Muəllif:

«Hamımız eyni qayıqdayıq»

«Ordunun Aynası»nın bu sayında Geosiyasi Araşdırmalar üzrə Beynəlxalq Mərkəzin (Gürcüstan) (International Centre for Geopolitical Studies (ICGS) sədri Tengiz Pxaladzenin hadisələrə baxış bucağını təqdim edirik. Onunla söhbətimizdə Cənubi Qafqazda mövcud təhlükəsizlik çağırışları, Gürcüstanın qarşılaşdığı problemlər, Gürcüstan — Azərbaycan hərbi əməkdaşlığının perspektivləri, NATO ilə əməkdaşlıq və s. məsələləri diqqətdən keçirdik.
— Öz təşkilatınız barədə bizi məlumatlandıra bilərdinizmi? Əsas məqsədiniz nədən ibarətdir? Hansı layihələri hazırda həyata keçirirsiniz?
— Geosiyasi Araşdırmalar üzrə Beynəlxalq Mərkəz (Gürcüstan) 2008-ci ildə yaradılıb. Əsas etibarilə biz xarici əlaqələri diqqətdə saxlayırıq. Əsas məqsəd Gürcüstanın Avropa və Avro-Atlantik səylərinə dəstək vermək, regional əməkdaşlığı, regional təhlükəsizliyi gücləndirməkdir. Əlbəttə, biz işğal olunmuş ərazilərin Rusiya ilə əlaqələrini araşdırmağa da diqqət yetiririk. Rusiyanın hərbi, yumşaq gücünün (soft power) araşdırılması da diqqətimizdədir. Azərbaycan kimi strateji tərəfdaşla regional enerji əməkdaşlığı, Türkiyə və digər qonşu dövlətlərlə münasibətlər də əlbəttə diqqətimizdədir.
— Regionda təhlükəsizlik durumunu necə qiymətləndirirsiniz? Cənubi Qafqazda təhlükəsizliyə və sabitliyə başlıca təhdidlər nədir? Bu regionda dondurulmuş münaqişələr necə həll oluna bilər?
— Hamı bilir ki, regionda vəziyyət sadə deyil. İlk növbədə münaqişələr səbəbindən. Bəzən mən «dondurulmuş münaqişələr» terminini eşidəndə təəccüblənirəm. Bəlkə də bu münaqişələr müşahidəçilər və prosesə kənardan baxanlar üçün dondurulmuş hesab oluna bilər. Amma bu münaqişələrin nəticələrini hər gün hiss edən əhali üçün onlar dondurulmuş deyil. Bunu həm Qarabağ münaqişəsi, həm də Gürcüstanın işğal olunmuş torpaqlarına münasibətdə demək olar. Biz görürük ki, işğal prosesi davam edir. Bir neçə həftə əvvəl Rusiya hərbçisi işğal xəttini keçmişdi, əfsus ki, bu, Gürcüstan, Azərbaycan və bütün regionun təhlükəsizliyi üçün çox təhlükəli prosesdir. Qarabağ və Gürcüstanın işğal olunmuş əraziləri ilə bağlı oxşar proseslər gedir. Bu ərazilər Rusiyanın marağındadır. Çünki gərginliyin nəzarətdə saxlanılması Rusiya üçün ölkələrin əleyhinə istifadə olunan alətdir. Rusiya bununla həmin ölkələrin azad seçiminə, Qərb ictimaiyyəti ilə daha sıx əlaqələr qurmasına təsir göstərir. Bu alət Rusiyanın maraqlarının bir hissəsinə çevrilmək istəməyən ölkələrə qarşı yönəlib. Təəssüflər olsun ki, Cənubi Qafqazda müstəqil ölkələrin mövcudluğu Rusiyanın milli təhlükəsizliyinə təhdid kimi göstərilib. Sözsüz ki, bu bizim əsas problemimizdir.
— Belə bir vəziyyətdə Gürcüstan qonşu ölkələr — Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya ilə münasibətlərini necə qurur? Çətinliklər hansılardır?
— Gürcüstan iki başlıca geosiyasi vektor arasında kəsişmə nöqtəsidir. Azərbaycan və Türkiyəyə gəldikdə, biz strateji tərəfdaşıq. Kəmərlər, infrastruktur kimi strateji layihələrə cəlb olunmuşuq. Türkiyə NATO üzvüdür, Gürcüstanın NATO arzusu aşkardır və biz əhəmiyyətli addımlar atmışıq. Ermənistana gəldikdə, onlar bizim qonşulardır. İki ölkə arasında tarixi əlaqələr var.
