Muəllif:

Həmid Herisçinin bir əsrin «Ölülər»ini basdırmaq cəhdi

Düşünmürəm ki, Həmid Herisçidən İsmayıl Şıxlının, ya Cəlil Məmmədquluzadənin adına ciddi xətər gəlsin. Əslində, təhlükə bizim özümüzü gözləyir. Bu günün mənəvi simvollarını didib-dağıdandan sonra indi də ənənəvi dəyərlərə girişmişik. Sonda öz ətrafımızda və içimizdə qalacaq boşluqda necə yaşayacağıq, bilmirəm…
***
İsmayıl Şıxlının «Dəli Kür» əsərini kommunistlərin sifarişi ilə yazdığı barədə Həmid Herisçinin dediklərini, bəlkə də, artıq unutmusunuz. Amma, görünür, unudulmaq Həmid dostumuzun planlarına daxil deyil. Bu dəfə o, Cəlil Məmmədquluzadənin yaradıcılığının yalnız təqliddən ibarət olduğu, hətta məşhur «Ölülər»in də başqasından oğurlandığı iddiası ilə gündəmə qayıdıb.
Mənim üçün qələm adamı azı üç keyfiyyəti ilə maraqlıdır: yazı üslubu, savadı və məsuliyyəti (vicdan, ürək yanğısı və sairə kimi mürəkkəb qatlara enmirəm). Həmid Herisçinin yazı üslubu məni cəlb edir, savadına da şübhə etmirəm. Amma ilk dəfə deyil ki, məsuliyyət sarıdan problemlə üzləşdiyinin şahidi oluram.
Heç kim demir ki, mənəvi simvollara çevrilmiş klassiklərimiz, o cümlədən Cəlil Məmmədquluzadə bütləşdirilməli, tənqiddən kənarda saxlanılmalıdır. Amma onlar haqqında fikir yürüdərkən sözlərinə daha ehtiyatla yanaşmalı, məsuliyyətini dərk etməlisən. Hər halda, siyasətçilər ədəbiyyat səhnəsinə çıxıb çomaq fırladanda səbirli yanaşa bilirsən, amma şeir-sənət aləminin içindən gələnlər eyni həvəsə düşməməlidirlər axı!
Həmid Herisçinin Cəlil Məmmədquluzadə haqqında dediyi bu sözlər Modern.az-dan başlayaraq saytları dolaşdı:
«Çox məşhur Belçika dramaturqu Moris Meterlinkin bir çox pyesləri və şeirləri var. O, ateist mövqeli insan idi. «Müqəddəs İorgenin süqutu» adlı pyesi də məhz bu mövzuda idi. Bu əsər XX əsrin əvvəllərində Rusiyaya da gəlib çıxır. Bunu Poltava teatrı səhnələşdirir. Sonradan teatr bu tamaşa ilə qastrola çıxır, bütün Rusiyanı şəhər-şəhər dolaşır. Ən nəhayət, Tiflisə gəlirlər. Yanılmıramsa, 1907-ci ildə səhnəyə qoyularkən Mirzə Cəlil bu pyesi görür və sonradan o əsər bütünlüklə «Ölülər» əsərinə köçürülür… Siz Meterlinkin dramına da baxın, «Ölülər»ə də. Mövzu ordan götürülüb. Süjet, dramaturji xətt, keçidlər, hər şey Meterlinkdən oğurlanıb… Cəlil Məmmədquluzadə «Ölülər»də yalnız adları dəyişib».
Belə bir iddia ilə çıxış edən yazıçı-jurnalistin «yanılmıramsa» ifadəsi işlətməsi qəribədir. Xüsusilə də ona görə ki, Həmid bəy çox məsələlərdə yanılır.
Əvvəla, əsərin adı düz göstərilmir. Söhbət Meterlinkin «Müqəddəs İorgenin süqutu»ndan yox, «Müqəddəs Antoninin möcüzəsi» pyesindən gedir. Bunu, deyəsən, sonradan Herisçi özü də etiraf edir.
İkincisi, pyesi hansısa Poltava teatrı səhnələşdirmir. Onu «Tovarişestvo russkoy dramı» artist kollektivi ilə 1906-cı ilin yayını Poltavada keçirmiş Meyerxold səhnələşdirir.
Üçüncüsü, tamaşa Rusiyanı şəhər-şəhər dolaşmır, Meyerxoldsuz Tiflisə qayıdan «Tovarişestvo russkoy dramı» onu burada göstərir və «Tiflisskiy teleqraf» qəzetinin yazdığına görə, müəyyən uğur qazanır.
Ola bilsin ki, Cəlil Məmmədquluzadə həmin tamaşanı görüb, ya görənlərdən eşidib, üstəlik qəzetdəki resenziyanı da oxuyub. Amma «əsərin bütünlüklə «Ölülər»ə köçürülməsini», «süjetin, dramaturji xəttin, keçidlərin, hər şeyin Meterlinkdən oğurlanmasını» iddia edən həmkarımın sözlərinə qiymət vermək üçün məsuliyyətsizlikdən yumşaq ifadə tapa bilmirəm.
