Həkimi boğub, meşədə basdıranlara bəraət düşür?
Qəsdən adam öldürməkdə təqsirli bilinən Şamaxı rayon sakinləri Vasif Soltanov və Oqtay Mürsəlovun apelyasiya şikayəti üzrə məhkəmə başlayıb. Onların şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsində baxılır.
İttihama görə, təqsirkarlar özlərini vəzifəli şəxs kimi təqdim edərək, özgənin külli miqdarda pulunu ələ keçiriblər. Belə ki, O.Mürsəlov Fövqəladə Hallar Nazirliyinin mayoru, V. Soltanov isə leytenant rütbəsində vəzifəli şəxs olduqlarını bildiriblər. Onlar Elsevər Məmmədovun vasitəsi ilə iki tanışından 11 min 500 manat alaraq mənimsəyiblər.
Bundan sonra Elsevərlə təqsirli bilinənlərin arasında mübahisə yaranıb. O. Mürsəlov ötən il dekabrın 3-də E. Məmmədovu iş düzəltmək məqsədilə Şamaxı rayonuna çağırıb. Həmin gün saat 16 radələrində Ağdaş rayonunda yaşayan Elsevər özünə məxsus avtomaşında evdən çıxaraq İsmayıllı rayonunun Pirqulu qəsəbəsinə gedib və həmin gündən də geri qayıtmayıb. Ona məxsus “VAZ-2106” markalı avtomobili isə Qaradağ rayonunun Müşviqabad qəsəbəsi ərazisində gizlədiblər.
Araşdırmalar zamanı E.Məmmədovun həmin gün V. Soltanov və O. Mürsəlov tərəfindən tamah məqsədilə Şamaxı rayonunun Çuxuryurd kəndinə aparılıb orada boğma yolu ilə qətlə yetirilməsi, meyitinin isə meşə zolağında basdırılması müəyyən edilib. Hər ikisi polis və prokurorluq orqanları əməkdaşlarının birgə əməliyyat-istintaq tədbirləri nəticəsində tutulub. O. Mürsəlov “Azər-Trans” mühafizə şirkətinin işçisi olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinə 14 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar cinayət işi üzrə günahkar olmadıqlarını və barələrində bəraət hökmünün çıxarılmasını xahiş ediblər.
Hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər. Onlar qətl hadisəsini tötərmədiklərini qeyd ediblər. Məhkəmə iclası sentyabrın 26-da davam etdiriləcək.