Muəllif:

Haqq-hesab çəkmək vaxtı

Ankara

Vallah-billah, mənə bəzən elə gəlir ki, son 20 ildə ölkəmizdəki iqtidarın adı Yeni Azərbaycan Partiyası deyil. Bəzən məndə elə təəssürat yaranır ki, Azərbaycanda fransız sosialistlərindən, ABŞ demokratlarından və Vahid Rusiya Partiyasından ibarət bir koalisiya hakimiyyətdədir. Yeni Azərbaycan Partiyası isə ən yaxşı halda iqtidardakı bu koalisiya yanında ala-yarımçıq xalq tribunu rolunda çıxış edir.
Xalq tribunları (plebey tribunları) (latınca: tribuni plebis) — Qədim Romada plebeylərdən (b. e.ə. 494-cü ildən) seçilən vəzifəli şəxslərdir. Xalq tribunları plebeylərin hüquqlarını müdafiə edir və onların xeyrinə qanunlar həyata keçirirdilər. Onlar magistrat və senatın qərarlarını ləğv etmək hüququna malik idilər. Tribunların şəxsiyyəti toxunulmaz və müqəddəs hesab edilirdi. İmperiya dövründə isə xalq tribunları əslində real əhəmiyyətlərini itirdilər.
Bizim iqtidarla xalq tribunları arasında oxşar cəhətlər çoxdur. Birincisi, bizim hakim elita Romadakı xalq tribunları kimi özünü toxunulmaz və müqəddəs sayır. Bəziləri hətta Peyğəmbərlərlə belə rəqabətə girməyə hazırdırlar və layiqdirlər. Hər halda Şeyximiz belə hesab edir. İkincisi, bizim hakim elita Roma tribunları kimi xirtdəyə qədər korrupsiya bataqlığının içindədir. Ədalət naminə deməliyəm ki, bizim hakim elitadan fərqli olaraq, Roma tribunları arasında ara-sıra doğrudan da xalqın dərdlərini dilə gətirənlər, qarşılaşdığı problemləri həll etməyə çalışanlar da vardı. Amma belələrinin taleyi də çox acınacaqlı olub. Əksəriyyəti isə onlara çatacaq rüşvəti alıb aristokratiyanın qeyri-məhdud hakimiyyətinin sadiq dayağı olublar.
Üçüncüsü, aristokratiya ilə rüşvətin məbləği ilə bağlı apardıqları sonsuz bazarlıqlardan başları açılanda tribunlar hərdənbir görüntü naminə plebeylərin də istəklərini dilə gətirirdilər.
Dördüncüsü, bir müddət keçəndən sonra, daha doğrusu, müqəddəsliklərinə və toxunulmazlıqlarına inandıqdan sonra tribunlar özlərinin də plebey olduqlarını unudurdular. Bəzən onlar, doğrudan da, Qədim Romanı özlərinin idarə etdiyinə inanmağa başlayırdılar. Lap bizim hakim elita kimi…
İndi isə bu fikirləri konkret misallarla əsaslandırmağa çalışacağam. Sözsüz ki, söhbət Qədim Roma tarixindən deyil, bu günümüzün gerçəklərini əks etdirən misallardan gedir. Bu günlərdə hakim Yeni Azərbaycan Pertiyasının liderlərindən biri sayılan, Milli Məclis üzvü Əli Əhmədov ATƏT-in Minsk Qrupunun həmsədr dövlətrininin başçılarını ittiham edib bildirdi ki, ABŞ, Rusiya və Fransa prezidentləri vəzifələrinin öhdəsindən gələ bilmirlər. ATƏT-in Minsk Qrupuna həmsədrlik edən dövlətlərin, eləcə də bu qrupa daxil olan digər ölkələrin rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı narahatlıq bildirmələri ümumi şəkildə götürəndə müsbət qiymətləndirilməlidir. Münaqişənin tənzimlənməməsində narahatlığın ifadə olunması onu göstərir ki, bu dövlətlər, ATƏT-in Minsk Qrupunun üzvləri münaqişəni unutmayıblar.
