Muəllif:

Həmsədr ölkələrdən «dostcasına» qəribə davranış

Axşam bəlli oldu ki, RİA Novosti agentliyi Azərbaycanın Rusiyaya nota verməsinə səbəb olan yazını saytdan çıxarıb. Vadim Dubnovun Dağlıq Qarabağ münaqişəsindən bəhs edən “Qarabağ 25 ildə tanınmamağa alışıb” (“Карабах за 25 лет научился быть непризнанным”) adlı analitik yazısı www.rian.ru saytından çıxarılıb.
Bəlliolduğu kimi, bu gün Rusiya Federasiyasının Azərbaycan səfiri Vladimir Doroxin XİN-ə çağırılmışdı. Onu xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev qəbul edib. XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə nazir müavini Mahmud Məmməd-Quliyev Xocalı soyqırımının ildönümü ərəfəsində, 25 fevral tarixində Rusiyanın «RİA-Novosti» dövlət informasiya agentliyinin internet səhifəsində «Dağlıq Qarabağ 25 il ərzində tanınmamağa öyrəşmişdir» başlıqlı məqalənin dərc edilməsinin Azərbaycan tərəfindən narazılıq və narahatlıqla qarşılandığını söyləyib.
Nazir müavini qarşı tərəfin diqqətinə çatdırıb ki, Azərbaycana qarşı yönəlmiş məlumatların Rusiya KİV-də yayılması hallarının son zamanlar geniş vüsət aldığı müşahidə edilməkdədir. Azərbaycana qarşı belə məlumatın məhz Rusiyanın dövlət informasiya agentliyinin internet səhifəsində yerləşdirilməsinin xüsusilə təəssüf hissi doğurduğu və ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətindəki fəaliyyətinə kölgə saldığı vurğulanıb.
Məqalədə, həmçinin reallığın əks olunmadığı, separatçılıq və ekstremizmə çağırışların səsləndiyi və ərazi bütövlüyü prinsipinə hörmətsizliyin ifadə olunduğu Rusiya səfirinin diqqətinə çatdırılıb.
Azərbaycan rəsmisi 1997-ci ilin 3 iyul tarixində Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında imzalanmış «Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə»nin 5-ci maddəsində hər iki dövlət tərəfindən separatizmin bütün təzahürlərinin pislənildiyinin və bir-birinin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş separatçı hərəkətləri dəstəkləməmək, habelə öz ərazisində təşkilat və qrupların yaradılması və fəaliyyətini, ayrı-ayrı şəxslərin fəaliyyətini qadağan etmək və qarşısını almaq öhdəliyinin əks olunduğunu xatırladıb. Rusiyanın dövlət informasiya agentliyinin internet səhifəsində yer almış bu təxribat xarakterli məqalənin Azərbaycan və Rusiya arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin ruhuna uyğun olmadığı, sözügedən Müqavilənin məğzinə və müddəalarına zidd olaraq ölkələrimiz arasında formalaşmış münasibətlərə xələl yetirdiyi qeyd edilib.
Nazir müavini Mahmud Məmməd-Quliyev Rusiya Federasiyasının səfirinə etiraz notası təqdim edərək, məsələnin arşdırılacağına və müvafiq tədbirlərin görüləcəyinə ümid etdiyini bildirib.

Birləşmiş Ştatların Xocalı ilə bağlı məlum bəyanatı da rəsmi bakıda və bütövlükdə cəmiyyətdə narazılıqla qarşılanmışdır. «Ağ Evin Xocalı soyqırımı ilə bağlı ümumi bəyanatı göstərir ki, ABŞ-ın bu məsələdə konkret mövqeyi yoxdur». Bu barədə Trend-ə İstanbuldan telefonla Azərbaycan XİN mətbuat katibi Elman Abdullayev bildirib. «Bu bəyanat ABŞ-ın Xocalı soyqırımı üzrə konkret mövqeyinin olmamasının və insanlığa qarşı törədilmiş cinayətə biganə qalmasının göstəricisidir», — deyə Abdullayev qeyd edib.
Onun sözlərinə görə, bununla yanaşı, ABŞ bəyanatlarında iddia edir ki, Azərbaycan Birləşmiş Ştatların strateji tərəfdaşıdır…
Rusiya elə, ABŞ belə… Əcəb «dostluq» yanaşmasıdır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 120