Muəllif:

Həbs edilən şəxslərin qohumlarına dərhal məlumat veriləcək

Həbs edilən şəxslərin qohumlarına dərhal məlumat veriləcək. Şəxs saxlanıldığı andan vəkillə təmin ediləcək, eləcə də həkim müayinəsindən keçiriləcək. Milli Məclisdə «Polis haqqında» və «Əməliyyat-axtarış fəaliyyəti haqqında» qanunlara, eləcə də Cinayət və Cinayət-Prosessual məcəllələrinə dəyişikliklərdə belə deyilir.

MM Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin iclasında bildirib ki, «Polis haqqında» Qanuna edilən dəyişikliklərə görə, həbs edilən şəxs həbs yerinə gətirildikdən dərhal sonra onun tutulduğu və ya həbsə alındığı və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək imkanı yaradılmalıdır.

Tutulmuş və ya həbs edilmiş şəxsin qocalığı, yetkinlik yaşına çatmaması, sağlamlıq və psixi vəziyyəti ilə bağlı hallar istisna olmaqla, şəxsi məlumatları öz təşəbbüsü ilə verməməlidir. Əgər tutulan və ya həbs edilən şəxs əcnəbi, yaxud vətəndaşlığı olmayan şəxsdirsə, onun vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycanda olan diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud ona himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilata bu barədə dərhal məlumat verilməli və bu cür məlumatın verildiyi qeydə alınmalıdır.

«Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanuna edilən dəyişikliyə əsasən, həbs yerlərində və cəzaçəkmə müəssisələrində əməliyyat-axtarış tədbirləri bu qanunla müəyyən edilmiş qaydada tətbiq edilir.

Dəyişikliyə görə, həbs yerlərində və cəzaçəkmə müəssisələrində əməliyyat-axtarış fəaliyyətini müvafiq olaraq həbs yerlərinin və cəzaçəkmə müəssisələrinin müdiriyyəti həyata keçirir. Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə əməliyyat-axtarış fəaliyyətini həbs yerlərinin və ya cəzaçəkmə müəssisələrinin müdiriyyəti ilə birgə həyata keçirirlər.

Bundan başqa, həbs yerlərində və cəzaçəkmə müəssisələrində əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı qanunların icrasına nəzarəti bu qanunun 20-ci maddəsi ilə müəyyən edilmiş qaydada prokurorluq orqanları həyata keçirirlər.

Cinayət Məcəlləsinə edilən dəyişikliklərə əsasən isə, bilərəkdən qanunsuz həbs yerində saxlama dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Əli Hüseynli qeyd edib ki, həbs yerlərində saxlanılanlarla bağlı xüsusi qanun var. Bütün postsovet ölkələrində tutulma, həbsə alma xüsusi problemdir. Artıq 2 ildir ki, Azərbaycanın Avropa standartlarına cavab verən qanunu mövcuddur. Bu qanunun hazırlanması zamanı ATƏT-in məsləhətləri nəzərə alınsa da, qanun milli ekspertlərimiz tərəfindən hazırlanıb: «İndiyə qədər həbslər həyata keçiriləndə bəzən iddia olunurdu ki, şəxsə işgəncə veriblər, təzyiqlər göstərilib. Polis isə işgəncə vermədiyini sübut edə bilmirdi. Ancaq bu dəyişiklik imkan verəcək ki, şəxs saxlanıldığı andan vəkillə, eləcə də onun həkim müayinəsindən keçirilməsi təmin ediləcək. Belə bir müayinədə gələcəkdə əsassız işgəncə iddialarının qarşısını alacaq».

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 191