Gün.Az-ın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və icra katibi, millət vəkili Əli Əhmədov «səkkizlər»in son görüşündə Dağlıq Qarabağ münaqişəsindən narahatlıq ifadə edən bəyanatın verilməsinə münasibətini bildirərkən deyib.
YAP rəsmisinin dediyinə görə, ancaq Azərbaycanı işğala və təcavüzə məruz qalan bir ölkə kimi daha çox bu məsələdə nəticə maraqlandırır:
«Yaxşı olardı ki, həmin bəyanatı verən şəxslər, ATƏT-in Minsk Qrupuna həmsədrlik edən dövlətlər münaqişənin niyə indiyədək tənzimlənməməsi məsələsinə münasibət bildirərdilər və aydınlıq gətirərdilər.
Çox təəssüflər olsun ki, bu günə qədər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi addımlar atılmayıb, 20 ildən artıqdır ki, münaqişə həll olunmamış vəziyyətdə qalır, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz yurd yerlərinə qayıtmaları üçün əməli fəaliyyət ortaya qoyulmayıb.
Eyni zamanda beynəlxalq dairələr ATƏT-in Minsk Qrupu həmsədrləri və üzv dövlətləri tərəfindən indiyədək işğala məruz qalanla işğalçının fərqi göstərilməyib, işğalçının adı konkret açıqlanmayıb.
Neçə ki, münaqişədə işğalçı ilə işğala məruz qalanın adı dəqiq açıqlanmayıb, neçə ki, münaqişənin ədalətli həllində həmin dairələr tərəfindən Ermənistana ciddi təzyiqlər göstərilməyib, o vaxta qədər bu tipli bəyanatlar sözdən savayı o yana keçməyəcək və Azərbaycan cəmiyyəti tərəfindən ciddi qəbul edilməyəcək».
Bir sözlə, cənab Əhmədovun bəyanatlarından belə bir nəticə çıxır ki, Azərbaycan xalqı Qarabağ münaqişəsinin bu günə qədər həll olunmamasının bütün haqq-hesabını ATƏT Minsk Qrupunun həmsədr dövlətlərinin prezidentlərindən sormalıdır. Amma kimdən soracağımızı bilmirik. Problem ondan ibarətdir ki, Azərbaycandan fərqli olaraq, cənab Əhmədovun haqqında danışdığı son 20 ildə ABŞ və Fransada iqtidar dörd dəfə dəyişib. Ən azından Fransanın yeni prezidenti Fransua Ollanddan sorulacaq bir şey də yoxdur. O yazıq hakimiyyətə yalnız bir il öncə, yəni 2012-ci ilin mayında gəlib.
Bəziləri deyə bilər ki, özünü uşaq yerinə qoyma. Axı yaxşı bilirsən ki, Qarabağ münaqişəsinin həllində regionda geosiyasi maraqları olan dünyanın aparıcı dövlətlərinin mövqeyi həlledici amildir. Onlar da ATƏT-in Minsk Qrupunun həmsədrləridir. Mübahisə etmirəm. Bu, doğrudan da, belədir.
Amma bunu deməklə söhbəti qapatmaq mümkün deyil. Yeni suallar rahat yatmağa imkan vermir. Məsələn, bu günə qədər münaqişənin həllində yuxarıda sadalanan aparıcı dünya dövlətlərinin dəstəyini qazanmağımıza nə mane olur?! Bunun hesabını kimdən sormalıyıq?! Azərbaycanın iyirmi illik «toxunulmaz və müqəddəs» iqtidarından, yoxsa dünən hakimiyyətə gəlmiş Fransa prezidenti Fransua Ollanddan?! Nəyimiz çatmır?! Enerji daşıyıcılarının ixracından milyardlar qazanırıq. Böyük bir hissəsini halal zəhmət haqqımız kimi manimsəyirik. Çox az miqdarını ordunun yaradılmasına, silah-sursatla təchizinə yönəldirik. Güclü ordunun yaradılması üçün bu da kifayətdir. Ən azından ona görə ki, rəqibimiz ABŞ, Çin demirəm, hətta İran da deyil, Ermənistandır.