Çalışırıq ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə verək. Təəssüflər olsun ki, Gürcüstan çox kiçik ölkədir və bu məsələ təkcə Gürcüstandan asılı deyil. Amma çalışırıq.
Rusiyaya gəldikdə, bu ölkə təkcə Gürcüstan üçün deyil, region üçün ən təhlükəli qonşudur. Niyə? İlk növbədə Rusiya gözlənilməz, etibarsız qonşudur. Başqa yanaşma ondan ibarətdir ki, Rusiyanın məqsədi müstəqil dövlətlər arasında bərabər səviyyəli münasibətlərin qurulması deyil, imtiyazlı münasibətlərin qurulmasıdır. Rusiya «böyük qardaş» kimi danışmağa üstünlük verir. Əslində biz Rusiyanın Hərbi Doktrina, Xarici Siyasət Konsepsiyası, Milli Təhlükəsizlik Strategiyası kimi strateji sənədlərinə baxsaq, görərik ki, regional əməkdaşlıqda qəbul etdiyimiz qərarlar, gerçəkləşdirdiyimiz layihələr rəsmi Moskva tərəfindən Rusiyanın dövlət maraqlarına zidd proseslər kimi qəbul olunur. Mən əslində niyə belə olduğunu anlaya bilmirəm. Rusiyanın artıq NATO-ya və Avropa Birliyinə üzv olan qonşuları var. AB və NATO üzvlüyü həmin ölkələri daha təhlükəsiz, daha demokratik, daha inkişaf etmiş edir. Beləliklə, Rusiyanın Baltikyanı ölkələr, Polşa və başqaları kimi təhlükəsiz, etibarlı qonşuları var. Gürcüstan NATO-nun üzvü olsa və ya Avropa Birliyinə qoşulsa bu, Gürcüstan dövlətini gücləndirəcək və bu da Cənubi Qafqazdakı durumu bu günlə müqayisədə daha sabit edəcək. Bu, hər bir demokratik ölkənin marağında olmalıdır. Təəssüf ki, Rusiya demokratik deyil və bu əsas problemdir. Bu, hardasa mental problemdir. Rusiya hələ də postsovet imperiyası olması barədə düşünməkdə davam edir və münasibətlərdə şəffaflığı təmin etməyə hazır deyil. Budur əsas problem.
— Rusiya və Gürcüstan münasibətlərinin normallaşdırılması üçün nə etməlidir?
— Bu suala görə təşəkkür edirəm. Bir tərəfdən bu suala cavab vermək çox asandır: Rusiya özünün hərbi qüvvələrini bizim işğal olunmuş torpaqlardan çıxarmalı, qonşu ölkələrə münasibətdə sülhpərvər və etibarlı olmalıdır. Amma bu, sadəcə arzudur. Bu gün, təəssüflər olsun ki, münasibətlərin normallaşması üçün Rusiya tərəfdən heç bir addım görmürük. Yanaşmalarda fərqlər var. Rusiya münasibətləri Rusiya — Gürcüstan, Rusiya — Abxaziya və Rusiya — Cənubi Osetiya arasında münasibətlər kimi başa düşür. Eyni zamanda, Gürcüstan münasibətləri iki ölkə arasında — Gürcüstan və Rusiya arasında olmasını tanıyır. Beləliklə, əgər bu, bizim ərazi bütövlüyümüzə, dövlətçiliyimizə, dövlət maraqlarımıza qarşı deyilsə, biz hər şeyi etməyə hazırıq. Biz regional təhlükəsizliyə, iqtisadi əməkdaşlığa töhfə verməyə hazırıq. Biz Rusiya ilə ikitərəfli dialoqa həmişə çalışmışıq və artıq belə dialoq olub. Mən görmürəm ki, Rusiya müvəfəqqiyyət əldə etməyə hazırdır. Çünki onlar hər gün yeni baryer yaradırlar, həmişə işğal olunmuş ərazilərlə bağlı «yeni reallıq» barədə danışırlar. Hesab edirəm ki, əməkdaşlığa əsas problem Gürcüstan əhalisinin Avro-Atlantik cəmiyyətə, ailəsinə qoşulması ilə bağlı azad seçimidir. Hələ də sovet, KQB metodu ilə idarə olunan Rusiya kimi ölkənin rejimi demokratiyanı, şəffaflığı təhdid kimi qəbul edir. Qeyd etdiyim kimi, bu, artıq mental problemdir. Bu, dövlətçiliyin, təhlükəsizliyin tamamilə fərqli anlamda qəbul olunmasıdır. Əgər biz təhlükəsizlikdən danışırıqsa, demokratik ölkələrdə təhlükəsizlik vətəndaşların, əhalinin təhlükəsizliyidir. Bunlar dövlət təhlükəsizliyinə bərabərdir. Rusiyada isə təhlükəsizlik cəmiyyətin deyil, hökumətin təhlükəsiziyidir. Heç kim vətəndaşı düşünmür. Bu isə totalitar və demokratik rejim arasında əsas fərqlərdən biridir.
