Hakim səhvlərini azaltmaq üçün
Futbol üzrə Azərbaycan çempionatının oyunlarını idarə edən hakimlərin yanvarın 15-dən etibarən Türkiyədə təlim-məşq toplanışı başlayıb. Qeyd edək ki, hakimlərin hazırlığı AFFA tərəfindən planlı şəkildə həyata keçirilir. Məqsəd hakimlərin öz formalarını saxlamaqla yanaşı, hakim səhvlərini minimuma endirməkdir.
Hazırlıqla bağlı AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov «affa.az» saytına bunları deyib: «İstər çempionat, istərsə də fasilə vaxtı Bayıl stadionunda hakimlərimiz məşq edirlər ki, daim öz formalarını saxlaya bilsinlər. Bu proses bundan sonra da davam edəcək. Hakimlərimizdən bir neçəsi zədə üzündən tam gücü ilə məşq edə bilmir. Bunu da normal qarşılamaq lazımdır. Vaxt keçdikcə bu məsələ həllini tapacaq».
Xaqani Məmmədov hakimlərimizin qış fasiləsinə qədər çempionatdakı idarəçiliyinə də toxunub. Məlum olub ki, komitə sədri referilərin işindən o qədər də razı deyil:
«Desəm ki, hakimlərimizin qış fasiləsinə qədər oyunlardakı idarəçiliyi məni razı saldı, düzgün olmaz. Düzdür, onlar işlərinin öhdəsindən gəldilər. Amma istədiyimi onlardan hələ ala bilməmişəm. İstərdim ki, heç bir hakim səhvə yol verməsin. Amma bu, mümkün deyil. Nə qədər ki, futbol var, hakim səhvləri olub, yəqin ki, yenə olacaq. Biz isə çalışırıq ki, bu səhvləri minimuma endirək».
Hakim səhvlərini azaltmağın yollarından biri də referilərimizin beynəlxalq oyun təcrübələrinin artırılmasıdır. Odur ki, hazırda qonşu ölkədə hazırlıq keçən ədalət təmsilçilərimiz orada daha çox oyun idarə etməyə çalışacaqlar:
«Çalışacağıq ki, hakimlər mümkün qədər çox oyun idarə etsinlər ki, Azərbaycan çempionatının oyunlarına tam hazır olsunlar. Ümumiyyətlə, bizə burada çox yaxşı şərait yaradılıb. Ona görə də AFFA rəhbərliyinə təşəkkür edirəm. Onu da bilin ki, bir çox ölkələrdə belə şərait yoxdur. Rusiya, Polşa və Qazaxıstanın hakimləri də Türkiyədə toplanışdadırlar. Moldova, Gürcüstan kimi ölkələrin hakimləri isə vətənlərində hazırlaşmağa məcburdurlar».