Muəllif:

Hər şey bahadırsa, ev də baha olacaq

Bakı şəhərinin ilkin mənzil (yeni tikililər) bazarında 2012-ci ilin avqust ayında başlayan qiymət artımı bu ilin aprel ayında da davam edib. Əmlak Bazarı İştirakçıları» İB-nin məlumatına görə, aprel ayında Bakının təkrar mənzil bazarında orta qiymət martda qeydə alınana nisbətdə 0.7% artıb. Mənzilin 1 kv/m-i 1211 dollara satılır. İlkin mənzil bazarında qiymət 0.8% artıb. Yeni tikililərdə isə bir kv/metrin orta qiyməti 864.3 manat olub.
Birlikdən verilən məlumata görə, artım həm qiymət, həm də bağlanan əqdlərin dinamikasında müşahidə edilib: “Mövsümi amillərin burada rolu böyük olsa da, qiymət artımına ipoteka kreditlərinin bu seqmentə təsiri, tikinti şirkətlərinin kredit portfelinin həcminin artımı, paytaxtın bəzi ərazilərində gedən tikinti-quraşdırma işləri ilə əlaqədar nağd vəsaitlər əldə edən əhalinin alıcılıq qabiliyyətinin artması da təsir göstərib. Nəticədə, alqı-satqı agentliklərinə müraciətlərin sayında və bağlanan əqdlərdə artım müşahidə edilir”.
Təşkilatın rəhbəri Ramil Osmanlı deyir ki, indi qiymətlər Bakıda evlərin ən baha olduğu dövrə — 2008-ci ilə gəlib çatıb. Onun fikrincə, qiymət artımının müxtəlif səbəbləri var:”Qiymət artımı bazarda baş verən proseslərlə bağlıdır. Söhbət son dövrlərdə ipoteka kreditləri həcminin artımı nəticəsində bazarda baş verən qiymət dəyişikliyindən, eyni zamanda süni və spekulyativ amillərin təsiri nəticəsində bazara müdaxilələrdən gedir. Azərbaycanda bu sahədə fəaliyyət göstərən sahibkarların kifayət qədər kənar maliyyə resursları var. Mənzillərini 5 il satmasalar da, onların bazardan çıxmaq təhlükələri yoxdur. Bundan başqa, burda inhisarçılıq amilləri, digər məsələlər də var”.
R. Osmanlı deyir ki, bahalaşmaya ipotekanın təsiri yoxdur. Onun sözlərinə görə, son 4-5 ayda bazarda qiymətlər 18-20 faiz artıb: “Qiymət artımını ipoteka şərtlərinin asanlaşdırılmasıyla əlaqələndirmək tamamilə absurd yanaşmadır. Çünki növbəti dəfə qiymət artımının müşahidə olunduğu son 4-5 ayda ipoteka şərtlərinin sadələşdirilməsi dedikdə, yalnız sosial ipotekanın məbləğinin artırılmasıyla bağlı prezident fərmanından başqa heç nəyi tapmaq olmur. Yəni, sosial ipoteka ümumi ipoteka kreditləşməsində təqribən 8-10 faizlik paya malikdir”.
“NBA LTD” şirkətinin rəhbəri Nüsrət İbrahimovun fikrincə, evlərin bahalaşması ümumi bahalaşmanın tərkib hissəsidir. Digər səbəblərə gəlincə, neft və qazın satış qiymətlərinin durmadan artması da evlərin qiymətinə təsir göstərir:”Təbii ki, müəyyən fasilələrlə, 6-8 ay gecikmə ilə, daşınmaz əmlakın da qiyməti onun ardınca qalxır. Axı bu qiymətlər bir-biri ilə bağlıdır. İnsanların gəliri də artır, onlar daha geniş mənzildə yaşamaq istəyirlər. Hamı istəyir öz evi olsun. Başqa bir səbəb də odur ki, imkanlı adamların pul gəlirləri daha intensiv artır. Onlar da pullarının bir hissəsini bu sahəyə yönəldirlər. Bütün bunlar qiymətlərin artımına gətirib çıxarır”.

“Azadlıq radiosu” bazardakı qiymətləri araşdırıb. Belə məlum olur ki, metronun «Memar Əcəmi» stansiyası yaxınlığında 35 kv/metrlik 1 otaqlı mənzilin qiyməti 47 min (60 min dollar ) — 50 min manat (64 min dollar) arasındadır. Yeni tikililərdə, məsələn şəhərdən kənarda, Masazırda birotaqlı mənzil (47 kvadratmetr) 35 min (44 min 609 dollar) manatdır. «İnşaatçılar»ın yanında, təmirli və 75 kvadratmetrlik 3 otaqlı köhnə evin qiyməti 96 min (122 min 355 dollar) manatdır. Mətbuat prospektindəki yeni tikilidə isə 3 otaqlı, 125 kvadratmetrlik mənzil 170 min manatdır. (216 min 671 dollar). «Təzə bazar» yaxınlığında yeni tikilidəki 128 kvadratmetrlik 3 otaqlı mənzili 250 min manata (318 min 634 dollara) almaq olar. Müqayisə üçün deyək ki, İstanbulda eyni sahəli təmirli mənzili bundan 3 dəfə ucuz qiymətə almaq mümkündür.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 194