Həbsxanaya vaflinin içində heroin keçirə bilmədi
Hadisə 17 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Sovqat gətirən yaman yerdə axşamlayıb. ƏN Penitensiar Xidmətin və 17 saylı cəzaçəkmə müəssisəsinın əməliyyat aparatları onun nömrəsinin üstünü açıb və onun tərəfindən müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Aprelin 24-də 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1985-ci il doğumlu, CM 177.2.2; 66.5-ci maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elşən İsrail oğlu Həsənzadəyə vətəndaş Tahir Zülfüqar oğlu Cəfərovun gətirdiyi sovqata baxış keçirilən zaman vaflinin içərisində gizlədilmiş ümumi xalis çəkisi 0,925 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Faktla əlaqədar araşdırma aparılır və yəqin ki, bu «sovqat» Cəfərova baha başa gələcək.