Hadsonun borcu
Prezident seçkisi, nəhayət ki, rəsmi şəkildə başladı. Özü də başladı, nə başladı. Birinci televiziya çıxışlarından sonra xeyli məyus oldum və «Zerkalo»ya yazı yazdım ki, belə getsə, vəziyyət lap pis ola bilər. Bilsəydim ki, dediklərim düz çıxacaq, vallah, yazmazdım. Dünənki, yəni ikinci çıxışları görəndən sonra isə bir xeyli özümə gələ bilmədim. Təbii ki, nələrin baş verdiyini mən də daxil olmaqla bir çox vətəndaşımız anlayır və hərə öz payını götürür. Nə götürür və hansı nəticəyə gəlir — tamam başqa məsələdir.
Ernest Heminqueyin ölümündən yeddi il sonra işıq üzü görmüş «Okeanda adalar» əsərinin qəhrəmanı Tomas Hadson ölüm ayağında insanın mahiyyəti və həyatı barədə düşünür və belə bir nəticəyə gəlir ki, insanın həyatı onun gördüyü işlərin yanında heç nədir. Yəni bir iş görməmisənsə, yaşamamısan. Bəs insan həyatı boyu bir faydalı iş görməyibsə, onda nə olsun? Heminqueyin qəhrəmanının bu problemi yoxdu deyə, dünyaya rahatca vida etmişdi, çünki Hadson üçün həyatın mənası zəhmət və borcdadır, məsuliyyət hissindədir. Amma bütün bunlara baxmayaraq, amansız tale onun oğlanlarını əlindən alır — hər üçünü. Və həyatının yetkin çağında seçim qarşısında qalır: «Oğlunu itirdin. Məhəbbətini itirdin. Şöhrətdən nə zamandır ki, özün imtina etmisən. Bircə şey qalır — borcunu yerinə yetirmək». Və o, borcunu yerinə yetirir. Hərənin özünə görə bir borcu, məsuliyyəti var və heç kəs digərinin borcunun nədən ibarət olduğunu bilə bilməz, çünki insan hər şeydən əvvəl özü qarşısında, öz daxili məni qarşısında məsuliyyət daşıyır və kimi də aldatsa, özünü aldada bilməz. Namizədlikləri qeydə aldırtdırılanlarsa o qədər rola giriblər ki, deyəsən, bunu bacarıblar — özlərini tam aldatmaq həddindədirlər. Sadəcə, bir şeyi nəzərdən qaçırırlar, ətrafdakıları aldada bilmirlər. Amma problem heç də bunda deyil. Problem insanın inamını qırmaqdadır, onu seçmək istəyindən iyrəndirmək və böyük bir toplumun üzvü kimi düşünmək məsuliyyətindən məhrum edərək yalnız dar korporativ, məhəlli maraqların daşıyıcısına çevirməkdədir.
Deyirlər ki, siyasət çox çirkin bir şeydir. Ola bilər, amma…
Neçə il əvvəl bir qrup həm azərbaycanlı, həm də xarici həmkarımla Türkiyə siyasətinin patriarxlarından olan Süleyman Dəmirəllə görüşdə idim. İstefada olmasına baxmayaraq, ona hörmət və izzət vəzifədə olduğu dövrlərindən heç də az deyildi. Diqqətimi çəkən ən əsas məqamlardan biri də elə bu oldu. Sonradan eyni davranışı mərhum Rauf Denktaşı ziyarət etdiyimizdə də gördüm. Bizdə isə belə bir şeyin ta sovet dövründən bəri şahidi olmamışam. Vəzifədən kim gedibsə, vaxtilə onun qabağında ləbbe deyib üçqat bükülənlər sonralar onlara heç salam da vermək istəməyiblər. Bəlkə elə buna görədir ki, bizdə vəzifəyə gələn adam bir daha o kürsüdən əl çəkmək istəmir. O ki qaldı Dəmirəllə Denktaşa, düşünmürəm ki, onlar siyasətin çirkin iş olduğunu bilə-bilə bütün həyatlarını ona sərf edə biləydilər. Bəlkə də yanılıram, amma bir şeyə tam əminəm — onlar peşəkar siyasətçidilər və işlərinə ilk növbədə özləri qarşısında duran bir borc, məsuliyyət kimi yanaşıblar. Süleyman Dəmirəlsə «siyasətdən getdinizmi» sualına heç zaman unutmayacağım bir cavabı vermişdi: «Siyasətin bir qapısı var — girilər, çıxılmaz». İndi düşünürəm ki, Azərbaycanda həmin qapıdan içəri girmək istəyənlər çox, həm də lap çoxdur. Amma onların kim olduğunu görəndə Süleyman Dəmirəlin cavabı yadıma düşür və dəhşətə gəlirəm, çünki bir qapısı olan siyasətə hər yerindən duran girsə, işimiz yaman olacaq.
Yenə də illər öncə Bundestaqa seçkilər zamanı Almaniyada olduğumda ictimai televiziya kanalı ZDF-nin müxbirlərinin küçələrdə vətəndaşlara bir sualla müraciət etdikləri verilişə baxmışdım: «Siz Bundeskanzler olsanız, nə kimi işlər görərdiniz?» Sizcə, cavablar nə olsa, yaxşıdı? «Bu, mümkün deyil, çünki mən siyasətçi yox, həkiməm, çünki mən mühəndisəm, çünki mən memaram, müəlliməm və sair». Amma başqa cavab da vardı — piştaxta arxasında duranlardan gələn cavab. Onlar özlərini Bundeskanzler, yəni baş nazir kürsüsündə görürdülər…
Azərbaycan olduqca qəribə və orijinal bir məmləkətdir. Deyəsən, yalnız bizdə peşəsində uğur qazana bilməyənlər ya jurnalist, ya da siyasətçi olmaq eşqinə düşürlər. Bəziləri hətta bu peşələrin ikisinə də birdən yiyələnirlər. İntəhası bilmirəm onlara nə ad verim — jurnalist-siyasətçi, yoxsa siyasətçi-jurnalist? Şair Qabil demişkən: «Müsibət oluruq biz, səhv düşəndə yerimiz».
Bütün bunlarla yanaşı inanmaq istəyirəm ki, biz nə vaxtsa bir gənc alimin iyirmi qoca siyasətçidən üstün tutulacağı bir ölkədə yaşacağıq. Buna haqqımız var, sadəcə olaraq, özümüz-özümüzü aldatmamalı və təbəə deyil, vətəndaş olduğumuzu anlamalıyıq.
[email protected]