— NATO-nun rolunu necə qiymətləndirirsiniz? Alyans bu günlərdə Gürcüstanı kifayət qədər dəstəkləyirmi?
— Əlbəttə, dəstəkləyir. Əgər biz keçdiyimiz yola nəzər salsaq bunlar uğur dövləti qurmaq üçün keçilən yoldur. Bizim NATO ilə əməkdaşlığımız 1992-ci ildə başlanıb. O zamandan bizim əməkdaşlıqda yüksək dinamika var və ildən-ilə güclənir. Əgər biz müdafiə sistemimizə, Silahlı Qüvvələrimizə, təhlükəsizlik sistemimizə baxsaq, görərik ki, Gürcüstan islahatları müvəffəqiyyətlə idarə edə bilib. Bu ona görə olub ki, Qərb ölkələri, Alyans üzvü olan ölkələr Gürcüstana bu yolda kömək edib.
— Gürcüstan və NATO arasında əməkdaşlığın hədəfi nədir və bu gün hansı proqramlar həyata keçirilir?
— Əsas iki açar formatdan danışa bilərik və onlar 2008-ci ildə Buxarest sammitindən sonra yaradılıb. Onlardan biri NATO-Gürcüstan Komissiyasıdır ki, bu, ali səviyyəli dialoqdur və əməkdaşlıq üçün geniş imkanlar yaradır. Digəri İllik Milli Proqramdır ki, deyərdim ki, hər bir şeyi — təhlükəsizlik islahatlarını, demokratiya islahatlarını, yaxşı idarəçiliyi, ədliyyə islahatlarını, seçkiləri, ölkəni necə demokratikləşmək, Gürcüstanın necə stabil demokratik ölkə olması üzrə addımları nəzərdə tutan fəaliyyət planıdır. Bu iki format altında bizim bütün münasibətlər qurulub. Yaxın zamanlarda biz Şimali Atlantika Şurasının Gürcüstana səfərini gözləyirik. Bu artıq sayca üçüncü səfər olacaq və çox əhəmiyyətli hesab olunur.
— Gürcüstan son illərdə Silahlı Qüvvələrdə hansı islahatları həyata keçirib?
— Bizim artıq yeni Strateji Müdafiə İcmalımız (Strategic Defense Review) var. Bu sənəd bir müddət əvvəl prezident tərəfindən imzalanıb. Hazırda mənim fikrimcə, Gürcüstan Silahlı Qüvvələrinin tam olaraq peşəkar əsas keçirilməsi mühüm prosesdir. Gürcüstan artıq bunu anons edib. Sözsüz ki, bu proses ilk növbədə təhsillə əlaqədardır. Çünki Gürcüstan kimi ölkə hərbi təhsil daxil olmaqla ciddi təhsilə ehtiyac duyur. Sözsüz ki, insan ehtiyatlarının idarə olunması da vacibdir. Təəssüf ki, Gürcüstan çox da varlı ölkə deyil və indi büdcə prosesi, smart müdafiə əsas priorotetdir. Bu gün təhdidlər coğrafi sərhədləri aşır. Əgər biz terrorizm, trafiking, kiber-təhlükəsizlik və s. məsələlərdən danışırıqsa bütün bunlar beynəlxalq əməkdaşlığın gücləndirilməsini tələb edir. Onun üçün biz Əfqanıstandayıq. Bu gün Gürcüstan Əfqanıstanda NATO-ya üzv olmayan ölkələr arasında verdiyi töhfəyə görə 1 saylı ölkədir.
