyutası ilə hesabındakı vəsait 42 674 317 manat, ABŞ valyutası ilə hesabındakı vəsait 208791 ABŞ dolları, Avro hesabındakı vəsait 593 Avro olub. Fondun hesablarındakı ümumi vəsait 54 811400 ABŞ dollarına çatıb.
1 iyul. Azərbaycan hərbçiləri NATO ilə Azərbaycan arasında imzalanmış «Sülh naminə tərəfdaşlıq» proqramı çərçivəsində, fərdi tərəfdaşlıq proqramı əsasında keçirilən tədbirlərdə iştirak ediblər. Yay dağ təlimi üzrə təkmilləşdirmə kursu 1-12 iyul tarixlərində Andermat (İsveçrə) şəhərində keçirilib. Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq proqramına əsasən, iyulun 1-7-də Bakıda Müdafiə sahəsində ikitərəfli məsləhətləşmələr konfransı keçirilib. İyulun 1-də Vışkovda (Çex Respublikası) Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən, Əməliyyat atıcılıq kursu da başlayıb. 2-də isə Vilnüsdə «Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti Tərəfdaşlığını irəli aparmaq: Şərq Tərəfdaşlığı» seminarı start götürüb. İyulun 7-də Bakıda NATO Dəstək Agentliyi tərəfindən məlumatlandırma seminarı işə başlayıb. 8-12 iyul tarixlərində Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən Beynəlxalq CAX (Kompüter Dəstəkli Təlim) seminarı Vildflekkendə (AFR) keçirilib. 8-12 iyulda Marmarisdə (Türkiyə) Beynəlxalq gəmi və liman ərazisinin təhlükəsizliyi kursu baş tutub. 8-26 iyulda isə Vışkov (Çex Respublikası) Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən, Komanda və Qərargah kursu keçirilir.