Həmid Vəkilovun tarının sehrinə qovuşduq
Bu axşam Həmid Vəkilovun tarının sehrinə qovuşduq. İllər keçəndən sonra Ankaradan Bakıya döndükdən bəri ilk dəfəydi Bakı musiqisevərləri qarşısında onun əsrarəngiz tarı dillənirdi. Bir söz eşitdim orda — «qulağımızın pası təmizləndi». Gerçəkdən bir musiqi zövqü yaşadıq bu yaradıcılıq axşamında. Yaxın keçmişin bu orijinal tarzəni bu axşam özü canlı ifa etmirdi — daha o zamankı gənclik şövqü ilə ifa edə bilməz. Bunun fərqindədir. Amma nə yaxşı ki, o illərin ifaları bir film kimi yazılarda idi, özü də böyük bir maraqla gözünü ekrandan çəkə bilmirdi, biz də. Hacı Xanməmmədovun «2-ci Konsert»inin 2-ci və 3-cü hissəni rumıniyalı dirijor İonesku Qalattinin idarəsi ilə ifa edirdi. Necə təsirli idi… Ankarada lentə alınmışdır. Montinin «Çardaş»ı da duyğusal idi. Bu ifada onu slovakiyalı pianoçu Marian Varinski müşayiət edir.
Sonra Həmid Vəkilovun virtuoz ifalarında Pablo Sarasatenin «Qaraçı təranələri»nə sıra gəldi.
Əməkdar artist, virtuoz tarzən, dosent Həmid Vəkilov hazırda AMK-da tədris fəaliyyəti ilə məşğuldur. Onun sənət fəaliyyətinə rektor Siyavuş Kərimi çıxışında yüksək qiymət verdi. Axı Həmid Vəkilov sıradan bir tarzən deyildir — Azərbaycan tarına texniki yeniliklər etmiş nadir bir sənət adamıdır. Onun bu önəmli yenilikləri barədə də söz açıldı, təfsilatlara varıldı.
Həmidin gənc yetirmələri onun bir zaman yazdığı «Şıdırğı», «Çılğın rəqs» kimi əsərlərini peşəkarlıqla ifa etdilər, alqışlar qazandılar. Bu xoş Yaradıcılıq axşamına isə onun «Tar və simfonik orkestr ilə konsert»i yekun vurdu.