Meterlinkin iki aktdan ibarət pyesinin qısa məzmunu belədir:
Varlı qadın Qortenziya 77 yaşında vəfat edir. Varislik iddiasında olan qohum-əqrəba Qortenziyanın evinə yığışır. Onlar səhər yeməyində olarkən müqəddəs Antoni gəlir və ölünü diriltmək istədiyini bildirir. Antonini əyyaş, avara, başıxarab bilib evdən qovmaq istəyirlər. Digər tərəfdən, qohumlar, Qortenziya dirilsə, onun varidatının əldən çıxacağından narahat olurlar. Lakin müqəddəs Antoni əl çəkmir. Hay-küy düşməsin deyə, həm də dilənçi qiyafəsində olan qocadan yaxa qurtarmaq üçün onu ölünün yanına buraxırlar. Müqəddəs Antoni Qortenziyanı dirildir, amma ölülər dünyasında gördüyü sirləri açmaması üçün qadını lal edir. Qohumlar qəzəblənib polis çağırırlar. Polismeyster Antonini görən kimi onun artıq üçüncü dəfə xəstəxanadan qaçdığını, çarəsizləri müalicə elədiyini, həkimlərin çörəyinə bais olduğunu və beləliklə, çoxlu cinayətlər törətdiyini deyir. Müqəddəsi həbs edib aparırlar. Qortenziya təzədən ölür. Hər şey əvvəlki vəziyyətinə qayıdır.
Meterlinkin pyesindən çoxlarının xəbərsiz olmasında təəccüblü heç nə yoxdur. Amma «Ölülər»i əksəriyyət, azı, orta məktəb proqramı çərçivəsində oxuyub. İndi deyin, «Müqəddəs Antoninin möcüzəsi»nin «hər şeyi ilə «Ölülər»ə köçürülüb» «yalnız adların dəyişdirildiyini» bəyan edən adamın öz sözlərinin məsuliyyətini dərk etdiyinə necə şübhə ilə yanaşmayasan? Həmid Herisçi ya bu əsərlərin ikisindən birini oxumayıb, ya da plagiatla başqa müəlliflərin ideyaları, süjetlərinə yaradıcı yanaşma arasındakı fərqi bilmir. Bilirsə və bilə-bilə etdiyini edirsə, daha pis.
Cəlil Məmmədquluzadə ədəbiyyatda geniş yayılmış üsuldan istifadə edib və Meterlinkin «Müqəddəs Antoninin möcüzəsi»ndən daha mürəkkəb süjetə, zəngin xarakterlərə malik bir əsər ortaya çıxarıb. Nə yaxşı ki, dünya sənət adamlarının belə bir hüququnu tanıyır. Yoxsa Höteni «Faust»u, Şekspiri «Otello»nu, Qofmanı, Bayronu, Puşkini «Don Juan»ı (və s. və s.) köçürməkdə ittiham edib adlarını oğru qoymuşdular.
***
Hötenin «ifşası» qayğısına almanlar qalsınlar, Şekspirin ingilislər, Molyerin — fransızlar. Bizsə öz ədəbi keçmişimizə («evimizə») süpürgə çəkməliyik! Gör nə qədər görüləsi işlər var: xalqın sevdiyi və inandığı «satqın», «oğru», «milliyyəti bilinməyən» nə qədər korifeylərimiz qalıb! Məsələn, Füzuli. Onun da «Leyli və Məcnunu» köçürdüyünü deyə bilmərikmi?! Gəlsin, sübut eləsin ki, poemasını yazanda Nizamini, Camini, Nəvaini oxumamışdı. Yeri gəlmişkən, müxtəlif müəlliflərin leylilərinin və məcnunlarının bənzərliyi hara, Müqəddəs Antoni ilə Şeyx Nəsrullah arasında oxşarlıq hara?!
***
«Ay torpaq çörəyi yeyən təbrizli qardaşlarım, ay keçəpapaq xoylu, meşkinli, sərablı, coruslu və moruslu qardaşlarım, ay bitli marağalı, mərəndli, gülüstanlı qulibiyaban vətəndaşlarım, ey vəhşi ərdəbilli, qəlxanlı bəradərlərim! Gəlin, gəlin, gəlin mənə bir yol göstərin! Vallah ağlım çaşıb! Axır, dünyavü və aləm dəyişildi, hər bir şey qayıdıb öz əslini tapdı, hər mətləbə əl vuruldu, gəlin biz də bir dəfə oturaq və keçə papaqlarımızı ortalığa qoyub bir fikirləşək…»
Məmmədquluzadənin «Azərbaycan» məqaləsindəndir. Həmid Herisçi «Mirzə Cəlil heç vaxt orijinal olmayıb» deyir. Maraqlıdır, hardan köçürülüb bu sətirlər? Yəni bu cür adamlar başqa məmləkətlərdə də yaşayır?
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 546