Hədə-qorxu gələndə Bəylər Əyyubovun adını çəkirmiş…
Dələduzluq və hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən paytaxt sakini Damət Məmmədovun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində proses başladı. Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Elgiz Qafarov cinayət işi üzrə ittiham aktını elan etdi.
…30 yaşlı Damət Məmmədov 2010-cu ilin əvvəlində Buzovnada Tərlan Paşayevə bir çox vəzifəli şəxslərlə dostluq, onların bəziləri ilə qohumluq əlaqəsi olduğunu bildirib. Belə ki, o, biznez qurmaq adı ilə 2010-cu il ərzində, ayrı-ayrı günlərdə Tərlan Paşayevdən cəmi 10 min manat alıb. Bundan əlavə, Damət Məmmədov cinayətkar əməlinin davam etdirib və 2011-ci il ərzində ayrı-ayrı günlərdə Tərlan Paşayevi aldadıb. O, Tərlan Paşayevlə biznes qurmaq adı ilə aldadaraq 33 min 500 manat təkrarən alıb. Lakin 2012-ci ildə Tərlan Paşayev Damət Məmmədovun dələduzluq etməsini başa düşüb və daha sonra ona pul verməkdən imtina edib. Tərlan Paşayevdən daha pul ala bilməyən Damət Məmmədov hədə-qorxu gəlməyə başlayıb.
Damət Məmmədov 2012-ci ilin aprelində Tərlan Paşayevlə telefon vasitəsilə əlaqə saxlayaraq, cinayətkar aləmin tanınmış adamları ilə əlaqəli olduğunu deyib. Cinayətkar aləmin tanınmış adamları vasitəsi ilə onun ailə üzvlərini öldürəcəyi, uşaqlarını oğurlayacağı ilə hədələyib. Eyni zamanda Damət Məmmədov Tərlan Paşayevlə telefonla danışarkən istintaqa məlum olmayan tapançadan atəş açıb və bu vasitə ilə Tərlan Paşaeyvin gözünün odunu alıb.
Damət Məmmədovun hədə-qorxusundan qorxuya düşən Tərlan Paşayev ona pul verməkdə davam edib. 2012-ci ilin müxtəlif vaxtlarında Tərlan Paşayev Damət Məmmədova 16 min 500 manat pul verib…
Prokurorun sözlərinə görə, Damət Məmmədov qeyd olunan əməllər törətdiyi üçün həbs edilib. Bununla da Damət Məmmədova CM 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmək), 182.2.3-cü zor tətbiq etməklə hədə-qorxu gəlmək) maddələri ilə ittiham irəli sürülüb.
Damət Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bildi. Dedi ki, zərərçəkmiş şəxsi 20 ildir tanıyır. Onun sözlərinə görə, Tərlan Paşayevlə birlikdə market açaraq bizneslə məşğul olacaqdılar: “Marketdə hansı növdə mallara satacağımızı deməmişəm. Pulları da Tərlan Paşayevdən hissə-hissə almışam”.
Telefonda zərərçəkmiş şəxsə hədə-qorxu gəldiyini etiraf etdiyini deyən təqsirləndirilən şəxs bildirdi ki, pulları alarkən telefonda özü danışıb. O, etiraf etdi ki, zərərçəkmiş şəxslə danışarkən müxtəlif səslər çıxarıb və hədə-qorxu gəlib. Təqsirləndirilən şəxs dedi ki, telefonda ondan başqa heç kimlə danışmayıb. O, zərərçəkmidən aldığı pulları hara sərf etdiyini deməsə də, pulların geri qaytarılması üçün məhkəmədən bir ay möhlət istədi: “Mənə bir ay vaxt verin. Zərərçəkmişə dəymiş ziyanı ödəyəcəm”.
