Muəllif:

Həmidə Ömərova: “Axı o film bir növ mənim bir ailəm idi”

Uzun illər sonra “Qorxma mən səninləyəm” filminin ikinci hissəsinin ekrana çıxması, Azərbaycan kino sənətinə bir yenilik bəxş etdi. Azərbaycandan müəyyən bir heyət Türkiyəyə, filmin ilk təqdimatına yollandı. Lakin serialda rol alan xalq artisti premyeraya qatıla bilməsə də, fikirlərini bizimlə bölüşdü:
— Əslində təqdimata qatılmağı arzu edirdim. Serialda təhlükəli bir səhnəni oynamalı idim. Məsuliyyəti böyük idi. Hər ikisi üst-üstə düşdü. Qalmaq məcburiyyətində oldum. “Qorxma, mən səninləyəm” filmini görməsəm də, mənim üçün filmin ilk versiyası daha əziz idi. Çünki orada Həsənağa Turabov, Mirzə Babayev, Nəsibə Zeynalova, Cahangir Novruzoğlu, Aleksandr Şarovski, Sergey Yurski kimi böyük sənətkarlar işləyirdi. Onlar mənə gənclik illərimi xatırladır. Köhnə kollektivdə tamam başqa bir atmosfer var idi. Filmin rejissoru Yuli Qusman müsahibələrinin birində söyləyib ki, biz filmin ikinci hissəsini çəkmək üçün Qaxa gedəndə oranın tamam dəyişildiyinin şahidi olduq. Filmi çəkdiyimiz məkandakı təbiətin o gözəlliyi tamam başqalaşıb, onun yerində evlər tikilib. Ona görə çəkilişləri başqa bir təbiət mənzərəsi olan məkanda çəkməyə məcbur olublar. Filmin təbiət qoynunda çəkilən hissələrində mənim rolum yoxdur. Ümumiyyətlə, filmin ikinci hissəsində mənim rolum çox cüzi olub. Açığını desəm, mənə həmin filmdə oynamaq üçün təklif gələndə, imtina etmişdim. Qusman biləndə ki, mən filmə çəkilməkdən imtina etmişəm, çox əsəbiləşib. O məni dilə tutdu ki, bu filmə ikinci dəfə yenə çəkilim. Mən ssenarini oxuyandan sonra ona söylədim ki, filmin ikinci hissəsində özümü bu şəkildə görmürəm.

— Nə üçün?

— Bilirsinizmi, filmin birinci hissəsində bəy qızı olan Telli o dövr üçün bir müğənni oğlanı sevəcək qədər cəsarətli qız kimi təqdim olunub, hər kəs onu belə sevib. Yəni elə bir mərd qızın bu bölümdə qızını oğurlayan zaman, onun sadəcə ağlamaqla kifayətlənməsi qəribə görünür. Bu mənə çatmır. Qusmana söylədim ki, mənim yaradıcılıq potensialımdan istifadə edərək o mərd qadını göstərsin. Yəni filmin ikinci hissəsində müasir dövrdəki mərd qadınları əks etdirmək olardı. Bizim müasir Həcərimiz göstərilə bilərdi. Düşünürəm ki, aktyorluq nöqteyi-nəzərindən bu daha maraqlı olardı. Qusman da söylədi ki, artıq ssenarilər yazılıb, biz yalnız sənin səhnələrini artıra bilərik. Bundan sonra çəkilişlər başladı və mən filmin ikinci hissəsində cəmi üç dəfə çəkildim. Biri mahnıya qulaq asanda, biri müasir zamanda, bir də Tellinin qızı itəndə ağlayan zaman. Bu film bizim birinci filmimizin davamı idi. Ümumiyyətlə, dünya film prosesində 30 ildən sonra ikinci hissəsi çəkilən filmlərin əksəriyyəti özünü tam da doğrultmayıb. Sözün əsl mənasında, çox istəyərdim ki, filmimizin ikinci hissəsi birinci kimi çox sevilsin. Çünki filmin ikinci hissəsində də yüksək səviyyəli aktyorların ifası və performansı var. Filmi izləyənlər söyləyirlər ki, bu film orijinalına çata bilmir. Bunun üçün çox təəssüflənirəm. Bəlkə mən yanılıram, bəlkə də haqsızam, ola bilər. Biri var mənə desinlər, biri də var, mən o filmi görüb hansısa fikir səsləndirim.
— İllər öncə tamaşaçıların sevgisinə nail olan filmlərin ikinci hissəsinin çəkilməsi prosesini necə qiymətləndirirsiniz?