Dünyanın önəmli bir hissəsinin, yəni Avropa Birliyinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu gündən-günə artır. Özü də söhbət Azərbaycanın yalnız ixracatçı kimi deyil, həm də tranzit ölkə kimi də geosiyasi və iqtisadi əhəmiyyətinin artmasından gedir. Eyni zamanda iddia edirik ki, məhz son iyirmi ilin uğurlu xarici siyasəti nəticəsində dünya bizim haqq səsimizi eşitməyə başlayıb.
İndi keçək rəqibimizə, yəni Ermənistana. Rəqibimiz heç nəyi olmayan bir dövlətdir. Ermənistanın və Azərbaycanın insani və iqtisadi resurslarını müqayisə etmək belə gülünc olardı. Azərbaycanın illik büdcəsinin Ermənistanın illik ümumi daxili məhsulundan iki dəfə artıq olduğunu yada salmaq kifayətdir.
Orta və uzunmüddətli perspektivdə aparıcı dünya dövlətləri üçün Ermənistanın elə bir geosiyasi əhəmiyyəti də yoxdur.
Bütün bu sadalanan amillərə baxmayaraq, biz bütövlükdə münaqişənin demirəm, hətta Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonların belə azad edilməsində aparıcı dövlətlərin dəstəyini qazana bilməmişik. Doğrudan da, Qarabağ münaqişəsinin postsovet məkanında analoqu yoxdur. Həm Gürcüstanda, həm də Moldovadakı münaqişələr, Azərbaycandan fərqli olaraq, milli azlığın yaşadığı ərazinin hüdudlarından kənara çıxmayıb. Biz isə keçmiş baş nazirimiz demişkən, yalnız Dağlıq Qarabağı deyil, ətrafındakı yeddi rayonun əksəriyyətini tam olaraq, bir hissəsini də qismən ermənilərə «uzunmüddətli icarəyə vermişik».
Vəziyyətimizi yalnız ərəblərlə müqayisə etmək olar. Doğrudanmı biz bu qədər acizik?! Amma yenə də deyirəm ki, bütün bunların hesabını iyirmi illik dəyişməz Azərbaycan iqtidarından deyil, Fransa prezidentindən sormalıyıq. Düşünməyin ki, bizim «tribunlar» heç nəyə qadir deyillər. Vəziyyət o qədər də acınacaqlı deyil. Hətta bizim «tribunlarımız» üçün şərəf duymalı məqamlar da var.
Məsələn, sən demə, Azərbaycanla bağlı müxtəlif beynəlxalq qurumların rəsmilərinin sərt bəyanatları onu göstərir ki, bu şəxslər diplomatik etiket qaydalarını axıradək bilmirlər. Azərbaycan son illər ərzində özünün güclü inkişaf dövrünü yaşayır, güclü inkişaf etmiş dövlətdir və belə bir güclü dövlətin rəhbərliyi ilə də hansısa tonda danışmaq olmaz və bunlar mümkün deyil.
Gün. Az xəbər verir ki, bu fikirlər də Yeni Azərbaycan Partiyasının sədr müavini və icra katibi, millət vəkili Əli Əhmədova aiddir.
Bu fikirləri cənab Əhmədov, Avropa Parlamentinin bəzi nümayəndələrinin Avropa Komissiyasının sədri Joze Manuel Barrozonun Azərbaycan prezidenti ilə nəzərdə tutulan görüşündə onun sərt tonda danışmasına çağırışlar edilməsinə, həmçinin «Human Rights Watch» təşkilatının buna bənzər mövqeyinə münasibətini bildirərkən dilə gətirib. Bir sözlə, «tribunlarımız» onların özlərinin «toxunulmazlıqları və müqəddəslikləri» şübhə altına alınanda dəmir iradə nümayiş etdirirlər. Bu məsələdə heç kimə, hətta bu dünyanın ən aparıcı dövlətlərinə belə güzəştə getmirlər. Hesab edirlər ki, bu dünyada sonsuza qədər onları sorğulamaq haqqına malik heç bir güc yoxdur…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 243