— Gürcüstan NATO-nun aspirant ölkəsi sayılır. Aspirant ölkə terminin anlamı nədir?
— NATO-nun sonuncu sammitində belə bir status təklif edildi və Gürcüstan rəsmi olaraq aspirant ölkə adlandırıldı. 3 ölkə — Makedoniya, Bosniya və Monteneqronun Üzvlük Fəaliyyət Planı (MAP) artıq var və onlar NATO üzvlüyünə rəsmi namizədlər hesab olunurlar. Gürcüstanın isə MAP sənədi yoxdur, amma o da eyni səviyyədə nominasiya olunur. Əgər NATO-nun genişlənmə sammiti keçirilsə, onda Gürcüstan da daxil 4 ölkə alyansa ən sıx ölkələr hesab olunacaqlar. Hazırda biz həmin aspirant formatı daha da gücləndirməyə, əlaqələrimizi genişləndirməyə, təcrübələri bölüşməyə çalışırıq. Beləliklə, aspirant ölkə olmaq çox əhəmiyyətli mərhələdir. Bu, Alyansa üzv olmaq üçün namizəd anlamındadır.
— Gürcüstan Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planını (İPAP) bitirib?
— Bəli, biz bu sənədi bitirdik və qiymətlər çox yaxşı oldu. Təəssüflər olsun ki, Gürcüstanın Üzvlük Fəaliyyət Planı (MAP) yoxdur. Amma bizim dediyim kimi, NATO-Gürcüstan Komissiyası, İllik Milli Planımız var. Bu sənədlərin mahiyyəti MAP-a çox oxşardır. NATO-nun Lissabom və Çikaqo sammitlərində qeyd edildiyi kimi, NATO-Gürcüstan Komissiyası və İllik Milli Plan Buxarest öhdəliyini həyata keçirmək üçün əhəmiyyətli alətlərdir. Buxarest qərarı isə Gürcüstanın NATO-ya üzv olacağını nəzərdə tuturdu. Beləliklə, bunlar MAP-a bərabər formatlardır.
— Gürcüstan və NATO arasında imzalanmış sənədlərə müvafiq olaraq Gürcüstanı real demokratik ölkəyə çevirəcək islahatlar barədə məlumat verə bilərdinizmi?
— Biz artıq bir vacib sınaqdan keçdik. Bu, 2012-ci il seçkiləri oldu. Bizim qarşıda gələn prezident seçkilərimiz var. Əməkdaşlıq sənədləri qeyd etdiyim kimi hər bir şeyi əhatə edir. Buraya yaxşı idarəetmə, ədliyyə islahatları və s. daxildir. İslahatlar davam edən bir prosesdir və onu heç zaman dayandıra bilməzsiniz. Hər zaman islahatları inkişaf etdirməlisən. Bu bizim ev tapşırığımıza, öhdəliyimizə bənzəyir. NATO-ya üzv olmaq üçün iki əsas vacib məsələ var: birincisi, ölkə bütöv Avro-Atlantik təhlükəsizliyə əhəmiyyətli töhfə verməlidir və Gürcüstan bunu edir. İkincisi, ölkə bu dəyərləri bölüşməli və həyata keçirməli, sabit demokratik ölkə olmalıdır.
— Gürcüstanda ordu üzərində nəzarəti əks etdirən mexanizm varmı?
— Bəli. Bizdə mülki nəzarətə dair güclü mexanizm var. Bir yanaşma parlament nəzarəti — parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsinin və parlamentarların özü tərəfindən nəzarətlə bağlıdır. Eyni zamanda, mən vətəndaş cəmiyyətinin bu prosesdə geniş iştirakını vurğulamaq istəyirəm. Buraya Müdafiə Nazirliyində olan tenderlərin bütün növləri, təhsil sistemi üzrə nəzarət daxildir. Hətta Strateji Müdafiə İcmalı qəbul olunmamışdan əvvəl vətəndaş cəmiyyəti ilə geniş kommunikasiya, müzakirələr aparılmışdı. Xeyli sayda qeydlərimizi, təkliflərimizi indi həmin sənəddə görə bilirik.
