Muəllif:

Hamının küsülüləri barışır. Bəs bizim?

İsrailin Türkiyədən üzr istəməsi haqqında xəbər, necə deyərlər, ölünü də diksindirə bilər.
Xüsusilə də «ölü» özü yəhudidirsə: İsrail dövləti yaranışından heç kimdən üzr istəməyib! Hətta Amerika Birləşmiş Ştatlarından da. Altıgünlük müharibənin üçüncü günü — 1967-ci ilin 8 iyununda Amerikanın «Liberty» kəşfiyyat gəmisi anlaşılmazlıq üzündən İsrail hərbi təyyarələrinin hücumuna məruz qaldı. Nəticə çox ağır oldu: 34 amerikalı öldürüldü, 174-ü yaralandı. Buna görə İsrail Birləşmiş Ştatlara yalnızca təəssüfləndiyini bildirməklə kifayətləndi.
Nədən İsrail hökuməti Türkiyə ilə münasibətlərində üç il davam edən «one minute» pauzasından sonra tarixində ilk dəfə belə bir addımı atmaq qərarına gəldi və ölkədə sağ elektoratın liderlərinin dediyi kimi, «təsəvvür edilməsi mümkün olmayan dərəcədə böyük milli əksikliyi» boynuna götürdü?
Bu yerdə «ədalət hissi»ndən danışmaqla, İsrailin birdən-birə səhvini anladığını deməklə ancaq oxucunu güldürmək olar. İsrailin Netanyahusundan tutmuş, sonuncu Abramına qədər, hamı «Mavi Mərmərə» məsələsində öz ölkəsinin haqlı olduğu qənaətindədir. Üzrün səbəbi isə, əlbəttə, başqadır: İsrail hökuməti ölkənin üstünü almış təhlükənin gerçəkliyini dərk edir, daha çox «əksilmək» perspektivindən qurtarmaq üçün çox şeyə hazır olduğunu göstərir. Mötəbər politoloji mərkəzlər və təcrübəli siyasətçilər əsas təhlükə mənbəyinin Suriya, ilk növbədə İran olduğunu, müharibənin yaxınlaşdığını bildirirlər. Ssenarini o qədər də fantastik hesab etmək olmaz. Cəmi üç gün əvvəl Çin, Rusiya, Hindistan, Braziliya kimi nəhəng dövlətlərin liderlərinin birgə bəyanatı da bundan xəbər verir: «Biz İrana qarşı hərbi əməliyyatlara başlanacağı barədə təhdiddən… narahatıq».
Digər təhdidləri, strateji məqsədləri önə çəkənlər də var.
Region ölkələri vəziyyəti xüsusi diqqətlə izləyir, arada hansı niyyətin olduğunu dəqiqləşdirməyə çalışırlar. Amma, eyni zamanda, bütün mümkün variantlar üçün «ev hazırlıqları» görürlər.
Bu hazırlıqların əsas istiqaməti ölkə daxilində birliyi möhkəmləndirmək, qonşularla köhnə narazılıqları aradan qaldırmaq, bir sözlə, «küsülüləri» barışdırmaqdır. İsrail fələstinlilərlə, Türkiyə kürdlərlə «dil axtarır» və hətta Sarkisyanın mətbuat katibi də prezidentin «Azadlıq» meydanında aclıq edən müxalifət liderinin yanına getməsi ehtimalından danışır.
Bəs Azərbaycan «hazırlıqlarını» hansı yöndə aparır? Hökumət, əvvəlki kimi, birliyin optimal variantını daxildə bütün opponentləri əzib özünə tabe etdirməkdə, xaricdə isə hamıya «göz ağartmaqda» görür. Bir əli ilə müxalifəti, qeyri-hökumət təşkilatlarını, medianı, sosial şəbəkə fəallarını qovalayır, o biri əli ilə Amerikaya, Türkiyəyə, Almaniyaya, Rusiyaya yumruq silkələyir. Sadəcə son bir ayda barəsində hökm çıxarılmış jurnalistlərin, həbs olunmuş gənc fəalların sayına baxanda, QHT-lərin əl-qolunu bağlamaq məqsədi ilə çıxarılmış qanun və qərarları oxuyanda, dövlət rəsmilərinin və YAP liderlərinin hər yerdə «düşmən» axtarışını davam etdirdiyini görəndə başa düşürsən ki, bu cəmiyyətdə hakim zümrə dünyada baş verənlərin fərqində deyil. Quyu dərinləşir, kin-küdurət artır və istər dinc şəraitdə olsun, istər qarışıqlıqda, İranda istər müharibə başlasın, istər başlamasın — bizim fəlakətdən yan keçməyimiz çətin olacaq.
Mən belə vəziyyətdə nə etmək lazım gəldiyi barədə dərs vermək fikrində deyiləm. Müəllim-jurnalistlərdən özümün də xoşum gəlmir. Amma görülən işlərə baxıb, dönə-dönə verdiyim sualımı təkrarlamaq istəyirəm.
Professor Şirməmməd Hüseynovun hələ müstəqil peşəkarlara məxsus tənqidi ruhunu qoruyub saxladığı vaxtda danışdığı bir əhvalat yadıma düşür. Elə bu əhvalat da yəhudilər haqqındadır. Sovet cəmiyyətinin sürətli inkişafından, insanların maddi rifahının yüksəlməsindən danışılan bir partiya konfransında Xaim sakit dura bilməyib prezidiuma sual verir: «Əvvəllər soyuducumuz dolu olardı: ət, yağ, kolbasa… İndi tapa bilmirik. Əgər rifahımız yüksəlirsə, bəs yağımız, kolbasamız necə oldu?». Gecəynən KQB Xaimi evindən aparır. Növbəti konfransda yenə də inkişafdan danışılanda, Xaimin dostu Abram ayağa qalxır:»Baxın, mən yağ, kolbasa soruşmuram. Amma burda bizim bir Xaimimiz var idi, o necə oldu?»
İndi mən də, bir dostum demiş, «qurban olduğum inkişafımız» barədə mübahisə eləmirəm, amma nə vaxt idi «razılar»la «narazılar»ın dialoqundan danışılırdı, bəs o nə oldu? İran müharibəsindən sonrayamı qaldı?
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 207