— Bilirsinizmi, uzun illər bundan öncə çəkilən filmlərin davamı uğurlu alınmırsa, onu araşdırmaq lazımdır ki, nəyə görə o filmlər daha çox uğurlu olub. Axı tamaşaçılar həmin qəhrəmanları sevir və baş qəhrəmanlar bu gün sağdır. Mənə elə gəlir ki, günahı ssenaridə axtarmaq lazımdır. Düzdür, birinci filmdə elə aktyorlar var ki, onlar dünyasını dəyişib, həmin aktyorları geri qaytarmaq mümkün deyil. Mən bu filmdə demək olar ki, yox idim. Özüm də buna çox təəccübləndim. Çünki Qusman hər yerdə müsahibə verəndə üç qəhrəmanın adını çəkirdi. Lev Durov, Muxtarbəy Kantemirov və Polad Bülbüloğlu. Nədənsə mənim adımı çəkmirdi. Düşünürdüm ki, heç vaxt ola bilməz ki, birinci filmin baş qəhrəmanı ikinci filmdə epizodik rol oynasın. Ssenarini mənə verdilər, mən oxudum və kövrəlib, ağladım. Yəni o cür qətiyyətli, inadkar bir qızın obrazının bu filmdə olmamağı mənə pis təsir etdi. Axı o film bir növ mənim bir ailəm idi. 30 il bundan qabaqkı ailəm…

— Belə olan təqdirdə, filmin ikinci hissəsinə çəkilməyinizə səbəb nə oldu?

— Həmin o doğma kollektivi görmək və həmin kollektivlə yenidən işləmək istəyirdim. Mənə söz vermişdilər ki, ssenaridə bunu nəzərə alacaqlar. Ancaq…
Sizə ancaq onu deyə bilərəm ki, filmin ikinci hissəsinə də böyük əziyyət çəkilib. Filmdə gözəl aktyor heyəti, kütləvi səhnələr, maraqlı kadrlar — bunlar asan məsələ deyil. Düşünürəm ki, bu filmin də öz tamaşaçısı olacaq.

— Həmidə xanım, sizin gözünüzlə bugünkü kinomuzun vəziyyətini görmək istərdik. Kinomuzun hazırkı durumunu necə dəyərləndirərdiniz?

— Hazırkı kino çəkilişlərindən xəbərim yoxdur, çünki filmlərə çəkilmirəm. Serialların çəkilməsi prosesini izləyirəm və bəyənirəm. Çünki onlar arasında əsl aktyor rəqabətləri yaranıb. Rəqabət olmayan yerdə inkişaf yoxdur. Bütün kanallarda seriallar çəkilir və hər kəs serialların baş qəhrəmanlarını müzakirə edir. Düşünürəm ki, hansı serial daha çox müzakirələrə səbəb olursa, demək ki, o, tamaşaçıların diqqətini çəkməyi bacarıb. Danışılan serialda nəsə var ki, o, tamaşaçıların qəlbinə toxuna bilib. Misal üçün, mən hazırda “Bir ailəm var” serialında Əsmər rolunu canlandırıram. Tamaşaçılar söyləyir ki, bu Əsmər necə anadır, elə ana olarmı? Demək ki, bu obraz tamaşaçının qəlbinə toxunur. Biz də istəmirik ki, ekran qarşısında oturan tamaşaçı ya yuxuya getsin, ya da kanalı dəyişsin. Biz seriala ona görə çəkilirik ki, tamaşaçılar maraqlansınlar və müxtəlif fikirlər yürütsünlər. Tamaşaçılar tez-tez məndən soruşur ki, Əsmər rus gəlini ilə barışacaq, yoxsa yox. Hətta məndən onunla barışmağım üçün xahiş edən tamaşaçılar da olub. Həmin serialda insanların həyatından bir çox problemlər canlandırılır. Bunlar hamısı həyatdan götürülmüş şeylərdir. Bu məsələlər tamaşaçıların yaralı yerlərinə toxunur və onları düşünməyə vadar edir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 576