Daha sonra məhkəmə iclasında zərərçəkmiş şəxs qismində Tərlan Paşayev ifadə verdi. O, bildirdi ki, Damət Məmmədov aldatma yolu ilə əvvəlcə ondan 54 min 500 manat alıb. Onun sözlərinə görə, qeyd etdiyi məbləğdə pulu alandan sonra hədə-qorxu gəlməyə başlayıb: “Damət Məmmədov dələduzluq niyyətini tək həyata keçirməyib. Bu işdə Sənubər adlı qadın da olub. Pulların alınması üçün telefonda Sənubər adılı qadın da mənimlə danışdı”.
Zərərçəkmiş şəxs daha sonra ifadəsində qeyd etdi ki, təqsirləndirilən şəxs biznes qurmaları üçün yaxın qohumu olduğu generalın adını verdi və həmin şəxsin vasitəsi ilə biznes quracaqlarını vəd edib: “Damət Məmmədov mənə Bəylər Əyyubovun adını dedi. Onun dairəsi ilə əlaqəli olduğunu bildirdi. Biznes qurmağımız üçün də Bəylər Əyyubovun köməklik göstərəcəyini dedi. Mən də ona inandım”.
Tərlan Paşayev ifadəsində əlavə etdi ki, Damət Məmmədovun dələduzluq niyyətini başa düşəndən sonra pul verməyib. Onun sözlərinə görə, pul verməkdən imtina edəndən sonra Damət Məmmədovun hədə-qorxuları ilə üzləşib: “Telefonda mənə Cəmilə adlı qadın da hədə-qorxu gəlib. Həmin qadın özünü məşhur bir biznesmenin həyat yoldaşı kimi təqdim etdi. Dedi ki, mənim hər addımımı izləyirlər. Gün ərzində mənim harada olduğumu, kiminlə görüşdüyümü dəqiqliklə deyirdilər. Hər şeyi dəqiq dedikləri üçün qorxuya düşmüşdüm”.
Zərərçəkmiş şəxs daha sonra qeyd etdi ki, Damət Məmmədov və onunla birlikdə olan başqa şəxslər ailə üzvlərini öldürəcəkləri, oğurlatdıracaqları ilə hədə-qorxu gəlirdilər: “Hətta Damət Məmmədov mənə dedi ki, ailənin başsız qalmasını istəmirsənsə, bizim dediyimiz pulları verməlisən. Damət onu da dedi ki, mafiyanın içinə düşübsən, özünə yazığın gəlsin, deyilən pulları ver. Həmişə də mənə hədə-qorxu gələndə Bəylər Əyyubovun adını çəkirdi”.
Damət Məmmədov zərərçəkmiş şəxsin ifadəsində adı çəkilən generalla bağlı açıqlama verdi. O, bildirdi ki, zərərçəkmişə heç bir generalın adını çəkməyib. Onun sözlərinə görə, vəzifəli qohumlarının olması, cinayətkar aləmlə əlaqəli olması barədə səslənən fikirlər də həqiqət deyil.
Təqsirləndirilən şəxsin açıqlaması zərərçəkmişi hiddətləndirdi və o, məhkəmədə heç bir yalan danışmadığını, həqiqəti açıqladığını bildirdi: “Mənə nə gəlib ki, yalan danışım. Bu şəxs vəzifəli şəxslərin adı ilə məni aldadıb. Həmişə hədə-qorxu gələndə deyirdi ki, sözümüzə qulaq asmasan ailən başsız qalacaq. Mənim qorxmağım üçün Damət Məmmədov telefonda danışarkən silahdan atəş açırdı, mən Robertəm deyirdi”.
Daha sonra məhkəmə iclasında şahidlər ifadə verməyə başladı. Ilk əvvəl təqsirləndirilən şəxsin anasının ifadəsi alındı. O, bildirdi ki, oğlunun dələduzluq yolu ilə əldə etdiyi pullardan xəbəri olmayıb. Sonra təqsirləndirilənin həyat yoldaşı ifadə verdi. O, bildirdi ki, Damət Məmmədovla ailə qurandan 3 ay sonra həbs edilib. O, Damət Məmmədovun belə işlər görməsindən xəbərsiz olduğunu qeyd etdi. Məhkəmə iclası aprelin 11-də davam etdiriləcək.