Muəllif:

HƏRBİ ÇEVRİLİŞLƏRİN RİYAZİ MODELİ

Jay Ulfelder amerikalı politoloqdur, siyasi rejimlərin necə ayaqda durmalarını, mübahisəli kollektiv hərəkatların (hərbi çevrilişlər, tətil və nümayişlər) dinamikasını, siyasi konfliktlərin proqnozlaşdırılmasını öyrənir. Ulfelder ölkələrin risk faktorlarını, müxtəlif statistik göstəricilərini incələyir və riyazi modelləşdirmə ilə hərbi çevriliş ehtimallarını hesablayır. «Əlahəzrət Riyaziyyat» gənc araşdırmaçıya xüsusi alqoritm tapmağa imkan yaradıb. Hesablamalarda ölkələrin risk faktorları ilə bərabər tarixi, sosioloji, coğrafi və iqtisadi göstəricilərini də diqqətə alan Ulfelder, ilbəil «Hərbi Çevrilişlər, Risk Ehtimalı» adlı siyahı hazırlayır. 2012-ci il üçün hazırlanan siyahıda ilk 20-də yer alan Qvineya Bissau (siyahıda 2-ci yer) və Malidə (siyahıda 10-cu yer) hərbi çevriliş olunca amerikalı politoloqun şöhrəti artdı. Onun «Dilemmas of Democratic Consolidation: A Game-Theory Approach» adlı kitabı sadəcə siyasətçilərin deyil, iqtisadçıların və maliyyə çevrələrinin də diqqətini çəkməyə başladı.
Türkiyə siyahıda yoxdur
Bu yaxında Jay Ulfelder 2013 üçün siyahını açıqladı. Yüksək risk qrupu siyahısında Suriya, İraq, Yəmən, Əfqanıstan, orta riskli ölkələr qrupunda isə Tunis, İordaniya, Misir, Ukrayna, Gürcüstan və Pakistan var. Ulfelderin nə əvvəlki illər, nə də 2013-cü il siyahısında Türkiyənin adı var. Halbuki, Türkiyə hərbi çevrilişlərdə dünyanın ən «təcrübəli» ölkələrindən biridir…
Türk Silahlı Qüvvələri Cumhuriyyət tarixi dövründə 1960 və 1980-ci illərdə hərbi çevriliş edərək dövlətin idarəsini əlinə almış, 1971 və 1997-ci illərdə isə höküməti istefa etməyə məcbur etmişdir. 1923-cü ildə qurulmuş Türkiyə Cumhuriyyəti 27 il təkpartiyalı sistemlə idarə olunmuş, ilk çoxpartiyalı, demokratik seçkilərə 1950-ci ildə getmişdir. Həm 1950-ci ildən öncəsində, həm də sonrasında Türk Ordusu ölkənin daxili təhlükəsizliyinin təhdid altında olduğu düşüncəsi ilə özünü bütün dövlət qurumlarının üstündə və Cumhuriyyətin yeganə qoruyucusu, təminatçısı olaraq görmüşdür.
Günümüz Türkiyəsinin demokratikləşmə yolunda inamla irəliləməsi, Qərb standartlarına yaxınlaşması ilə hərbi çevriliş ehtimalları da imkansız hala gəlmişdir. Bu yolda hakim AK partiyanın rolu şəksizdir. Məhz AKP iqtidarı ərzində Silahlı Qüvvələr ölkənin siyasi səhnəsindən demək olar ki, uzaqlaşdırılmışdır. Bu proses bəzən ifrata varacaq qədər abartılmışdır, o dərəcəyə çatmış ki, hətta Baş Qərargah rəsi belə (ordu generalı İlker Başbuğ) hazırda həbsxanada gözaltındadır…
Ölkədə çevriliş edəcək general qalmadı
Donanma komandanı admiral Nusret Güner keçən ay istefa verdi. 6 ay sonra Dəniz Qüvvələri komandanı olacaqdı. 15 yaşlı qızı Ayça casusluqda ittiham edildi. Otağına gizli kamera yerləşdirilərək özəl görüntüləri çəkilmişdi. Admiral Güner Baş Qərargah rəisinin ciddi etirazlarına baxmayaraq hərbi karyerasına son qoydu. Donanmanın əzəmətli komandanı bir göz qırpımında təqaüdçü oldu. Bu hadisə çox yox, 5-6 il əvvəl olsaydı, onun yerinə bir rütbə aşağı kontradmirallardan biri təyin edilərək problem çözüləcəkdi. Amma bu gün Nusret Günerin yerinə təyin ediləcək hərbçi tapmaq müşkülə çevrilib. Silahlı Qüvvələrin yüksək rütbəli zabitləri haqda açılan çoxsaylı cinayət işləri, həbsxanalarda yatan general sayının ağılalmaz həddə çatması dünyanın 7-ci ordusunda işlərin yolunda getmədiyini göstərir.
Dünyanın 7-ci ordusu həm də NATO-nun 2-ci ordusudur. Atlantik İttifaqının cənub sipərində hüquq orqanları tərəfindən açılmış işləri sadalamaqla bitmir — Ergenekon davası, İrtica ilə Mübarizə Planı davası, Balyoz davası, Poyrazköy davası və s. Ən sonuncusu da İzmir məsələsidir ki, 58 üst rütbəli zabit haqqında casusluq iddiaları ilə cinayət işi açılaraq həbsə atılıblar. Donanma komandanının qızı da bu işlə bağlı izlənilib…..
Türk Silahlı Qüvvələrində hazırda 348 general və admiral var. Bunlardan 37-si (!!!) yuxarıda adları çəkilən davalardan həbsdədir. Həbsdə olan zabitlərin sayı isə 400 nəfərdir. Belə bir qorxunc mənzərə ordu idarəçiliyində ciddi problemlər yaratmağa başlayıb. Bu yaxında Baş nazir Ərdoğanın keçmiş Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğun hələ də həbsdə yatmasının yolverilməz olduğunu söyləməsi ilə türk mətbuatı nəhayət həyəcan təbili çalmağa başladı. İndi bəzi generalların həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunacağı gözlənilir…
Vaxt tapıb Jay Ulfelderə e-mail atacam. Yazacam ki, növbəti siyahısını hazırlayanda özünü yormasın — elə bəri başdan bilsin ki, Türkiyədə çevriliş filan olan deyil. Çünki çevriliş edəcək general qalmayıb…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (3 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 460