— Məlumatlara görə, təxminən 5 il öncə Gürcüstan əhalisinin 70-80 faizi ölkənin NATO-ya üzvlüyü ideyasını dəstəkləyib. Hazırda əhalinin mövqeyi necədir? Hansısa statistikalar varmı?
— Oxşar rəqəmlər qalır. Sonuncu sorğulara görə, NATO üzvlüyü ideyasının tərəfdarlarının göstəriciləri hələ də yüksəkdir.
— Gürcüstan — Azərbaycan siyasi-hərbi əməkdaşlığı barədə nə düşünürsünüz?
— Bu çox vacib məsələdir. Gürcüstan və Azərbaycan Avropa və Asiya arasında giriş-çıxış qapısı anlamındadır. Bu dəhliz o deməkdir ki, biz ən azı öz dövlətçiliyimizi, kəmərlər, dəmir yolları kimi beynəlxalq layihələri qorumalıyıq. Amma təəssüf ki, bütün bunlar beynəlxaq cinayət şəbəkəsi, terrorçular üçün maraqlı ola bilər. Azərbaycan və Gürcüstan terror təhdidinin nə demək olduğunu bilir. Azərbaycan bilir ki, separatçı və münaqişə nə deməkdir. Gürcüstan da eləcə. Azərbaycan, eyni zamanda, bilir ki, kibertəhdid nə deməkdir, biz də eləcə. Beləliklə, bizim oxşar təhlükələrimiz var. Bu o deməkdir ki, bütün təhdidlər bu gün bir-bir ilə əlaqəlidir. Bizim təhlükəsizliyimizi idarə etmək və müvəffəqiyyət əldə etmək üçün öz əlaqələrimizi gücləndirməyə ehtiyacımız var. Biz daha səmərəli qoruma mexanizmi yaratmalıyıq.
— Bir neçə ay öncə Gürcüstanın müdafiə naziri Azərbaycana səfər etdi. Necə düşünürsünüz, iki ölkənin birgə müdafiə sənayesi layihəsində iştirakı mümkündürmü?
— Ortada olan nəticələrdən gəldiyim qənaət budur ki, bu çox gözəl səfər oldu. Biz əməkdaşlıq edirik, biz dostuq, bu ona görə deyil ki, biz kiməsə qarşıyıq. Bu o deməkdir ki, regional təhlükəsizliyi hərbi əməkdaşlıq da daxil olmaqla, regional əməkdaşlıq olmadan təmin etmək mümkün deyil. Misal üçün, əgər Azərbaycanın sərhədləri təhlükəsiz ola bilməzsə, Gürcüstan sərhədləri təhlükəsiz ola bilməz. Azərbaycan təhlükəsizlik islahatlarında kənar və qonşu ölkələrin yardımı olmadan uğur əldə edə bilməz. Biz hamımız təkcə qonşu deyilik, eyni zamanda, hamımız eyni qayıqdayıq və bu səbəbdən biz bu təhlükəsizlik haqqında düşünməli və əməkdaşlığı gücləndirməliyik.
— Sizin gözləntiləriniz necədir? Azərbaycan və Gürcüstan təhlükəsizlik və müdafiə sahəsinin hansı istiqaməti üzrə əməkdaşlığı gücləndirəcəklər?
— Birincisi terrorçu təhdidinin qarşısının alınmasıdır. NATO-nun yeni strateji konsepsiyasında qeyd olunduğu kimi bizim yeni təhdidlərimiz var. Beynəlxalq terrorizm, narkotik dövriyyəsi, trafikkinq, seperatizm kimi yeni təhdidlər, eyni zamanda, bizim regiondakı problemlər əməkdaşlığımızın hədəfləri heab oluna bilər. Bizim regionda vəziyyət dəyişkəndir. Şimali Qafqaz, İran, Xəzər regionundakı gərginliklər diqqət mərkəzindədir. Əlbəttə, bizim işğal olunan torpaqlarımız var, münaqişələrimiz var, Qarabağ problemimiz var. Beləliklə, biz sülh təşəbbüslərimizi və eyni zamanda, hərbi əməkdaşlığımızı gücləndirməliyik. Biz yeni texnologiyaya yeni təhsil proqramlarına ehtiyac duyuruq və s.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 238