Muəllif:

Hacı Qara

9-cu sinifdə oxuyurdum. Ədəbiyyat müəllimimiz o zaman Bakıda hamının tanıdığı qocaman bir pedaqoqdu — Sosialist Əməyi Qəhrəmanı Zərbəli Səmədov. Allah o kişiyə rəhmət eləsin! Hətta dayıma da dərs demişdi. Rəhmətlik «yazı işini heç mən də yüz faizlik «5»ə bilmirəm» deyibən inşadan heç kimə «5/5» verməzdi. Məzmuna «5» versə də, qrammatikaya ən yaxşı halda «4» verərdi. Bir sözlə, 9-cu sinfədək ədəbiyyatdan heç vaxt «5»dən aşağı qiymət tanımayan şagirdlər, o cümlədən də mən, «5/4» almaq üçün xeyli çalışmalı olurduq. Mənə bircə «vergül»ün üstündə yazı işimə görə ilk dəfə «2/2» verən də, buna görə ilk dəfə sinifdən qovan da o olmuşdu. Amma sözümün canı bu deyil. Əsas məsələ odur ki, Mirzə Fətəlinin «Hacı Qara»sından cavab verib əməlli qiymət almaq üçün o zaman bütün dünya ədəbiyyatındakı «xəsis» obrazlarının müqayisəli təhlilini verməli olmuşdum. Təsəvvür edirsiniz, həmən o işi hal-hazırda dissertasiya kimi işləsəm, müasir terminologiya ilə filologiya üzrə fəlsəfə doktoru da ola bilərəm. Bir sözlə, mövzuya cavab vermək üçün antik ədəbiyyatdan Plavtın «Xəzinə»sindən tutmuş, Molyerin «Xəsis»i, Balzakın «Qobsek» və «Yevgeniya Qrande»sinədək oxumalı oldum. Təbii, məni istiqamətləndirən vardı — atam. Amma Zərbəli müəllim düz 40 dəqiqə çəkən cavabımdan razı qalsa da, yenə də «5» vermədi, dedi ki, hələ çalışmalısan. Nə isə, hələ də çalışıram…
Əcnəbi xəsis obrazlarıyla tanış olduqca və onları milli xəsisimizlə müqayisə etdikcə görürdüm ki, aralarında bir elə fərq yoxdur. Hamısı eyni dərəcədə zəngin, eyni dərəcədə dar düşüncəli, eyni dərəcədə bu varidatın üstündə əsim-əsim əsən, bu varidatı nə özlərinə, nə də ailələri və yaxınlarına xərcləmək qabiliyyətində olan, hamının gününü bu varidata görə qara edən miskin məxluqlardır. Öldükləri-itdikləri xəzinələrinin üstündə kürd toyuq kimi oturub varidatı artırmaqdı. Yaxınları isə az qala acından ölürdü. Nəticədə, heç biri yığdığını özüylə o dünyaya aparmadı — Qobsek tək-tənha öldü, Yevgeniya atasını heç ağlamadı, Hacı Qara qabağa düşmək istəsə də, sonunda canını damlanmaqdan bir təhər qurtardı…
Yaxşı ki, Tarif Şurası bu həftə heç kim xəbər tutmasın deyə, gecəyarı oğrun-oğrun yanacağın qiymətini qaldırdı, yoxsa nə Plavt yadıma düşəcəkdi, nə Molyer, nə Balzak, nə də Mirzə Fətəli. Allah Zərbəli müəllimə rəhmət eləsin, məni oxumağa məcbur etməsəydi, heç bilmirəm yadıma kimlər və nələr düşəcəkdi…
Amma bir şeyi dəqiq bilirəm — artıq tamah baş yarar.
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 714