Muəllif:

Hardis Baumanis: «İqtisadi əlaqələri siyasi əlaqələrin səviyyəsinə yüksəldək»

— Azərbaycan və Latviya arasında tarixən yaxşı siyasi əlaqələr mövcud olub. Münasibətlər hər səviyyədə yaxşıdır, ölkələr arasında mütəmadi olaraq yüksək səviyyəli səfərlər həyata keçirilir. İstəyərdim ki, bizim iqtisadi əlaqələri də siyasi əlaqələr səviyyəsinə qaldıraq ki, ölkələr arasındakı ticarət dövriyyəsi, sərmayələrin səviyyəsi siyasi həyatın bütün səviyyələrində mövcud olan yaxşı münasibətləri əks etdirsin. Bunu Latviyanın Azərbaycan səfiri Hardis Baumanis APA-ya müsahibəsində deyir.
Səfir baş nazir Valdis Dombrovskisin 90 iş adamı ilə Azərbaycana gəlişini uğurlu səfər sayaraq deyir ki, Latviya 22 ildir müstəqildir və bu nümayəndə heyəti müstəqillik dövrü ərzində baş naziri xarici səfərdə müşayiət edən sayca ikinci böyük nümayəndə heyətidir. Buradakı görüşlərdə investisiya məsələləri müzakirə olunub. İş adamlarının maraqlarına uyğun olaraq 3-4 individual görüş təşkil edilib.
Səfir istəyir ki, iqtisadi əlaqələr daha fəal olsun. 2011-ci ildə bu göstərici 30 milyon dollara bərabər olub. 2012-ci ilin göstəricilərinin də eyni olmasını gözləyir, yəni keçən il ciddi dəyişikliklər baş verməyib. Göstəricilərin aşağı düşməsi onunla bağlı olub ki, ixracatçılardan biri öz fəaliyyət istiqamətini dəyişdirib, bu da ona gətirib çıxarıb ki, ixraca gedən mallardan biri ixrac siyahısından kənarlaşıb. Amma bunu müvəqqəti hal sayır, çünki ixraca gedən yeni mallar da ortaya çıxır və düşünür ki, ticarət dövriyyəsinin göstəriciləri bundan sonrakı illərdə daha yüksək olacaq.
Səfir bildirib ki, bu il əvvəlki istiqamətlər üzrə əməkdaşlıq davam edəcək. Bu il biz Azərbaycanda Latviyanın məşhur estrada ulduzlarının çıxışını da görəcəyik. Keçən il burada İntars Busulisin, Anmarinin bir neçə çıxışları baş tutub. Səfir əmindir ki, sərgilərin təşkili, ələlxüsus qobelen sənəti üzrə əməkdaşlıq davam etdiriləcək. Ali məktəblər arasında əməkdaşlığı isə ayrı bir söhbətin mövzusu hesab edir.
«Vikinq» nəqliyyat layihəsinə də toxunan səfir deyib ki, bu, Latviya ilə Litvanın birgə layihəsi kimi nəzərdə tutulurdu. Qonşu ölkənin layihəsini şərh etmək istəməzdi, çünki «Vikinq» Litvanın layihəsidir, Latviyanın öz «Zubr» layihəsi var. Bu layihə Riqanı Belarus və Ukrayna ilə birləşdirir. Sifarişçinin tələbi əsasında yüklər Belarusa, oradan isə lazım gəldikdə Ukraynaya çatdırıla bilər. Lakin Qara dəniz sahillərinə «Zubr» qatarları hələ çıxmayıb. Əgər tələbat olsaydı, bu layihəni Ukraynanın Qara dəniz limanlarına qədər, oradan isə, ola bilsin, Türkiyəyə qədər uzada bilərdilər. Amma Qafqaz istiqamətinə yönəlməyin mümkünlüyünü də istisna etmir. Bu baş tutsa, qatarlar Riqadan Bakıya qədər gələ biləcək.
Baumanis qeyd edib ki, Latviyada 3-4 min azərbaycanlı yaşayır. Azərbaycanda isə konsulluq qeydiyyatında 40-50 latviyalı var. Amma burada bir məsələni də nəzərə almaq lazımdır ki, bir çox insanlar Azərbaycana qısamüddətli ezamiyyətə gəlirlər. Buna görə də latviyalıların Azərbaycanda sayı azərbaycanlıların Latviyadakı sayından azdır. Latviyada azərbaycanlıların azı 3 təşkilatı var. Azərbaycanda isə latviyalıların təşkilatı yoxdur. Belə bir təşkilat 1906-cı ildə Azərbaycanda neft bumu yaşanan dövrdə yaradılmışdı. Amma latviyalıların sayı burada artır və onların istəyi olsa, biz onların təşkilatını yarada bilərik.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 328