Muəllif:

Həmidə Ömərova: “Ömrümün sonunadək onu qəhərlə xatırlayacağam”

Uzun illərdir kino sənətində qəhrəmanların dilində danışan xalq artisti Həmidə Ömərova təravətini hələ də simasında qoruyur və ekrana yansıdır. Bunu tək biz demirik. Özü isə bunu yumorla qiymətləndirir:

— Gerçək sözündür, yoxsa zarafatdır? (gülür). Axı siz jurnalistlər üzümüzə kompliment deyir, amma ürəyinizdə fikirləşirsiniz ki, nə tez qocaldın sən! Əvvəllər güzgüyə baxmağı xoşlayırdım, amma son vaxtlar öz əksimə baxmaqdan qorxuram. Baxıb səksənirəm… Bədbinləşirəm ki, İlahi, bu mənəm, mən deyiləm? (gülür). Doğrudur, çalışıram ki, sənətimə görə həmişə formada olum. Şükür edirəm ki, siz varsınız, tələbələrim var, universitet var. Şükür edirəm ki, televiziya var, nadir halda da olsa, filmlər çəkilir və nadir halda da olsa, mən o filmlərə çəkilirəm. Bütün bu məsuliyyətlər olmasa idi, yəqin ki, çox düşərdim, mənəvi cəhətdən necə qocalmışamsa, zahirən də elə görünərdim, yəni 80 yaşlı bir qarı…
— Özünüzə vaxt ayıra bilirsinizmi?

— Yox, özün də görürsən ki, hətta geyimimə heç vaxt ayıra bilmirəm, ya da indi istəmirəm. Yəqin ki, insanın nəyəsə bir marağı olmalıdır ki, özünə fikir versin. Təkcə qadın olmaq əsas şərt deyil axı. Hərdən fikirləşirəm ki, sənətim və tələbələrim olmasaydı, heç özümə fikir verməzdim. Çətin anlarda özümə qapanıb qalardım. Şükür edirəm ki, sənətim var və mən kiməsə lazımam…

— Sevənləriniz çoxdur, sərbəst gəzdiyinz vaxt ictimaiyyətlə təmas qurursunuz?

— Mən xalqın aktrisasıyam, metroda, avtobusda, bir sözlə, şəhər nəqliyyatında, qara eynəyimə baxmayaraq, kimsə məni tanıyıb soruşanda ki, siz filankəssiz, hətta cavab verəndə ki, xeyr, filankəs deyiləm, inanmırlar. Deyirlər ki, sizi səsinizdən tanıdıq. O zaman fikirləşirəm ki, özüm qocalsam da, səsim qocalmır. Yaxşı ki, məndə qocalmayan nə isə var (gülür). Mən insanlarla ünisyyətdən çəkinmirəm. Hətta tələbələrimlə dərdləşir, onlara kömək olmağa çalışıram.

— Tələbələriniz haqqında nə düşünürsünüz. Bu gün kino tənqidçiləri azalıb deyirlər. Necə düşünürsünüz, onlar arasında kino tənqidçiləri yetişirmi?

— Əlbəttə, çalışsalar, yetişə bilərlər. İstedadlı gənclərimiz var. İndi çox deyirlər ki, kino yoxdur, teatr yoxdur, kino tənqidçiləri yoxdur. Bizim xalqda başqasını tənqid etmək özəlliyi çox inkişaf edib. Bəzən deyirlər ki, son vaxtlar televiziyada görünmürsüz. Soruşuram ki, siz sonuncu dəfə televizora nə vaxt baxmısınız? Gülüb cavab verirlər — heç vaxtımız olur ki, səhərdən axşama qədər işdəyik…
— Yaradıcılığınızda sizi narahat edən məqamlar varmı?

— Mən bu yaxınlarda «Mədəniyyət» kanalında kino ulduzu Odri Höpbernin yaradıcılığı barədə veriliş hazırlayırdım. Bu aktrisanın şəxsi həyatda bəxti gətirməyib, çox əziyyətlər çəkib. Sənətdə böyük uğurlar əldə edib, ömrünün çox hissəsini xeyriyyəçiliyə sərf edib. Dünyasını dəyişərkən ətrafındakı yaxınlarına yalvarıb ki, Lozanna bağındakı meyvələri Konqoda aclıq çəkən uşaqlara mütləq göndərsinlər. Ömrünün son illərində Odri demişdi: «Mən keşməkeşlərlə dolu həyatımda bir şeyi başa düşdüm ki, həyatda ən qiymətli şey nə mənsəb, nə də var-dövlətdir. Mənim üçün bütün bunlardan vacib və qiymətli insan münasibətləridir». Mən Odrinin bu fikri ilə tam razıyam. Anamı itirəndən sonra bunu daha aydın dərk etdim…

— «Tənha durna uçuşu» filmində Ötkəm İskəndərovla baş rolları paylaşmısınız. Filmin mövzusu gecikmiş məhəbbətdir. Həyatınızda gecikən məhəbbətiniz olub?

— Yox, mənim gecikmiş məhəbbətim olmayıb.

— Sizcə, ideal insan necə olmalıdır?

— Sadəcə, gözəl insan var. Biz ideallaşdırmağa meylliyik.

— Dünya kinosunda kimə pərəstiş edirsiniz?

— Dünya kinosunda şəxsiyyət kimi Odri Höpberni ideallaşdırıram. Ömrümün sonuna qədər qəhərlə xatırlayacağım, sevəcəyim, unuda bilməyəcəyim surət isə anamdır. Mənim anamı yaxşı tanıyanlar deyə bilərlər ki, çox güclü qadın olub. Mənə qarşı bəzən sərt olub. Amma ömrünün son 7 ili biz vəzifəmizi dəyişmişdik, o, mənim balama, mən isə onun anasına çevrilmişdim. Anam gülə-gülə dünyasını dəyişdi, mən onun o baxışlarını unuda bilməyəcəyəm, özümlə qəbrə aparacağam.

— İndiki rejissorların səviyyəsindən necə, razısınız?

— Mən bilirəm ki, istedadlılar var, sadəcə olaraq o istedadı büruzə vermək üçün imkan və şərait lazımdır. İncəsənət sərbəstliyi sevir, bir az da sərbəstlik lazımdır. Güclü rejissor məktəbi olmalıdır.

— Əgər yaxşı ssenari yazan yoxdursa, güclü rejissor nə edə bilər?

— Güclü rejissor zəif ssenarini öz rejissor təxəyyülü ilə gücləndirə bilər, zəif rejissor isə güclü ssenarini heç edər. Bizdə ssenari müəllifləri ilə rejissorların bir məxrəcə gələ bilməmək problemi də var.

— Hazırda seriallar çəkilir, amma sizi nədənsə o seriallarda görmürük.

— Bir neçə seriala dəvət gəlib, ürəyimcə olmadığına görə imtina etdim. Amma heç peşman da deyiləm. Ciddi bir obraz yaratmaq istəyirəm. İstəyirəm ki, məni fərqli bir xarakterdə görsünlər.

— Sizcə, çox gözləməli olacaqsınız?

— Mən gözləməyə alışmışam. Həyat möcüzələrlə zəngindir, elə də ola bilər, belə də.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 1545